“Report”un yerli bürosunun əməkdaşı Sumqayıtda yerləşən məktəbli forma və ləvazimatları mağazalarında olub, satıcı və müştərilərin fikirlərini öyrənib.
Müşahidələr zamanı məlum olub ki, məktəbli forma və ləvazimatlarının satışının həyata keçirildiyi mağazalara tələbat xeyli artıb. Buna baxmayaraq, qiymətdən və məhsulun keyfiyyətindən razı olanlarla yanaşı, narazı qalanlara da rast gəlmək mümkündür.
Alıcı Elçin İsgəndərov deyir ki, məktəbli formalarının materialı çox yaxşıdır. O, həmçinin qiymətlərin bu günün tələblərinə uyğun olduğunu söyləyir: “Düşünürəm ki, qiymətlər baha deyil və məhsulun materialı da keyfiyyətlidir. Neçə gün idi ki, uşaqlara məktəbli formaları almaq istəyirdik. Nəhayət, bu gün gəlib aldıq”.
Digər müştəri Xatirə Quliyeva isə məktəbli ləvazimatlarının ötən illə müqayisədə bahalaşdığını bildirib:
“Doğrudur, nəzərə çarpacaq qədər olmasa da, bəzi ləvazimatların qiymətində artımların olduğunu görməmək mümkün deyil. Amma buna baxmayaraq, almalıyıq. Mən övladlarımın ikisinə də həm forma, həm də digər ləvazimatların hamısını artıq aldım”.
Bununla yanaşı söhbət əsnasında digər alıcılar valideynləri yeni tədris ili üçün indidən tədarük görməyə çağırıblar. Onlar ötən ilki təcrübələrinə əsasən deyir ki, sentyabrın əvvəllərindən etibarən alıcı qabiliyyəti o qədər çox olacaq ki, mağazalarda rahat şəkildə alış-veriş etmək çətinləşəcək.
Müşahidələr zamanı məlum olub ki, bəzi məktəbli ləvazimatlarının qiymətində artımlar olub. Satıcılar deyir ki, qiymət artımları daha çox kağız məmulatlarını əhatə edir. Onların sözlərinə görə, bu il kağız məmulatlarında qiymət 5-10 qəpik artıb.
Qeyd edilib ki, çantaların qiyməti keyfiyyətindən, harada istehsal olunmasından asılı olaraq 20-60 manat arasında dəyişir.
Əsas məktəb ləvazimatlarının qiymətlərinə gəlincə, bildirilib ki, dəftərlər 15 qəpik – 2 manat, sadə karandaşlar 10 qəpik -2 manat, rəsm albomları 1-3 manat, sadə qələmlər 10-30 qəpik və 1 manat, rəngli karandaşlar 1-8 manat, pozan 20-50 qəpik, qələmyonan 15 qəpik – 1 manat 20 qəpik, xətkeş 20 qəpik -3 manat, plastilin 1,5- 5 manat, fırça 30-50 qəpik arasında dəyişir.
Satıcılar deyib ki, yeni məktəbli formalarında bütün ölçülərdə uzunqol köynək 17 manat və qısaqol köynək isə 15 manatdır, şalvar və ətək isə 25 manata alıcılara təklif olunur.
Satıcılar həmçinin qiymətlərdə artım ehtimalının hələ ki, olmadığını söyləyiblər.
Müzakirə qapadılmışdır.