Sumqayıt şəhərində uzun illər pedaqoji fəaliyyət göstərmiş, ömrünü gənc nəslin təlim-tərbiyəsinə həsr etmiş Sərvinaz Yusifəli qızı Muxtarova 2025-ci il 13 avqust tarixində vəfat edib.
Sərvinaz Muxtarova 16 noyabr 1951-ci ildə Zəngilan rayonunun Dərə Gilətağ kəndində anadan olub. İlk təhsilini 1958–1962-ci illərdə Şamlı kənd dördillik məktəbində, səkkizillik təhsilini Böyük Gilətağ kəndində, orta təhsilini isə 1969-cu ildə Zəngilan şəhər onillik məktəbində başa vurub.
Elə həmin il S.M. Kirov adına Bakı Dövlət Universitetinin kitabxanaçılıq fakültəsinin qiyabi şöbəsinə daxil olub. 1974–1982-ci illərdə Qərbi Azərbaycanın Kacaran şəhərindəki 3 nömrəli məktəbdə ibtidai sinif müəllimi işləyib. Peşəkarlığını artırmaq üçün İrəvan şəhərində kurs keçib.
1982-ci ilin iyun ayından Sumqayıtda pedaqoji fəaliyyətini davam etdirən Sərvinaz Muxtarova əvvəlcə 2 nömrəli səkkizillik məktəbdə, sonra 9 nömrəli məktəbdə, 1991-ci ildən isə Sumqayıt şəhər Cəlil Səfərov adına 10 nömrəli məktəbdə çalışıb. 2019-cu ilin iyun ayında yaş həddi ilə əlaqədar təqaüdə çıxıb.
Fədakar müəllimə kimi dəfələrlə Fəxri Fərmanlarla təltif olunan Muxtarova, Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən “Əmək veteranı” adına layiq görülüb. Onun pedaqoji fəaliyyəti ilə yetişən yüzlərlə şagird bu gün müxtəlif sahələrdə ölkəyə xidmət edir.
Allah rəhmət eləsin.
Müzakirə qapadılmışdır.