Sumqayıt şəhərində Ümummilli lider Heydər Əliyevin anım mərasimi keçirilib.
Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, millət vəkilləri, hüquq mühafizə orqanlarının, idarə və müəssisələrin rəhbərləri, ictimaiyyət nümayəndələri ümummilli lider Heydər Əliyevin adını daşıyan parkda Ulu Öndərin abidəsini ziyarət edərək, abidə önünə güllər düzüb, dahi şəxsiyyətə hörmət və ehtiramlarını bildiriblər.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Vurğulanıb ki, ölkəmizin ictimai-siyasi, iqtisadi, elmi-mədəni həyatının elə bir sahəsi yoxdur ki, orada xalqımızın müdrik oğlu Heydər Əliyevin möhtəşəm quruculuq izləri, parlaq əməlləri görünməsin.
Ötən əsrin 70-80-ci illərində ölkəyə rəhbərlik edən Ulu Öndər Heydər Əliyevin başlatdığı islahatlar, inkişaf strategiyası nəticəsində Azərbaycanın bütün şəhərləri kimi Sumqayıt da dinamik inkişaf yoluna qədəm qoyub. Həmin dövrdə sumqayıtlılar Ulu Öndərin xüsusi diqqət və qayğısını hiss ediblər. Sumqayıt Ümummilli Liderin Azərbaycana rəhbərlik etdiyi illərdə ölkəmizin aparıcı sənaye mərkəzlərindən birinə çevrilib. Burda keçmiş Sovet İttifaqında metallurgiya, kimya, energetika, tikinti materialları sənayesinin qabaqcıl müəssisələri yaradılıb, yeni mikrorayonlar, yaşayış məhəllələri salınıb. Müstəqillik dövründə də Heydər Əliyev Sumqayıta davamlı olaraq xüsusi diqqət və qayğı göstərmiş, çoxsaylı səfərləri zamanı sənaye müəssisələrinin açılışında iştirak edib. Azərbaycana rəhbərliyi dövründə Heydər Əliyev düz 16 dəfə Sumqayıta səfər edib ki, bu da onun şəhərimizə olan xüsusi diqqət və qayğısının göstəricisidir.
Bu gün inkişafının yeni mərhələsini yaşayan Sumqayıtda sənaye parkının salınması, yeni ixracyönümlü müəssisələrin inşası, sosial layihələrin həyata keçirilməsi Heydər Əliyevin yürütdüyü iqtisadi və siyasi xəttin uğurları sırasındadır. Prezident İlham Əliyev tərəfindən həyata keçirilən islahatlar nəticəsində şəhərin sürətli inkişafı təmin olunub, Sumqayıt sənaye mərkəzi kimi əvvəlki şöhrətini yenidən bərpa edib. Sumqayıtın bugünkü inkişafı göstərir ki, Heydər Əliyevin arzuları gerçəkləşir, ideyaları reallığa çevrilir.
Müzakirə qapadılmışdır.