Nazirlər Kabinetinin qərarı ilə Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində “pilot layihə” çərçivəsində yaradılan “Sumqayıt Nəqliyyat” Məhdud Məsuliyyətli Cəmiyyəti sərnişin daşınmasının inkişafı sahəsində tədbirlərin icrasını davam etdirir. Prezident İlham Əliyevin xüsusi diqqət və qayğısı nəticəsində Sumqayıtda bu sahədə aparılan nəqliyyat–logistik islahatlar nəticəsində yaranan idarəetmə sistemi ardıcıl və davamlı olaraq təkmilləşir, yollarda tıxac problemi aradan qaldırılır, sərnişin məmnunluğu yaradılır.
AZƏRTAC xəbər verir ki, yeni ildə şəhər ərazisində ictimai sərnişin nəqliyyatı hərəkətinin təkmilləşdirilməsi, sərnişinlərin rahatlığının təmin edilməsi məqsədilə müasir standartlara cavab verən iritutumlu sərnişin avtobusları gətirilib və bu istiqamətdə işlər davam etdirilir. Artıq şəhərə 26 yeni avtobus gətirilib. İlkin mərhələdə gətirilən yeni avtobuslar 5 saylı marşrut xəttinə buraxılıb.
“Avro-5” və “Avro-6” standartlarına cavab verən müasir avtobuslar əvvəlkilərdən geniş salonu, rahat oturacaqları və müasir texniki təchizatı ilə fərqlənir. Almaniya istehsalı olan, Türkiyədə yığılan “AKİA” markalı avtobuslar 27 oturacaqlıdır. Ümumiyyətlə, avtobuslarda 72 sərnişin daşına bilər. Avtobuslarda əlillər üçün yer və onların rahat minib-düşmələrindən ötrü xüsusi qurğu quraşdırılıb. Yüksək texniki göstəricilərə malik avtobuslarda mərkəzləşdirilmiş havalandırma sistemi, həmçinin daxili və xarici müşahidə kameraları var.
Qeyd edək ki, Sumqayıt şəhərində, ümumilikdə, 33 marşrut xətti mövcuddur. Yaxın gələcəkdə bu xətlər üzrə 150 yeni avtobusun gətirilməsi planlaşdırılır.
Bundan başqa, müvafiq ərazilərdə müasir tipli dayancaqların yerləşdirilməsi də görüləcək işlər siyahısındadır. Artıq bu məqsədlə şəhərin müxtəlif yerlərində 25 dayanacaq quraşdırılıb.
Xatırladaq ki, Prezident İlham Əliyev 2015-ci il dekabrın 7-də “Sumqayıt şəhərində avtomobil nəqliyyatı ilə sərnişin daşınması sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” Fərman imzalayıb.
Foto: Xəqani Əzizov
Müzakirə qapadılmışdır.