Sumqayıtda “Təhsildə yeni çağırışlar: keyfiyyətə baxış” regional təhsil konfransı keçirilib

53

Fevralın 28-də Sumqayıt şəhərində “Təhsildə yeni çağırışlar: keyfiyyətə baxış” regional təhsil konfransı keçirilib.

“Şəhərsalma və Memarlıq İli”nə həsr edilən konfrans “Təşkilati mədəniyyət” və “Məktəb mühitinin pedaqoji dizaynı” mövzularını əhatə edib.

Regional konfrans Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi, “T–Network” təhsil işçilərinin təcrübə və kommunikasiya platforması və Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının təşkilatçılığı, Elm və Təhsil Nazirliyi və Abşeron – Xızı Regional Təhsil İdarəsinin tərəfdaşlığı ilə reallaşıb.

300 nəfər təhsil işçisinin qatıldığı konfransda elm və təhsil nazirinin müavini Kənan Kərimzadə, Milli  Məclisin deputatı Mehriban Vəliyeva, Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdiri İlhamə Abdullayeva, Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Teymur Səmədov, məktəbəqədər və ümumi təhsil müəssisələrinin rəhbərləri, direktor müavinləri, müəllimlər və psixoloqlar iştirak ediblər.

Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdiri İlhamə Abdullayeva konfans iştirakçılarını salamlayaraq regionda təhsil sahəsində əldə olunan nəticələr haqqında məlumat verib. İdarə müdiri tədrisin keyfiyyətinin yüksəldilməsi, şagirdlərin cəmiyyətə, dövlətə faydalı vətəndaş kimi yetişməsi, idarəetmədə şəffaflıq və obyektivliyin təmin edilməsinin əsas prioritet məsələlərdən olduğunu diqqətə çatdırıb.

Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Teymur Səmədov çıxışında milli inkişafın təminatında təhsilin müstəsna rolu olduğunu dilə gətirərək belə bir tədbirin ikinci böyük sənaye şəhəri olmaqla yanaşı elm, təhsil və mədəniyyət mərkəzi hesab edilən Sumqayıtda keçirilməsindən məmnun olduğunu söyləyib.

Çıxış edən elm və təhsil nazirinin müavini Kənan Kərimzadə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin birbaşa dəstəyi ilə icra olunan dövlət strategiyaları, o cümlədən dövlət proqramları nəticəsində ölkədə genişmiqyaslı islahat tədbirlərinin həyata keçirilməsindən və bu islahat tədbirlərinin təhsil sahəsini də əhatə etməsindən bəhs edib.

Elm və təhsil nazirinin müavini bildirib ki, Azərbaycan təhsili yeni transformasiya mərhələsinə qədəm qoyub və bu işin mərkəzində məhz Azərbaycan müəllimi durur.

Daha sonra İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının təhsil və bacarıqlar üzrə direktoru Andreas Şleyxerin konfrans iştirakçılarına videomüraciəti nümayiş etdirilib.

Milli Məclisin deputatı Mehriban Vəliyeva “Azərbaycanın müasir mədəniyyət modeli üçün təhsildə mədəniyyət konsepsiyası” adlı təqdimatında  “Azərbaycan Mədəniyyəti – 2040” Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyası”na diqqət çəkərək milli-mənəvi dəyərlərə və qlobal çağırışlara cavab verən müasir mədəniyyət modelinin formalaşması məsələsinə toxunub.

Konfrans Azərbaycan Dövlət Pedaqoji Universitetinin prorektoru Könül Pirverdiyeva və Dövlət Proqramı çərçivəsində Harvard Universitetində təhsil siyasəti və təhlili üzrə magistratura pilləsinin məzunu Lalə Əliyevanın təqdimatları ilə davam edib.

Konfrans çərçivəsində “T-Network” təhsil işçilərinin təcrübə və kommunikasiya platformasının rəhbəri Cəfər Mənsiminin moderatorluğu ilə nazir müavini Kənan Kərimzadə ilə sual-cavab sessiyası keçirilib, iştirakçıların çoxsaylı sualları cavablandırılıb.

Qeyd edək ki, konfrans Azərbaycan Respublikasının 2022─2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyasının “Rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanı üzrə strateji çərçivəsi”nə və “Azərbaycan Mədəniyyəti – 2040” Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyasına əsaslanıb.

Konfransın keçirilməsində əsas məqsəd qabaqcıl müəllimlərin və təhsil idarəedicilərinin təcrübəsini öyrənmək və təşviq etmək, səmərəli əməkdaşlığa təkan vermək və regional diskussiya platforması yaratmaqdır.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər