Bu gün ölkənin digər bölgələri kimi, Sumqayıt şəhərində də yeni tədris ilinə start verilib. Şəhərin ümumtəhsil müəssisələrində bilik günü münasibətilə müxtəlif tədbirlər keçirilib, məktəb həyətləri bayram əhval-ruhiyyəsinə bürünüb.
2025–2026-cı tədris ilində Sumqayıt şəhərində fəaliyyət göstərən məktəblərdə ümumilikdə 66 min 347 şagird təhsil alacaq. Onlardan 5075-i bu il ilk dəfə birinci sinfə qədəm qoyub. Həmçinin, 6 min 153 şagird təhsilini IX sinifdə, 4 min 761 şagird isə XI sinifdə davam etdirəcək.
Bununla yanaşı, yeni tədris ilində məktəbəhazırlıq qruplarına da xüsusi diqqət ayrılıb. Şəhər üzrə 2 min 524 uşaq məktəbəhazırlıq qruplarına cəlb olunub ki, bu da onların gələcək təhsil həyatına adaptasiyasına mühüm töhfə verəcək.
Yeni tədris ilinin başlanması münasibətilə məktəblərdə keçirilən tədbirlərdə müəllimlər, valideynlər və şagirdlər iştirak ediblər. Tədbirlərdə çıxış edənlər uşaqlara uğurlar arzulayaraq, onlara elmə və təhsilə olan maraqlarını daim yüksək səviyyədə saxlamağı tövsiyə ediblər.
Şəhər üzrə bütün məktəblərdə tədris prosesinin yüksək səviyyədə təşkili üçün zəruri şərait yaradılıb, sinif otaqları dərs vəsaitləri ilə təmin olunub. Yeni tədris ilinin Sumqayıt məktəbliləri üçün uğurlu və məhsuldar olacağına inanılır.
Müzakirə qapadılmışdır.