Yəqin əksəriyyət bu yaxınlarda Sumqayıtda 2 gənc arasında baş verən münaqişədən, birinin digərini amansızcasına qətlə yetirməsindən xəbərdardır.
Xəbəri olmayanları nəzərə alaraq xatırladaq ki, hadisə dekabrın 6-da axşam saatlarında Sumqayıtda baş verib. Sumqayıt sakini 18 yaşlı Məmmədsaleh Şükürov köhnə tanışı 17 yaşı Ruslan Quliyevlə 47-ci məhəllədəki hasara alınmış ərazidə aralarında baş verən münaqişəni aydınlaşdırmaq üçün görüşüblər. Bir birini başa düşməyən gənclər əlbəyaxa olublar. Mərhum Məmmədsaleh Şükürov idmançı olduğundan daha cəld tərpənərək Ruslanı üstələyib. Amma o sakit dayanmayıb. Bıçaq çıxararaq Məmmədsalehə zərbələr endirib. Mərhum 5 bıçaq zərbəsi alıb. Yaralı gənc dərhal Sumqayıt şəhər təcili tibbi yardım xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Xəstəxanadan verilən məlumata görə, Məmmədsaleh Şükürov çoxlu qan itirdiyindən dünyasını dəyişib. Qeyd edək ki, Məmmədsaleh Şükürov SDU-nun 1-ci kurs tələbəsi idi. Sumqayıt şəhər Polis İdarəsinin əməkdaşları dərhal qətldə şübhəli sayılan R.Quliyevi tutublar. R.Quliyev dindirilərkən deyib ki, hardasa bir ildən artıqdır aralarında problem yaşanırdı: “Aramızda bir ildən artıqdır mübahisə vardı. Sonuncu dəfə “bıçaq sümüyə dirəndi”. Birlikdə görüşdük, kənara çəkildik ki, dava edək, o, mənə söyüş söydü. Güləşçi olduğundan məni yıxdı, mən də altından çıxa bilmədim. Belə olanda bıçağı çıxarıb bir-iki onu vurdum. Gördüm durmur. Yenidən – üç və dördüncü zərbələri endirdim, gördüm ki, durdu, dizlərini atdı yerə… Onda geri çəkildim. Dərhal onu taksiyə qoyub xəstəxanaya apardılar.” Müstəntiqin “Biçağı üzərində niyə gəzdiridin”? sualına R.Quliyev cavab verib ki, həmişə üzərində bıçaq gəzdirir və ora gələndə niyyəti olmayıb ki, məhz bıçaqla onu vursun. “Bizim çoxdankı münaqişəmiz nəticəsində oldu və bunu aydınlaşdırmaq istəyirdik, Bəlkə də söyüş söyməsəydi, belə olmazdı… O məni altına alıb vururdu. Mən idə dura bilmirdim, məcbur olub bıçaqla vurdum ki, dursun… Xeyli vaxt idi ki, bir birimizi başa düşmürdük, tez-tez münaqişələrimiz olurdu.”
