“Pensiyamdan qırıq-qırıq verib gözümü əməliyyat etdirdim”
Bir otaqdan ibarət olan bu evdə nə mətbəx var, nə hamam, nə tualet. Heç su da yoxdur burda. Bura Türrə Alışovanın evidir. “Ev”i!
Siz bir qoca düşünün: Qapısından, pəncərəsindən soyuq dolan evdə yaşayan. Evində suyu olmayan. Tənha. Gözləri görməyən, əlləri əsən, ayaqları canını daşıya bilməyən. Danışdıqca nəfəsi dayanan bir qoca… qadın…
Gözünün yaşını əlinin arxası ilə silən Türrə Alışova “pollu-pataloklu evimiz var idi… Nədir bu?!” – deyərək əliylə evi göstərir. Və yenidən ağlayır.
Qubadlıdan Sumqayıta
“Qubadlı rayonu Mahruzlu (Kürd Mahrızlı) kəndində yaşamışıq. Bura 30 ildir köçmüşük. 30 ildir.” Qubadlı rayonu ermənilər tərəfindən 1993 – cü ildə işğal edilsə də, Türrə Alışova Sumqayıtda yaşadığı illəri 20 yox, 30 hesablayır. Zamanı itirib sanki…
“Heç nə gətirmədik. Əynimizin paltarını da gətirə bilmədik, kül başımıza. Qonşunun evi yanırdı, evin qapısını açıq qoyub qaçdıq”… Susur. Danışdıqca nəfəsi kəsilir sanki. Hər üç cümlədən sonra dayanır, tövşüyür. Nəfəsini dərib yenidən başlayır… “Əvvəl asfalt yola qaçdıq. İnsafı olan maşın gətirdi, insafı olmayan gətirmədi. Heyvanlarımız elə həyətdə qaldı” (səssizcə ağlayır)…
Kürd Mahrızlı — Azərbaycan Respublikasının Qubadlı rayonunun inzibati ərazi vahidində kənd. 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kəndin əsl adı Kürd Mafruzludur. Yaşayış məntəqəsi öz adını 1820-ci ildə İrandan — Cənubi Azərbaycanın Mahrızlı kəndindən köçüb gəlmiş mafruzluların bir tayfasının adından alıb. Kürd Mahrızlı kəndi dağətəyi düzənlikdə, Qarabağ silsiləsində yerləşir.
Beləcə Qubadlının Mahruzlu kəndindən başlayan məcburi köçkünlük həyatı Sumqayıt şəhəri 3 saylı məktəbdə müvəqqəti olaraq “bitir”. Türrə Alışova deyir ki, “yaxşı insanların köməyi nəticəsində Sumqayıt yoluna, ordan da bura – məktəbə gəldik”.
Uşaqsız ailə və ölən qardaş
Böyük evləri, həyəti, mal-qarası olan ailənin övladı olmur. Həyat yoldaşı ilə tək yaşayırlar Qubadlıdakı evlərində. İndi tənha olduğundan yoldaşının harda olduğunu soruşuram. Deyir, rəhmətə gedib. Sonra susur. “Harda dəfn edilib” sualı uzun çəkən səssizliklə “cavab”lanır.
Bir qardaşı olub bu qadının. Qardaşı da ailəsi ilə Sumqayıta köçür. Şəhərdə ev alır, yaşayışını qaydaya salır. Oğlanlarını işlə təmin edir. Sağ olanda gəlib bacısına da baş çəkirmiş. Sonra rəhmətə gedir. Beləcə, Türrə Alışova qohum üzünə həsrət qalır. Qardaşının oğulları bir dəfə də olsun ona baş çəkmir. “Bu saat adama nə doğma oğul, nə qardaş, nə heç kəs yaxın durmur, ay bala”, bu sözlər də onun dilindən qardaşı oğlanları haqda soruşanda çıxır.
60 manatlıq təqaüdlə göz əməliyyatı
Gözünün biri görmür. Deyir, həkim əməliyyatı soyuq aylara saxlayıb. Əvvəl ikisi də zəif görürmüş. Yayda həkimlər birini əməliyyat edir. İndi köməyinə çatan elə əməliyyat olunan gözüdür. Həkimlərin pulunu da öz pensiyası ilə ödəyib. “Pulu yığıb gözümü əməliyyat etdirdim. 60 manat pensiya alıram. Hər dəfə qırıq-qırıq yığıb həkimlərə veririrdim”. Əməliyyatdan qalan borcunu yaxınlarda bitirən Türrə Alışova həkimə yenidən getməyə halının olmadığını deyir. “Külək, hava soyuq… bilmirəm necə gedəcəm!”
