Sumqayıtda intensiv yağıntıların fəsadları aradan qaldırılır – FOTOLAR

250

Son günlər müşahidə olunan güclü və fasiləsiz yağıntılar nəticəsində Sumqayıt şəhərinin bir sıra ərazilərində çətinliklər yaranıb. Mövcud vəziyyətin operativ şəkildə aradan qaldırılması məqsədilə aidiyyəti qurumlar tərəfindən işlər gücləndirilmiş rejimdə davam etdirilir.

Hazırda şəhərin müxtəlif hissələrində su basmış ərazilərin təmizlənməsi, yağış sularının kənarlaşdırılması, kanalizasiya xətlərinin açılması və digər zəruri tədbirlər həyata keçirilir. İşlər 24 saat fasiləsiz olaraq briqadalar tərəfindən icra olunur.

İntensiv yağıntıların normadan dəfələrlə artıq olması nəticəsində mərkəzləşdirilmiş kanalizasiya xətlərində, xüsusilə bəzi kollektorlarda qəzalar qeydə alınıb. Qəzaların aradan qaldırılması istiqamətində Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi-nin yerli qurumları gücləndirilmiş iş rejimində fəaliyyət göstərir. Hazırda şəhərin 10-cu mikrorayon ərazisində, Koroğlu prospektində və digər problemli sahələrdə bərpa işləri davam etdirilir.

Qeyd edək ki, şəhərdə mövcud kanalizasiya xətlərinin əksəriyyəti 60 ildən artıq müddət əvvəl inşa olunub və artıq istismar müddətini başa vurub. Bu səbəbdən intensiv yağıntılar zamanı bəzi ərazilərdə oxşar çətinliklərin yaranması qaçılmaz olur.

Məlumat üçün bildirək ki, problemin köklü həlli məqsədilə İlham Əliyev tərəfindən Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı, tullantı və yağış suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026–2035-ci illəri əhatə edən Dövlət Proqramı təsdiq olunub. Proqram çərçivəsində Bakı, Sumqayıt və Abşeron ərazilərində su və kanalizasiya infrastrukturunun yenilənməsi nəzərdə tutulur.

Dövlət proqramına uyğun olaraq, yaxın illərdə Sumqayıt şəhərində də içməli su və kanalizasiya şəbəkəsinin genişləndirilməsi və yenilənməsi planlaşdırılır. Layihə çərçivəsində yeni su və kanalizasiya xətlərinin çəkilməsi, mövcud sistemlərin isə mərhələli şəkildə modernləşdirilməsi istiqamətində işlər həyata keçirilir.

 

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər