“Gün ərzində müraciət edən ailələrin heç biri bir-birinə bənzəmir. Son ucu nifrətə, boşanmaya söykənsə də, səbəblər müxtəlifdir. Qarşımda ucaboy, başıbağlı iki azyaşlı övladı ilə ağlayaraq dərdini danışan gənc xanım əyləşib. Yoldaşı tərəfindən zülmlərə məruz qalıb. Ən dəhşətlisi isə kişinin seksual manyak olmasıdır. Evə gəlməmişdən öncə mesaj yazır ki, mən gələndə telefonda kişilərlə mesajlaşarsan, bu sözləri yazarsan, mən onda dincəlirəm (etik olmayan ifadələr olduğundan yazılanları qeyd etmirik). Qadın bunları utana-utana danışır, mesajları mənə göstərir. Dəhşətə gəlirəm. Qadın yazır ki, evə soğan-kartof al. O, isə əvəzində iyrənc mesajlar yazır. Sonra da bildirir ki, əməl etməsə, onu çölə atacaq.”
Bu sözləri “Qadın təşəbbüsü və sosial problemlərin həllinə yardım” İctimai Birliyinin sədri Zenfira Mustafayeva deyib. Z.Mustafayeva bu kimi hallarla tez-tez rastlaşıqlarını qeyd edib. Təşkilat sədri bildirib ki, belə vəziyyət ailələrdə boşanmalara gətirib çıxarır: “Çox vaxt qadınların söylədiklərini onların fantaziyası hesab edirik. Lakin bunları gözlərimlə gördüyümdən, xanımın halına acımaya bilməzdim. Bu ailədə, övladlarının gözü qarşısında nalayiq hərəkətlər edən atanın övladlarının gələcəyi necə olacaq?!”
Birlik sədri onu da qeyd edib ki, xanımın həyat yoldaşı ilə profilaktik söhbətlər aparılıb: “O, bütün baş verənlərdə içkini günahlandırdı. İşlə təmin edilməsində köməklik etdik. Artıq içki içmir. Xanımı tikiş sexinə işə düzəltdik. Vaxtaşırı psixoloji yardımlar edirik”.
Birlik sədri vurğulayıb ki, sığınacaqda qalan qadınların çox hissəsini Sumqayıtdan olanlar təşkil edir: “Problemlərin kökünü tapmaq və həlli istiqamətində iş görmək üçün müvafiq icra strukturları ilə birgə fəaliyyət göstərməliyik.”