Sumqayıt Bələdiyyəsində “Məişət zorakılığına qarşı mübarizə” mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbirdə açılış nitqi ilə çıxış edən Bələdiyyə sədrinin vəzifələrini icra edən Orxan Adıgözəlzadə bildirib ki, tədbirin məqsədi ölkəmizdə məişət zorakılığına qarşı mübarizə, zorakılığın səbəb olduğu mənfi hüquqi və sosial nəticələrin qarşısının alınması, məişət zorakılığından zərər çəkmiş şəxslərin sosial müdafiəsi, habelə məişət zorakılığına səbəb olan halların aradan qaldırılması istiqamətində cəmiyyəti maarifləndirməkdir.
Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının müavini, icra hakimiyyəti yanında gender zorakılığı və uşaqlara qarşı zorakılıq hallarının qarşısının alınması məqsədi ilə yaradılan monitorinq qrupunun sədri Ülviyyə Müzəffərova qeyd edib ki, statistika və sorğular onu göstərir ki, dünyanın bir çox ölkələrində zorakılıq və xüsusən də gender əsaslı zorakılıqlar hələ də davam etməkdədir. Məişət zorakılığın qarşısının alınması insanların təhlükəsizliyin təmin olunmasında böyük əhəmiyyət kəsb edir. Məişət zorakılığın və ya ailədə zorakılıq hallarının yalnız bir ailənin deyil, cəmiyyətin təhlükəsizliyinin əsasları üçün təhdid olmasından, total xarakter daşımasından, məişət zorakılığına qarşı mübarizənin bütün cəmiyyəti əhatə etməsindən və bu sahədə həssas yanaşmasından bəhs edilib. Ülviyyə Müzəffərova onu da bildirdi ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Bələdiyyələrlə İş Mərkəzi və Sumqayıt şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə məişət zorakılığı ilə mübarizə çərçivəsində risk qrupuna daxil olan ailələrin aşkar edilməsi, onlarla profilaktik iş aparılması və zorakılıq qurbanlarına zəruri psixoloji və hüquqi dəstəyin göstərilməsi məqsədilə Sumqayıt bələdiyyəsinin nəzdində Gender məsələləri və məişət zorakılığı ilə mübarizəyə dair Komissiyalar fəaliyyətə başlayıb. Diqqətə çatdırılıb ki, Sumqayıt şəhərində yerləşən bələdiyyələrin inzibati binalarında xüsusi qutular yerləşdirilib. Məişət zorakılığına məruz qalan, həmçinin bənzər hallara şahid olan, lakin aidiyyəti qurumlara vaxtında müraciət etməkdən çəkinən vətəndaşlar yaşadıqları ərazi üzrə bələdiyyənin inzibati binasına yaxınlaşaraq öz şikayətlərini məktub şəklində həmin qutuya daxil edirlər. Daxil olan müraciətlərin araşdırılması və müvafiq tədbirlərin görülməsində bələdiyyələrin nəzdində yaradılmış komissiyalar icra hakimiyyəti yanında gender zorakılığı və uşaqlara qarşı zorakılıq hallarının qarşısının alınması məqsədi ilə yaradılan monitorinq qrupu, həmçinin hüquq-mühafizə orqanları ilə birgə iş aparır. Tədbir görüş iştirakçılarının sual – cavabları ilə yekunlaşıb.
Müzakirə qapadılmışdır.