Sumqayıtda uşaqlar dövlətin diqqət və qayğısı ilə tam əhatə olunub

866

Hər bir dövlət, cəmiyyət gələcəyi olan uşaqların qayğısına qalmağı, onların fiziki və mənəvi cəhətdən sağlam böyüməsini təmin etməyi özünün ən ümdə vəzifələrindən biri hesab edir. Azərbaycan dövləti də bu mühüm məsələyə qayğı ilə yanaşır. Bu gün müstəqil Azərbaycanın uşaqları diqqət və qayğı ilə tam əhatə olunublar. Respublikamızda yeni xəstəxanalar, uşaq bağçaları, məktəblər tikilir və ya yenidən qurulur.

AZƏRTAC xəbər verir ki, Sumqayıt şəhər 1 nömrəli Doğum Evinin əsaslı təmir olunması, müasir tibbi avadanlıqla təchizatı da bu siyasətin daha bir təzahürüdür. 75 çarpayılıq doğum evindəki palatalarda həm analar, həm də körpələr üçün hərtərəfli şərait yaradılıb. Ümumi havalandırma və mərkəzləşdirilmiş oksigen qazı sisteminin köməyi ilə istənilən an hər bir otağı intensiv terapiya palatasına çevirmək mümkündür. Reanimasiya şöbəsində xarici ölkələrdə istehsal olunan yüksək səviyyəli süni tənəffüs aparatları və xəstəyə təcili yardım göstərmək üçün digər cihazlar da var. Tibb ocağında yeni doğulanlar üçün reanimasiya şöbəsi, intensiv terapiya palatası da yaradılıb.

Bu doğum evində dünyaya gələn körpə bir neçə ildən sonra uşaq bağçasına gedəcək. Həm də ən yaxşısına… Sumqayıtda da belə uşaq bağçası kifayət qədərdir. Şəhərdə fəaliyyət göstərən 56 uşaq bağçasının əksəriyyəti əsaslı təmir olunub. Belə məktəbəqədər təhsil müəssisələrindən biri də 66 nömrəli uşaq bağçasıdır. Burada uşaqların təlim-tərbiyəsi üçün hər cür şərait yaradılıb.

Digər körpələr evində – 63 nömrəli uşaq bağçasında da əsaslı təmirdən sonra nümunəvi şərait yaradılıb. Övladlarını bu uşaq bağçalarına gətirən valideynlər onlardan tam arxayındırlar. Əmindirlər ki, burada uşaqlara ən azı onlar qədər qayğı göstəriləcək. Övladları vaxtında yatacaq, oynayacaq və yemək yeyəcək. Yeməklər də keyfiyyətinə görə evdəkindən fərqlənməyəcək.

Bir sözlə, bu bağçalarda hər kəs çalışır ki, uşaqlar sağlam böyüsün, fiziki və intellektual cəhətdən yaxşı inkişaf etsinlər. Onların yaradıcılıq, təşəbbüskarlıq bacarıqları formalaşsın, məktəbə getməyə hazır olsunlar. Buna da nail olunur.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər