1 saylı Sumqayıt regional “ASAN xidmət” mərkəzinin və Gənclərin İnkişaf və Karyera Mərkəzinin birgə təşkilatçılığı ilə “Məişət və Gender Əsaslı Zorakılıqla Mübarizə” mövzusunda maarifləndirici tədbir baş tutub. Tədbirin əsas məqsədi gənclər arasında maarifləndirmə işlərini gücləndirmək, zorakılıq halları ilə mübarizədə cəmiyyətin aktiv iştirakını təşviq etmək olub.
Tədbirdə Sumqayıt Şəhər İcra Hakimiyyətinin nümayəndələri çıxış edərək, məişət zorakılığına qarşı dövlət səviyyəsində həyata keçirilən tədbirlər və yerli idarəetmə orqanlarının bu istiqamətdə gördüyü işlər haqqında məlumat veriblər. Bildirilib ki, zorakılığın qarşısının alınması yalnız hüquqi mexanizmlərlə deyil, həm də cəmiyyətin maariflənməsi yolu ilə mümkündür.
Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları da çıxış edərək, hüquq-mühafizə orqanlarının məişət zorakılığı ilə bağlı müraciətlərə operativ reaksiyası, zəruri müdafiə tədbirləri və qabaqlayıcı işlər barədə danışıb, iştirakçılara praktiki tövsiyələr veriblər.
Eyni zamanda, Sumqayıt şəhər Narkoloji dispanserinin baş həkimi zorakılıq hallarının psixoloji və tibbi aspektlərini açıqlayıb, bu cür halların narkoloji və psixoloji müalicə ilə əlaqəli yönlərini vurğulayıb.
Vəkillər Kollegiyasının üzvü isə məişət zorakılığına məruz qalan şəxslərin hüquqi müdafiəsi ilə bağlı prosedurlar, mövcud qanunvericilik və hüquqi yardımlar barədə ətraflı məlumat verib.
Tədbirin sonunda könüllülərin ünvanladığı suallar cavablandırılıb, gənclərə bu mövzuda maarifləndirici broşürlər paylanıb və onlara hüquqi yardım alma yolları barədə məlumat verilib.
Maarifləndirici tədbir iştirakçılar tərəfindən maraqla qarşılanıb və bu cür təşəbbüslərin davam etdirilməsinin vacibliyi qeyd olunub.
Müzakirə qapadılmışdır.