Bu qarının gözləri bir yana, heç ayaqları da sözünə baxmır. Yeridikcə hər addım başı dayanıb ayaqlarına dirsəklənir, nəfəsini dərir. “Həyətə getmək istəyirəm, gedə bilmirəm. Qonşuya gedəndə yolda neçə dəfə dayanıram. Pilləkənləri də görürsünüz də!” Qarının evinə çıxan tək yol taxta pilləkənlərdir. Onlar da əyri, qırıq. Bu pilləkənlər cavan adamlar üçün təhlükəlidir. Yetmişlərdə olan, gözləri, ayaqları öz gücünü itirmiş bir qadının halını təsəvvür edin. Hər pilləni qalxdıqca dayanmaqdan başqa çarəsi qalmır.
Öz halından narazı olsa da razı qaldığı qonşuları var. “Pensiya kartımı qonşulara verirəm, onlar alır. Yeməyimi qonşu bişirir. Çörəyimi, qatığımı, toyuğumu alırlar. Bax bu qabda gətirirlər (əliylə plastik qabı göstərir; düyü qabıdır. Mağazadan düyü alınıb. İndi isə bu qarının xörək qabıdır)”.
Təqaüd kimi aldığı 60 manatdan başqa məcburi köçkünlərə verilən “çörək pulu” da alır. “18 manat yardım alıram – çörək pulu. Bir nəfərə 18 manat düşür deyə. Mən də tək adamam”.
Qubadlıdan yadigar
Yaddaşında daşıdığı xatirələrdən başqa heç nə gətirə bilmir Qubadlıdan. Bəlkə də gətirib, yadından çıxarıb sadəcə. Ancaq hazırda heç nəyi yoxdur yaşadığı kənddən and içməyə. “Ordan (Qubadlıdan) heç bir şəkil gətirə bilmədim (bu cümləni deyəndə əlini naməlum istiqamətə uzadır və beləcə saxlayır bir müddət). Bir dənə şəklim var, onu da burda çəkdirmişəm. Pasporta. İstəyirsən gətirim göstərim?..” Mən cavab vermirəm, o isə unudur təklifini.
“Katibimiz”
Deyir evin döşəməsini “katibimiz” düzəltdirib. “Mənə yardım ediblər, katibimiz düzəltdirib”.
Qonşuları deyir həmin orqandan bir nəfər təyin olunub ki, bu qadının problemlərini həll etsin, işlərinə kömək etsin. Evin təmizliyindən tutmuş digər məsələlərə kimi həmin qadın cavabdeh imiş. Türrə Alışova da bunu təsdiqləyir. “Biri var bala, ancaq üzünü görmürəm. Bir-iki dəfə gəlib pul gətirəndə… Yox, heç gəlmir. Gəlsə, budur, ev nə gündədir”.
Onun haqda nə düşünürlər
Qubadlı Rayon İcra Hakimiyyətinin Asəf Qasımov adlı əməkdaşının dediyinə görə, icra başçısı tərəfindən rayonun tənha və vəziyyəti xüsusi ilə çətin olan şəxslərin siyahısı tərtib olunub. Həmin siyahı stolun üstündədir. Biz daimi bu şəxslərlə maraqlanırıq. Gələn ilin sonuna kimi onların evlə təmin olunacağı gözlənilir”.
Sən demə… Türrə Alışovaya Həcər adlı bir qadın təhkim olunub. Həmin Həcər tez-tez Türrə Alışovaya baş çəkməlidir. Deyilənə görə, evin tualet məsələsi də tezliklə həll olunacaq.
Təki!
Son söz əvəzi
Hamı kimi siz də axşam evinizə gedirsiniz. Bu ev daş divardan, bu divarın arasında olan əşyalardan ibarət deyil. Bu tikilinin ev olması üçün ailə olmalıdır. Ailə üçün insanlar, ən əsası biri-birini sevən insanlar olmalıdır.
İndi onu düşünün. Soyuq və rəngsiz dörd divar arasında tənha qarı. Özünün də dediyi kimi, imkanı ancaq “toku” taxıb çaydanı üstünə qoymağa çatan biri. Gecən bu tənhalığında ürəyi biri ilə dərdləşmək düşsə necə?! Çətindir deyilmi? Məncə çətindir!
Bakı – Sumqayıt – Bakı
Elvin Bayramlı, Lent.az
Müzakirə qapadılmışdır.