Azərbaycan tarixinin qanlı səhifələrindən olan Xocalı faciəsinin 24-cü ildönümündə Sumqayıt şəhərində məskunlaşmış Xocalıdan olan 25 məcburi köçkün ailəsinin nümayəndələri ilə şəhər rəhbərliyinin görüşü keçirilib.
Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Faiq Kərimov görüşdə Xocalı soyqırımının tarixi haqqında danışıb. Bildirib ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə ermənilər keçmiş sovet ordusunun 366-cı alayının köməyi ilə Xocalının dinc əhalisinə qarşı qanlı qırğın törədiblər. Nəticədə qadınlar, körpə uşaqlar, qocalar daxil olmaq 613 dinc sakin amansızcasına qətlə yetirilib, yüzlərlə insan girov götürülüb. F. Kərimov ermənilərin Xocalıda törətdikləri qətliamın, şəhərin yerlə-yeksan edilməsinin indiyədək dünya tarixində törədilmiş ən böyük cinayətlərdən biri olduğunu söyləyib.
O, Xocalı soyqırımı ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın və Fondun vitse-prezidenti, “Xocalıya ədalət” kampaniyasının təşəbbüsçüsü Leyla Əliyevanın xidmətlərindən də söz açıb.
Görüşdə çıxış edən Xocalı sakinləri həmin gecənin dəhşətlərindən danışıblar. Sakinlər Xocalıda qanlı qırğın törətmiş cinayətkarların məsuliyyət daşıdıqlarını bildirib, onların cəzalandırılmasının vacibliyini vurğulayıblar.
Çıxış edənlər qaçqınların və məcburi köçkünlərin problemlərinin həllinə göstərdiyi diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.
Tədbirin sonunda şəhərdə məskunlaşmış Xocalı sakinlərinə maddi yardım göstərilib.
Müzakirə qapadılmışdır.