Sumqayıtda Rumıniyanın Milli Günü münasibətilə möhtəşəm folklor gecəsi keçirilib

324

Sumqayıt şəhərində 1 Dekabr – Rumıniyanın Milli Gününə həsr olunmuş xüsusi mədəni tədbir baş tutub. Rumıniyanın Foçşani şəhərindən gələn “Tara Vrançey” Peşəkar Folklor Ansamblının iştirakı ilə keçirilən gecə şəhər ictimaiyyətinə rəngarəng rumın rəqsləri, milli musiqiləri və ənənəvi geyimlərini təqdim edib.

Tədbir 30 noyabr 2025-ci il tarixində Sumqayıt Dövlət Dram Teatrında təşkil olunub. Rumıniya Səfirliyinin təşəbbüsü və dəstəyi ilə gerçəkləşən layihə tamaşaçılara Rumıniya folklorunun zəngin mədəni irsini tanıtmağı hədəfləyib. “Tara Vrançey” Ansamblı həm dost ölkə, həm də strateji tərəfdaş olan Azərbaycan üçün xüsusi olaraq dəvət olunub.

Tədbirdə Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Teymur Səmədov və Rumıniyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Vasile Soare   çıxış ediblər.

İcra Hakimiyyəti başçısının birinci müavini Teymur Səmədov şəhərdə müxtəlif ölkələrin mədəniyyətinə dair layihələrin həyata keçirilməsinin multikultural dəyərlərin möhkəmlənməsinə xidmət etdiyini vurğulayıb. O, Rumıniya ansamblının çıxışını yüksək qiymətləndirib və gələcəkdə bu kimi layihələrin davam etməsinin arzuolunan olduğunu qeyd edib.

Səfir Vasile Soare isə çıxışında Rumıniya ilə Azərbaycan arasında dostluq münasibətlərinin dinamik inkişaf etdiyini vurğulayıb, mədəni əməkdaşlığın xalqları daha da yaxınlaşdırdığını bildirib. O, Sumqayıtda göstərilən səmimi qarşılanmaya görə təşəkkür edib və bu tədbirin Rumıniyanın Milli Gününə layiqli töhfə olduğunu diqqətə çatdırıb.

Şəhər sakinləri folklor ansamblının ifasını böyük maraqla izləyiblər.

Mədəni gecə Sumqayıt ictimaiyyətinə Rumıniyanın zəngin ənənələrini daha yaxından tanımaq fürsəti verib və iki ölkə arasında dostluq münasibətlərinin inkişafına yeni töhfə kimi dəyərləndirilib.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər