Sumqayıt şəhər İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Sumqayıt şəhər təşkilatının birgə təşkilatçılığı ilə “Birliyin, gücün və ədalətin təntənəsi – Şanlı Zəfər” adlı tədbir keçirilib. Tədbir Zəfər Gününün 5-ci ildönümünə həsr olunub.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Vətən uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri açan YAP İdarə Heyətinin üzvü, partiyanın Sumqayıt şəhər təşkilatının sədri Ramiz Hüseynov qonaqları salamlayaraq 8 Noyabr – Zəfər Gününün xalqımız üçün qürur və iftixar günü olduğunu qeyd edib. O, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuzun əldə etdiyi tarixi Qələbənin Azərbaycan xalqının birliyini, dövlətimizin gücünü və ədalətin bərpasını simvolizə etdiyini bildirib.
Daha sonra çıxış edən Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov tədbir iştirakçılarını Zəfər Günü münasibətilə təbrik edib və bu möhtəşəm qələbənin xalqımızın taleyində mühüm dönüş nöqtəsi olduğunu vurğulayıb. O qeyd edib ki, 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusu Ali Baş Komandanın rəhbərliyi ilə rəşadət və qəhrəmanlıq nümunəsi göstərərək torpaqlarımızı düşməndən azad edib. Bu Qələbə təkcə hərbi uğur deyil, həm də milli iradənin, xalq-ordu birliyinin və dövlət başçısının uzaqgörən siyasətinin nəticəsidir.
Zakir Fərəcov çıxışı zamanı Sumqayıt şəhərində Zəfər ruhunun daim yaşadıldığını, şəhərdə şəhid ailələri və qazilərə xüsusi diqqət və qayğı göstərildiyini diqqətə çatdırıb. Bildirib ki, Sumqayıtda aparılan abadlıq və yenidənqurma işlərinin hər birində şəhidlərin ruhuna ehtiram və Zəfərin əzəmətini yaşatmaq məqsədi dayanır. Sumqayıt Şəhidlər xiyabanının əsaslı təmir olunması, buraqda Qalib əsgər abidəsinin ucaldılması, həmçinin gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi bu istiqamətdə görülən işlərin davamıdır.
Şəhər rəhbəri qeyd edib ki, Zəfər Günü Azərbaycan xalqının birliyinin, müdrik rəhbərliyinin və sarsılmaz iradəsinin təntənəsidir. Bu Qələbə nəticəsində Azərbaycan regionda sülhün, ədalətin və inkişafın əsas təminatçısına çevrilib.
Tədbirdə çıxış edən digər natiqlər də Azərbaycanın ərazi bütövlüyünün bərpasında şəhid və qazilərin misilsiz qəhrəmanlıqlarını vurğulayıblar. Bildirilib ki, Zəfər Günü xalqımızın tarixi yaddaşında əbədi qalacaq və gələcək nəsillərə qürur mənbəyi olacaq.



Müzakirə qapadılmışdır.