Sumqayıtda veteranlarla görüş keçirilib

246

Yanvarın 13-də Sumqayıtdakı Heydər Əliyev Mərkəzində Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının təşkilatçılığı ilə veteranlarla görüş keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbir şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Görüşdə çıxış edən təşkilatın sədr müavini, polkovnik Cəlil Xəlilov veteranların cəmiyyətdəki rolundan, onların üzərinə düşən vəzifələrdən danışıb. Qeyd edib ki, veteranlar hər zaman Müzəffər Ali Baş Komandanın siyasətini dəstəkləyib, dövlət başçısının hər bir çağırışına səs veriblər. Veteranların 44 günlük Vətən müharibəsində, habelə ondan əvvəlki və sonrakı antiterror tədbirlərində böyük fədakarlıqlar göstərib, öz qəhrəmanlıqları ilə tarix yazdığı heç kimə sirr deyil. Prezident İlham Əliyev bütün çıxışlarında qəhrəman şəhidlərin, veteranların tarixi Qələbəmizdəki rolundan ətraflı bəhs edib, onların igidliyinin bütün dünyaya örnək olduğunu bildirib. Bu isə veteranlarımıza, onların Vətən qarşısındakı xidmətlərinə verilən ən böyük qiymətdir.

Polkovnik Vətən müharibəsindən sonra yeni reallığın meydana çıxdığını, bu da hər bir vətəndaş kimi veteranlarımız qarşısında da yeni vəzifələr qoyduğun bildirib. Bu vəzifələrdən biri birliyimizi qorumaq, Müzəffər Ali Baş Komandanın ətrafında sıx birləşmək, bütün antimilli qüvvələrə qarşı barışmaz mübarizəmizi davam etdirməkdir.

Qeyd edilib ki, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı ötən ilin 27 dekabr tarixindəki ümumi yığıncağında bu məsələyə daha geniş tərkibdə toxunub, Prezident İlham Əliyevə dəstək bəyanatı qəbul edib. Bəyanatda veteranların Müzəffər Ali Baş Komandanın yanında yer aldığı, onun hər bir tapşırığını yerinə yetirməyə hazır olduğu vurğulanıb.

Tədbirdə çıxış edən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Sumqayıt Şəhər Təşkilatının sədri Sovet Şükürov veteranların dövlətimizin ərazi bütövlüyü uğrunda göstərdiyi tarixi şücaətdən bəhs edib. Dövlətimizin şəhid ailələrinə, veteranlara yüksək diqqət və qayğı göstərdiyini bildirən Sovet Şükürov, veteranların hər zaman Müzəffər Ali Baş Komandanın yanında olduğunu, onun hər bir çağırışını dəstəklədiyini bildirib.

Daha sonra müxtəlif kateqoriyadan olan veteranlar çıxış edərək yaxın tarixi keçmişimizin ən mühüm hadisələrinə toxunub, ölkəmizin gələcək inkişafı ilə bağlı arzu və gözləntilərini dilə gətiriblər. Çıxış edən veteranlar ölkəmizin bundan sonra da Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə yeni uğur və nailiyyətlərə imza atacağına əminliklərini ifadə ediblər.

 

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər