17 aprel 2025-ci il tarixdə Sumqayıt şəhərində “Məişət zorakılığına məruz qalmış ailələr və münaqişəli ailələrdə əziyyət çəkən uşaqlara dəstək” mövzusunda tədbir keçirilib.
Tədbir Sumqayıt Şəhər Icra Hakimiyyəti və Mediasiya Şurası Sumqayıt 1 saylı Mediasiya Təşkilatının birgə təşkilatçılığı ilə baş tutub.
Tədbirin açılışında çıxış edən Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının müavini, məişət zorakılığına qarşı mübarizə üzrə monitorinq və əlaqələndirmə qrupunun rəhbəri Ülviyyə Müzəffərova ölkəmizdə ailə dəyərlərinin qorunması, məişət zorakılığı hallarının qarşısının alınması və bu sahədə dövlət tərəfindən görülən tədbirlər barədə geniş məlumat verib. O, qeyd edib ki, belə tədbirlərin keçirilməsi cəmiyyətdə bu kimi hallara qarşı ictimai qınağın gücləndirilməsi və zərərçəkmişlərin müdafiəsinin təmin olunması baxımından mühüm əhəmiyyət daşıyır.
Daha sonra çıxış edən Sumqayıt 1 saylı Mediasiya Təşkilatının rəhbəri Etibar Hasanov mediasiya proseslərinin ailədaxili münaqişələrin dinc və hüquqi yolla həllindəki rolunu vurğulayıb. O, münaqişəli ailələrdə uşaqların psixoloji sağlamlığının qorunmasının vacibliyinə toxunaraq, bu istiqamətdə həyata keçirilən layihələr barədə tədbir iştirakçılarını məlumatlandırıb.
Mediator Xanlar Sətullayev və Elçin Hüseynov çıxış edərək, mediasiya xidməti göstərilərkən rast gəlinən məişət zorakılığı halları, onların ehtimal olunan səbəbləri və aradan qaldırılması üçün effektiv vasitələri tədbir iştirakçılarının diqqətinə çatdırmışlar.
Sumqayıt Şəhər Polis İdarəsinin yetkinlik yaşına çatmayanlarla profilaktik iş üzrə bölməsinin rəisi, Azər Bağırov isə çıxışında uşaqlara qarşı zorakılıq halları, onların aşkarlanması və qarşısının alınması istiqamətində hüquq-mühafizə orqanlarının gördüyü tədbirlərdən danışıb.
Sumqayıt Tibb Mərkəzinin direktor müavini İlkin Namazov valideyn məsuliyyəti və ictimai nəzarətin gücləndirilməsinin vacibliyini vurğulayıb.
Tədbirdə iştirak edən digər çıxışçılar da mövzu ilə bağlı fikirlərini bildirərək, ailədaxili zorakılığın uşaqlara təsiri, bu cür halların qarşısının alınması yolları, psixoloji və hüquqi dəstək mexanizmləri barədə ətraflı məlumat veriblər.
Qeyd edək ki, tədbirin əsas məqsədi ailələrdə zorakılıq hallarının azaldılması, uşaqların hüquqlarının müdafiəsi və cəmiyyətin bu məsələyə dair maarifləndirilməsidir. Tədbirin sonunda iştirakçılar arasında fikir mübadiləsi aparılıb və gələcəkdə bu istiqamətdə görüləcək işlər barədə danışılıb.
ğ
Sumqayıtda məişət zorakılığına məruz qalmış ailələrlə dəstək mövzusunda tədbir keçirilib
•
241
Müzakirə qapadılmışdır.