Mərkəzi Seçki Komissiyası gələn il fevralın 7-nə təyin edilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin yüksək səviyyədə, azad, ədalətli və şəffaf keçirilməsiı məqsədilə ardıcıl və sistemli şəkildə genişmiqyaslı tədbirlər keçirir. Seçki iştirakçıları üçün müxtəlif sahələri əhatə edən maarifləndirmə proqramına uyğun olaraq, Mərkəzi Seçki Komissiyasının Hüquq və İnsan Haqları İnstitutu ilə birgə layihəsi çərçivəsində Sumqayıt şəhərində seçki hüququ ilə bağlı müraciətlərə baxılmasına həsr edilən regional seminar təşkil olunub.
Tədbirdə Hüquq və İnsan haqları üzrə mütəxəssislər, Abşeron, Sumqayıt, Quba, Xızı, qərb zonası üzrə dairə seçki komissiyalarının Ekspert qruplarının üzvləri iştirak ediblər.
Mərkəzi Seçki Komissiyası Katibliyinin müdiri İlqar Əlizadə “Seçki hüquqlarının pozulması ilə əlaqədar müraciət və şikayətlərə baxılması üzrə qanunvericiliyin tələbləri və şikayətlərin araşdırması prinsipləri”, Hüquq və İnsan Haqları İnstitutunun İnsan hüquqları üzrə təlim və ekspertiza şöbəsinin müdiri Vüsalə Muradxanlı “Avropa İnsan Hüquqları Konvensiyasında azad seçki hüququ (1 hissə)” mövzusunda təqdimatlarla çıxış ediblər.
Mərkəzi Seçki Komissiyası üzvü Nailə Əsgərovanın, institutun İnsan hüquqları üzrə təlim və ekspertiza şöbəsinin təlimçi-eksperti Hamlet Babayevin seçkilərlə bağlı Ekspert qruplarının fəaliyyətlərinin əsasları, kazuslar üzrə praktiki məşğələlər, sinaq testlərin həlli və digər məsələlər ətrafında çıxışları dinlənilib.
Müzakirə qapadılmışdır.