Sumqayıtda Ulu Öndər Heydər Əliyevin xatirəsi anılıb

3468

Sumqayıtda Ulu Öndər Heydər Əliyevin anım günü qeyd olunub.

Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, millət vəkilləri, hüquq mühafizə orqanlarının, idarə və müəssisələrin rəhbərləri, ictimaiyyət nümayəndələri parkın mərkəzində Heydər Əliyevin əzəmətli abidəsini ziyarət edib, önünə gül dəstələri düzərək, xatirəsinə ehtiramlarını bildiriblər.

Anım mərasiminin iştirakçıları Heydər Əliyev Mərkəzində Ulu Öndərin həyat və fəaliyyətindən bəhs edən eksponatlarla tanış olub və Ümummilli Liderə həsr olunan filmi izləyiblər.

Vurğulanıb ki, ölkəmizin ictimai-siyasi, iqtisadi, elmi-mədəni həyatının elə bir sahəsi yoxdur ki, orada xalqımızın müdrik oğlu Heydər Əliyevin möhtəşəm quruculuq izləri, parlaq əməlləri görünməsin.

Ötən əsrin 70-80-ci illərində ölkəyə rəhbərlik edən Ulu Öndər Heydər Əliyevin başlatdığı islahatlar, inkişaf strategiyası nəticəsində Azərbaycanın bütün şəhərləri kimi Sumqayıt da dinamik inkişaf yoluna qədəm qoyub. Hələ sovet illərindən sumqayıtlılar Ulu Öndərin xüsusi diqqət və qayğısını hiss ediblər. Sumqayıt Ümummilli Liderin Azərbaycana rəhbərlik etdiyi illərdə ölkəmizin aparıcı sənaye mərkəzlərindən birinə çevrilib. Burda keçmiş Sovet İttifaqında metallurgiya, kimya, energetika, tikinti materialları sənayesinin qabaqcıl müəssisələri yaradılıb, yeni mikrorayonlar, yaşayış məhəllələri salınıb. Müstəqillik illərində də Heydər Əliyev Sumqayıta xüsusi diqqət və qayğı göstərmiş, çoxsaylı səfərləri zamanı sənaye müəssisələrinin açılışında iştirak edib.

Heydər Əliyev ölkəyə rəhbərlik etdiyi illərdə 16 dəfə Sumqayıta səfər edib. Bu səfərlər Ulu Öndərin Sumqayıta və sumqayıtlılara böyük diqqətinin təzahürü idi.

Bu gün inkişafının yeni mərhələsini yaşayan Sumqayıtda sənaye parkının salınması, yeni ixracyönümlü müəssisələrin inşası, sosial layihələrin həyata keçirilməsi Heydər Əliyevin yürütdüyü iqtisadi və siyasi xəttin uğurları sırasındadır. Prezident İlham Əliyevin həyata keçirdiyi islahatlar nəticəsində şəhərin sürətli inkişafı təmin olunub, Sumqayıt sənaye mərkəzi kimi əvvəlki şöhrətini yenidən bərpa edib. Sumqayıtın bugünkü inkişafı göstərir ki, Heydər Əliyevin arzuları gerçəkləşir, ideyaları reallığa çevrilir. Çünki Ulu Öndər Heydər Əliyev Sumqayıtı məhz belə görmək istəyirdi.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər