Sumqayıt şəhərində 2025-ci ildə mülki müdafiə sahəsində görülmüş işlərin yekunlarına və 2026-cı ildə qarşıda duran vəzifələrə həsr olunmuş geniş tərkibli müşavirə keçirilib.
Tədbirdə Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini, şəhər fövqəladə hallar komissiyasının sədri Teymur Səmədov çıxış edərək 2025-ci il ərzində şəhərdə mülki müdafiə istiqamətində həyata keçirilmiş tədbirlər barədə məlumat verib. O bildirib ki, ötən il ərzində fövqəladə hallar risklərinin azaldılması, əhalinin maarifləndirilməsi, həmçinin dövlət və özəl müəssisələrdə mülki müdafiə hazırlığının gücləndirilməsi üzrə mühüm işlər görülüb.
Teymur Səmədov şəhərdə təşkil olunmuş müxtəlif təlimlərdən, praktiki məşqlərdən və maarifləndirmə proqramlarından danışaraq, müəssisə və təşkilatların iştirakı ilə keçirilən tədbirlərin real vəziyyətlərə hazırlığın artırılmasına mühüm töhfə verdiyini qeyd edib.
Daha sonra Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzinin rəisi, polkovnik Vaqif Fətullayev çıxış edib. O, region üzrə mülki müdafiə sisteminin planlaşdırılması, idarə olunması və əhalinin maarifləndirilməsi sahəsində görülmüş işlər barədə məlumat verib. Polkovnik Fətullayev 2025-ci ildə həyata keçirilən profilaktik tədbirlər, müəssisələrdə mülki müdafiə planlarının yenilənməsi, fövqəladə hallara hazırlıq səviyyəsinin artırılması istiqamətində görülən işləri diqqətə çatdırıb.
Çıxış edənlər həmçinin 2026-cı il üçün qarşıda duran vəzifələri təqdim ediblər. Gələn il üzrə prioritetlər sırasında fövqəladə hallar risklərinin daha dəqiq qiymətləndirilməsi, maarifləndirmə proqramlarının genişləndirilməsi, uşaq və gənclər arasında təhlükəsizlik mədəniyyətinin gücləndirilməsi, həmçinin şəhər üzrə mülki müdafiə infrastrukturunun təkmilləşdirilməsi yer alıb.
Müşavirənin sonunda aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib və ilin fəaliyyət istiqamətləri üzrə koordinasiyalı işin vacibliyi vurğulanıb.



Müzakirə qapadılmışdır.