Polietilen paketlərin ətraf mühitə olan zərərləri haqqında əhalini maarifləndirmək və onların istifadəsindən imtina edərək daha ekoloji alternativlərə keçidi təşviq etmək məqsədilə hər il 3 iyul tarixində “Beynəlxalq Polietilen Paketdən İmtina Günü” qeyd olunur.
Bu gün ilə əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı, Sumqayıt şəhər İcra Hakimiyyətinin, “AzEkol”, “LIBRAFF” kitab mağazaları şəbəkəsinin, “Yapı Kredi Azərbaycan”ın, “Baku Electronics”in dəstəyi ilə Sumqayıt şəhərində 6 iyul 2024-cü il tarixində “Tullantıları hədiyyələrə dəyiş” festivalı keçiriləcək.
Festival çərçivəsində vətəndaşlar ümumi tutumu minimum 35 litr olan plastik butulka, 5 litr tutumu olan şüşə butulka/banka və ya 10 ədəd işlənmiş batareya təhvil verərək əvəzinə müxtəlif hədiyyələr (ekoçantalar, milli parklara giriş bileti, kitablar və s.) əldə edəcəklər.
Qeyd edək ki, maraqlı viktorinalar, müxtəlif müsabiqələr ilə keçiriləcək festivalda tullantıları gətirərək həm təbiətə töhfə verə, həm də müxtəlif hədiyyələr qazana bilərsiniz.
“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində keçirilən bu tədbir tullantıların qarşısını almaq, resurslardan daha səmərəli istifadə etmək, tullantıları mənbəyində ayrıca toplayıb təkrar emal etmək, o cümlədən ictimaiyyətə polietilen paketlərin zərərləri və alternativləri haqqında məlumat vermək məqsədilə keçirilir.
Sumqayıt şəhəri Dənizkənarı Bulvar (Göyərçin abidəsindən bulvara düşən yol)
6 iyul 2024-cü il
11:00-13:00
Müzakirə qapadılmışdır.