Sumqayıtda istifadəyə verilən yeni müəssisələrə mediatur təşkil edilib-FOTO

847

Prezident İlham Əliyevin ötən gün Sumqayıt Kimya Sənaye Parkında açılışını etdiyi müəssisələrə mediatur təşkil edilib.

“Report”un məlumatına görə, həmin müəssisələrdən birinin sahibi – “Azərsulfat” MMC-nin Baş direktoru Emil Quliyev bildirib ki, ötən il yanvarın 18-də dövlət başçısının iştirakı ilə təməli qoyulmuş sulfat turşusu istehsalı müəssisəsi 1,5 hektar ərazisə inşa edilib:

“Müəssisədə mineral gübrələrin (superfosfat, amonium-sulfat) istehsalında, kimya sənayesi və metallurgiyada, neft sənayesində təmizləyici maddə kimi istifadə olunan sulfat turşusu istehsal ediləcək. İllik istehsal gücü 20 min tondur. Onun 10 min tonunu daxili bazar, 10 min tonunu isə ixrac üçün planlaşdırılır. Artıq Gürcüstandan “Rustavi azot” müəssisəsi ilə müqavilə bağlanılıb. Qazaxıstandan və Rusiyadan da sulfat turşusu üçün müraciətlər daxil olur. Daxili bazarda da tələbat artmaqdadır. Ümumi investisiya dəyəri 10 milyon manatdan çox olan müəssisənin məhsulları ilkin mərhələdə daxili tələbatın ödənilməsinə yönəldiləcək, növbəti mərhələlərdə isə Gürcüstana və Rusiyaya ixrac olunacaq”.

Müəssisənin baş texnoloqu Namazov Rəşad qeyd edib ki, burada 34 nəfər işçi çalışacaq: “Müəssisənin kükürd əritmə bölməsi, kükürdün filterlə tənzimlənməsi, maye kükürdün saxlanılması çəni, kükürd sobası, konvensiya bölməsi, elektrik qızdırıcıları var. İstehsala yaxın günlərdə başlanılacaq. Ölkə daxilində 10 min ton məhsula təlabat var, bu təlabatı tam yerinə yetirə biləcəyik. Kükürd bunkerlərə verilir və saatda 800 kq olmaqla elavator vasitəsilə kükürd əritmə çəninə göndərilir, əritmə isə buxar qazanında həyata keçirilir. Həmin əridilmiş kükürd filterdə təmizlənir və maye kükürd halına salınır, 270 kubmetrlik maye kükürd saxlanılması üçün çəni göndərilir. Növbəti mərhələdə isə maye kükürdün yeraltı çəndən kükürd sobasına göndərilməsi və sobada yandırılması prosesi baş verir”.

Media nümayəndələrinə əvvəlcə ölkədə fəaliyyət göstərən sənaye zonaları, eləcə də Sumqayıt Kimya Sənaye Parkında görülmüş işlər barədə məlumat verilib. Bildirilib ki, sənaye zonaları üzrə indiyədək 108 sahibkarlıq subyektinə rezidentlik statusu verilib və bunlardan artıq 60-ı fəaliyyətə başlayıb. Sahibkarlar tərəfindən sənaye zonalarına 6,4 milyard manatdan çox investisiya yatırılıb və 10 100-dən artıq daimi iş yeri yaradılıb. Mövcud layihələr üzrə növbəti mərhələdə sənaye zonalarına əlavə 450 milyon manatdan çox investisiyanın yatırılması və 4 500-dən artıq yeni iş yerinin yaradılması nəzərdə tutulur.

Sənaye zonalarında indiyədək ümumilikdə 7,17 milyard manatdan çox məhsul istehsal edilib ki, bunun da 2,3 milyard manatlıq hissəsi (təqribən 32,7 %-i) ixrac olunub.

Cənubi Qafqazın ən böyük sənaye parkı olan Sumqayıt Kimya Sənaye Parkında ümumi investisiyalarının həcmi təqribən 3,27 milyard ABŞ dollarından artıq olan 31 sahibkarlıq subyektinə rezidentlik statusu verilib. İndiyədək Sənaye Parkına rezidentlər tərəfindən 3,1 milyard ABŞ dollarına yaxın investisiya yatırılıb. Qeydiyyata alınmış 31 rezidentdən 19-u artıq fəaliyyət göstərir. Sumqayıt Kimya Sənaye Parkında məhsul istehsalı və ixracı istiqamətində müsbət dinamika müşahidə olunur. Belə ki, 2021-ci ilin I yarısında Sənaye Parkında 794 milyon manatlıq məhsul istehsal edilmişdisə, 2022-ci ilin analoji dövründə bu göstərici 52,14 % çox – 1,2 milyard manat olub. İstehsal olunan məhsulların ixrac rəqəminə nəzər salsaq, 2021-ci ilin I yarısı (267,5 milyon manat) ilə müqayisədə bu rəqəm 1,9 dəfə artaraq 2022-ci ilin I yarısında 508 milyon manat təşkil edib.

Bundan başqa, media nümayəndələrinə iyulun 20-də Azərbaycan Prezidenti  İlham Əliyevin iştirakı ilə təməli qoyulmuş müəssisələr barədə məlumat verilib. Qeyd edilib ki, “Az-Tex-Import” MMC tərəfindən Sənaye Parkının 4 hektar ərazisində İtaliyanın qabaqcıl texnologiyalarının tətbiqi ilə “IVECO” markalı yüngül, orta və ağır tonnajlı yük və xüsusi təyinatlı avtomobillərin istehsalı layihəsi həyata keçiriləcək. İnvestisiya dəyəri 19,2 milyon manat olan layihə çərçivəsində 90 nəfər daimi işlə təmin ediləcək. Zavod ildə 100 ədəd avtomobil istehsal etmək gücündə olacaq.

100 % Çin kapitallı “Azərbaycan Vanhong Ceramics Co” MMC tərəfindən Sənaye Parkının 22,8 hektar ərazisində keramik plitələrin istehsalı layihəsini həyata keçirilərək zavod inşa ediləcək. Zavodda Çinin qabaqcıl texnologiyalarının tətbiqi ilə yüksək keyfiyyətli, müxtəlif ölçülərdə keramik plitələr (kafel, metlax) istehsal ediləcək. İnvestisiya dəyəri 68 milyon manat, illik istehsal gücü 18,5 milyon m2 keramik plitə istehsalı təşkil edəcək müəssisədə 400 nəfər daimi işlə təmin olunacaq.

Sumqayıt Kimya Sənaye Parkının digər rezidenti “4MAPS Bilgi Teknolojileri” MMC Sənaye Parkının 1,5 ha ərazisində “Tədqiqat-inkişaf mərkəzinin təşkili, kartoqrafiya və naviqasiya xidmətlərinin təşkili” layihəsini həyata keçirəcək. İnvestisiya dəyəri 10 milyon manat olan müəssisədə 750 daimi iş yerinin yaradılması nəzərdə tutulur.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər