Sumqayıtda məhkəmə qərarlarının icrasına dair maarifləndirici “dəyirmi masa” keçirilib
Sumqayıt Dövlət Dram Teatrında “Məhkəmə qərarlarının icra olunmaması nəticəsində yaranan məsuliyyət tədbirləri” mövzusunda maarifləndirici dəyirmi masa keçirilib. Əvvəlcə Vətən uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, ardınca Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Sumqayıt Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə baş tutan tədbirdə hüquq-mühafizə orqanlarının nümayəndələri, məhkəmə və icra strukturlarının əməkdaşları, təhsil müəssisələrinin təmsilçiləri, ictimai təşkilatların rəhbərləri, media nümayəndələri və şəhər ictimaiyyətinin üzvləri iştirak edib.
Tədbiri açılış nitqi ilə Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Teymur Səmədov açaraq mövzunun aktuallığından bəhs edib. O qeyd edib ki, məhkəmə qərarlarının icrası hüquqi dövlət quruculuğunun ayrılmaz tərkib hissəsidir və bu sahədə maarifləndirmə işlərinin aparılması cəmiyyət üçün mühüm əhəmiyyət daşıyır.
Teymur Səmədov vurğulayıb ki, Azərbaycan Respublikasında məhkəmə hakimiyyətinin müstəqilliyi və məhkəmə qərarlarının icrasının təmin olunması Konstitusiya ilə təsbit edilib.
Bu cür maarifləndirici tədbirlərin keçirilməsi vətəndaşların hüquqi biliklərinin artırılmasına, qanuna hörmət hissinin gücləndirilməsinə və hüquqi münasibətlərdə şəffaflığın təmin olunmasına xidmət edir.
Daha sonra məruzə nitqi ilə Sumqayıt şəhər İcra Hakimiyyətinin Hüquq şöbəsinin müdiri Layiqə Hidayətova çıxış edib. O, mövzu ilə bağlı geniş və əhatəli məruzə ilə çıxış edərək məhkəmə qərarlarının icra mexanizmləri, icra olunmaması nəticəsində yaranan hüquqi məsuliyyət tədbirləri və mövcud qanunvericilik normaları barədə ətraflı məlumat verib.
Layiqə Hidayətova qeyd edib ki, Azərbaycan Respublikası Konstitusiyasına əsasən, məhkəmə qərarları dövlət adından çıxarılır və onların icrası məcburidir. Əsas məqsəd məhkəmə qərarlarının vaxtında və qanuna uyğun icrasını təmin etməkdir. O əlavə edib ki, hüquqi maarifləndirmə bu sahədə problemlərin qarşısının alınmasında mühüm rol oynayır.
Tədbirdə Sumqayıt Şəhər Bələdiyyəsinin sədri Adil Xudadatov da geniş çıxış edib. O bildirib ki, yerli özünüidarəetmə orqanları da məhkəmə qərarlarının icrası və hüquqi maarifləndirmə prosesində mühüm rol oynayır. Adil Xudadatov qeyd edib ki, bələdiyyələr vətəndaşlarla birbaşa təmasda olan qurumlar olaraq hüquqi məlumatların çatdırılmasında körpü rolunu oynayır. Onun sözlərinə görə, bələdiyyələrin maarifləndirici tədbirlərdə fəal iştirakı və hüquqi dövlət prinsiplərinin təbliği cəmiyyətin hüquq mədəniyyətinin formalaşmasına müsbət təsir göstərir.
Tədbirdə həmçinin Sumqayıt Regional Ədliyyə İdarəsinin rəisi Hüseyn Məmmədov, Sumqayıt şəhər Məhkəməsinin hakimi Samir İsmayılov, Regional vəkil bürosunun müdiri Anar Qasımlı, Ədliyyə Nazirliyinin İstintaq İdarəsinin müstəntiqi Samir Əliyev, Sumqayıt şəhər 1 saylı Mediasiya təşkilatının sədri Etibar Həsənov, İcra İdarəsinin rəis müavini Bayram Bayramzadə və digər çıxış edənlər mövzu ilə bağlı fikirlərini bölüşüblər.
Qeyd olunub ki,məhkəmə qərarlarının qərəzli şəkildə icra edilməməsi inzibati və cinayət məsuliyyətinə səbəb ola bilər.
Çıxışlarda icra sənədləri üzrə borcun ödənilməsi zamanı tətbiq edilən qanuni mexanizmlər, könüllü icra müddətləri, eləcə də borclunun gəlirlərindən tutulmalarla bağlı qanunvericilikdə nəzərdə tutulmuş limitlər – xüsusilə gəlirlərin maksimum 70 faizinə qədər tutulma qaydaları diqqətə çatdırılıb. Sonda mövzu ətrafında geniş müzakirələr aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb və tədbir yekun sözü ilə başa çatıb.
6




Müzakirə qapadılmışdır.