22 iyul – Milli Mətbuat Günü ilə əlaqədar Poeziya evində Azərbaycan Yazıçılar Birliyi Sumqayıt bölməsinin təşkilatçılığı ilə bir qrup jurnalistlə görüş keçirilib. Tədbirdə əvvəlcə respublikamızın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canını fəda vermiş Vətən övladlarının və xidməti vəzifəsini yerinə yetirərkən şəhid olmuş jurnalistlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
AYB Sumqayıt bölməsinin rəhbəri Gülnarə Cəmaləddin Milli Mətbuat Günü münasibətilə media nümayəndələrini təbrik edib, onlara yaradıcılıq uğurları arzulayıb. O, fəaliyyətimizin xalqımıza operativ və dolğun şəkildə çatdırılmasında mətbuatın rolunun çox böyük olduğunu bildirib. Gülnarə xanım faydalı əməkdaşlığın bundan sonra da uğurla davam edəcəyinə əminliyini ifadə edib.
Şəhər icra hakimiyyətinin Humanitar məsələlər üzrə şöbəsinin müdir müavini Fərman Kazımov 149 illiyini qeyd edən Azərbaycan mətbuatının keçdiyi şərəfli və keşməkeşli yoldan danışıb. O, milli mətbuatımızın ötən illər ərzində çox çətin şəraitdə fəaliyyət göstərməsinə rəğmən, bütün dövrlərdə qabaqcıl ideyaların carçısı olduğunu qeyd edib. Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra mətbuatın problemlərinin həlli istiqamətində vacib addımların atıldığını, bu kursun Prezident İlham Əliyevin rəhbərliyi ilə davam etdirildiyini bildirib. Vətən müharibəsində qazandığımız tarixi zəfərimizdə jurnalistlərimizin rolunu vurğulayaraq, Qarabağ həqiqətlərinin dünyaya çatdırılmasında misilsiz xidmətlərindən ətraflı bəhs edib. Daha sonra Sumqayıtda mətbuat sahəsindəki mövcud vəziyyətdən danışıb və mətbuat nümayəndələrini təbrik edib, onlara uğurlar arzulayıb.
Çıxış edənlər – Əməkdar jurnalist Eyruz Məmmədov, Azərtac-ın Sumqayıt şəhəri üzrə xüsusi müxbiri Ətrabə Rzayeva, “Sumqayıt” qəzetinin baş redaktoru Sübhan Quliyev, “Azad Azərbaycan” qəzetinin redaktoru Ağalar İdrisoğlu, İctimai Televiziyanın redaktoru Müqəddəs Şahbazov, xeberle.com saytının həmtəsisçisi və Sumqayıt Tibb Mərkəzinin Mətbuat Xidmətinin rəhbəri Ramil Zeynallı, “Sumqayıt” qəzetinin əməkdaşı İlhamə Məhəmmədqızı, “Sabaha İnamla” qəzetinin baş redaktoru Namiq Məmmədli və başqaları fəaliyyətləri ilə bağlı təəssüratlarını bölüşərək göstərilən diqqətə görə təşəkkür ediblər.
Digər qonaqlar – şəhər icra hakimiyyətinin mətbuat xidmətinin rəhbəri Eyvaz Qocayev, Sumqayıt Şəhər İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri Hümbət Quliyev, AYB-nin Ədəbiyyat Fondunun direktoru, edebiyyatveincesenet.az saytının rəhbəri Varis Yolçuyev, Sumqayıt Rəsm Qalereyasının direktoru Ellada Həsənova, yazıçı-ssenarist, kulturoloq Hafiz Ataxanlı, yazıçılar Almaz Ərgünəş Bəyazid və Mənsurə Xələfbəyli, rejissor-operator Etibar Bənnayev və başqaları çıxışlarında Azərbaycanın müstəqillik əldə etdikdən sonra mətbuat sahəsində əldə olunan uğurlardan, həmçinin ölkə və region mətbuatının hazırkı problem və çətinliklərindən danışıblar.
Tədbirdə iştirak edənlərə AYB Sumqayıt bölməsi tərəfindən fəxri fərmanlar və hədiyyələr təqdim edilib.
İlhamə Məhəmmədqızı
Müzakirə qapadılmışdır.