Hər iki gəncin facebook sosial şəbəkəsindəki profillərinə nəzər yetirdik… Öncə dünyasını dəyişən Məmmədsaleh Şükürovdan başladıq. Onun facebook profilinin adı Neytral Sakodur . Maraqlıdır ki, Məmmədsalehin əksər dost tanışı, qrup yoldaşları öz profil şəklinin yerinə elə mərhumun öz fotosunu qoyublar. Qeyd edək ki, mərhumun istedadlı bir gənc olması dərhal sezilir. Edvard Kalin adlı profilin sahibi isə onun yaxın dostudur. Onun son statusu da marağa səbəb olub: “Mənim həyatım çoxuna bağlı pərdələrdir”… O idmançı olması ilə bərabər həm də rep janrında yaxşı mahnı oxumaq istedadına da malik imiş. Youtube portalında onun bir neçə ifasını tapa bildik. Buyurun, onlarla tanış olun:
Digərinin – mərhumu qətlə yetirən Ruslan Quliyevin facebook profilin adı isə Yuso Avaradır. Belə görünür ki, onun yanından beşbarmaq, müxtəlif tiyəli bıçaqlar əskik olmayıbmış. Bunu onun facebook profilində yerləşdirdiyi fotolardan da aydınca görmək olar…
Hər halda onun valideynləri azadlıqda deyilmiş, hər ikisi həbsxana həyatı yaşayır… Bundan başqa onun odlu və soyuq silahlarla da maraqlı, diqqətçəkici fotolarını gördük… Bu isə onun dekabrın 7-də yazdığı son statusudur: “Allah rehmet elesin, pcaxladigim adam neytral sako rehmete getdi. Men 1-ci bolmedeyem. Sabah aparirlar prokraturaya, icaze alib girdim fb-ya. Sizden hec ne istemirem, arada meni de yada salin. Deyilene gore 8 il is verecekler. Allah amaninda olun. Sakoya da Allah rehmet elesin”…
R.Quliyevin də dostları, yaxınları profil fotolarını onunku qoyublar. Xüsusən onun sevdiyi qız Sevinc Məmmədova çox narahatdır . Sevgilisi tutulandan sonra profilində çox üzücü bir status paylaşıb: “İnşallah tez bir zamanda xilas olasan Yuso. Senin yolunu sebirsizliklə gözdüyürəm. Dualarımız seninlədi. Özüvü tək hiss etmə. Səninləyik Yuso. Həmisədə səninlə olacagıq. İnşallah 8 il tez gəlib kecər. Sən bizim ürəyimizsən. Hamımız səni cox istəyirik, ürəyimiz Yuso.”
7 saat öncəki son statusunda sevgilisinin ən çox xoşladığı şeiri paylaşıb: “Bilmirəm danışım sənə nələrdən
Bezirəm təklikdən qəmnən kədərdən
O görüs yerimizə gedirəm hərdən.
Ümidim var səndə bir gün gələrsən.
Bəs demişdin sən mənsiz ölərsən.
Sən acı sözlər söyləməzdin mənə
Sonunda ayrılıq gözləməzdim mən.
Hec bunu düsünmək istəməzdim mən.
Bir gün məni həyatından silərsən. B
əs deyirdin sən mənsiz ölərsən.
Səni mən özümə yaxın bilmisəm.
Sevincli günlərimi sənlə bölmüsəm.
Eşitsənki sənsizlikdən ölmüsəm.
Söylə aglayarsan yoxsa gülərsən.
Bəs deyirdin sən mənsiz ölərsən.
Səni sevdim əzab verdim özümə.
Vaxt gələcək düsəcəksən izimə.
Gör nə vaxtdı görünmürsən gözümə.
Bəs deyirdin sən mənsiz ölərsən.
Bilirəm çətindir mənsizlik sənə.
Bəlkədə birtəhər dözərsən mənə.
Əvvəllər dərdini açardın mənə.
Indi hər dərdini mənsiz bölərsən.
Bəs deyirdin sən mənsiz ölərsən.
Sevən öz sevdiyinin sözün esidər.
Məhəbbətli qələm nifrətlə bitər.
Sənin xosbəxtliyin mənə bəs edər.
Gedirsənsə get özün bilərsən.
Bəs deyirdin sən mənsiz ölərsən.
“Bəs deyirdin sən mənsiz ölərsən”
Üreyimin ən çox sevdiyi şeir.necədi??? Şeir hakda yazında.”
Profillərə nəzər yetirərkən məlum oldu ki, gənclər arasında baş verən münaqişənin onların dost-tanışları tərəfindən davam etdirilmə ehtimalı var. Hər halda bəziləri mərhumun qanının yerdə qalmayacağını bəyan edərək yenidən məsələnin üzərinə getmək istəyir. Digər tərəf də çəkinməyərək dirəniş göstərmək əzmindədir. Görünür hələ də gözüyaşlı qalacaq şəxslərin siyahısı uzanacaq.
Elnur Ağayev “Xəbərlə”
P.S. Bu gənclər bir şeyi unudurlar, onları dünyaya gətirən valideynlərinin əziyyət və haqqını, bir də cəmiyyətdə əsl vətəndaş kimi yaşamağı…
Müzakirə qapadılmışdır.