Sumqayıtda Rafiq Yusifoğlunun 75 illik yubileyinə həsr olunmuş ədəbi-bədii gecə keçirilib

819

Sumqayıt şəhər İcra Hakimiyyəti və AYB Sumqayıt bölməsinin birgə təşkilatçılığı ilə Sumqayıt Muğam Mərkəzində şair, filologiya elmləri doktoru, professor, Əməkdar mədəniyyət işçisi Rafiq Yusifoğlunun 75 illik yubileyinə həsr olunmuş ədəbi-bədii gecə keçirilib.

Tədbir Vətən torpaqlarının bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla anılması ilə başlayıb. Əməkdar artist Rauf Ağakişiyevin ifasında səsləndirilən “Bir dəqiqəlik sükut” şeiri tədbirə xüsusi ruh verib. Ardınca Əməkdar artist Cəlal Məmmədovun ifasında səslənən “Güzgüdə gördüyüm adam” şeirinin müşayiəti ilə yubilyar alqışlar altında səhnəyə dəvət olunub.

AYB Sumqayıt bölməsinin sədri Gülnarə Cəmaləddin gecənin açılış nitqində tədbir iştirakçılarını salamlayaraq, ölkəmizdə və xüsusilə Sumqayıt şəhərində yaradıcı insanlara göstərilən diqqət və qayğıdan söz açıb.

Sumqayıt şəhər İcra Hakimiyyətinin birinci müavini Teymur Səmədov, Qubadlı rayon İcra Hakimiyyətinin birinci müavini Allahverdi Haqverdiyev, Prezidentin fərdi təqaüdçüləri – şairlər Ofelya Babayeva və Əşrəf Veysəlli, filologiya elmləri doktoru, professor Avtandil Ağbaba Naxçıvan Muxtar Respublikasının Əməkdar müəllimi, filologiya üzrə fəlsəfə doktoru Seyfəddin Eyvazov çıxışlarında yubilyarın şəxsiyyəti və yaradıcılıq yoluna yüksək qiymət veriblər. Rafiq Yusifoğlunun ədəbi yaradıcılığının zənginliyindən və Azərbaycan poeziyasına verdiyi töhfələrdən bəhs ediblər.

Tədbirə məktəblilərin və gənc istedadların çıxışları da rəng qatıb. Milli Qəhrəman Polad Həşimov adına 28 saylı tam orta məktəbin və Xıdırlı kənd tam orta məktəbinin şagirdləri şairin sözlərinə bəstələnmiş mahnı və şeirlərdən ibarət kompozisiya təqdim ediblər. Azərbaycan Dillər Universitetinin tələbəsi Nəzrin Hüseynli, bəstəkar-müəllim Lalə Şirinin yetirmələri – Fidan Atakişiyeva və Rəsul Məmmədovun ifaları da tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb.

Yubilyar Rafiq Yusifoğlu tədbirin sonunda çıxış edərək təşkilatçılara və iştirakçılara təşəkkürünü bildirib, yeni şeirlərini səsləndirib. Əməkdar artist İzaməddin Bağırovun ifasında səslənən “Bu dünya durduqca” şeiri ilə tədbir yekunlaşıb və yubilyar tədbir iştirakçıları tərəfindən təbrik olunaraq xatirə şəkilləri çəkilib.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər