Sumqayıtdakı qətlin təfərrüatları məlum olub

965

Ötən ilin noyabr ayının 9-da Sumqayıt şəhərində tənha yaşayan 1945-ci il təvəllüdlü Zülüyxa Osmanovanın qətlə yetirilməsi ilə bağlı məhkəmə prosesi keçirilib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Sumqayıt Ağır Cinayətlər Məhkəməsində hadisəni törədən Xızı sakini, 1995-ci il təvəllüdlü Xanəhməd Rüstəmov Cinayət Məcəlləsinin 120.2.4, 120.2.11 (xüsusi amansızlıqla və quldurluq niyyətilə adam öldürmə) və 181.3.3-cü (Quldurluq-sağlamlığa ağır zərərvurmaqla) maddələri ilə təqsirləndirilib.

Məhkəmədə məlum olub ki, hadisəni törədən Xanəhməd Rüstəmov “Azərbaycan Dəmiryolları” QSC-nin Mühafizə Departamentinin yüklərin və obyektlərin mühafizə komandasının əməkdaşı olub. O, hadisə baş verən gün xidmətdə olub və iş yerini özbaşına tərk edərək oğurluq məqsədilə əvvəlcədən seçdiyi mənzilə yaxınlaşıb.

Banka xeyli miqdarda kredit borcu olan X.Rüstəmov Sumqayıtda bir gün əvvəldən müəyyən etdiyi və kimsənin yaşamadığını düşündüyü mənzilə binanın yağış borusuna dırmaşmaqla çıxıb. O, gecə saat 04 radələrində 3-cü mərtəbədəki mənzilə eyvandan daxil olaraq axtarışa başlayıb və bu zaman mənzildə yaşayışın olduğunu, qonşu otaqdan səs gəldiyini görüb. Daha sonra Xanəhməd eyvandan götürdüyü daşla Z.Osmanovaya ağır zərbələr endirib, onun ölmədiyini gördükdə isə yerə yıxaraq boğub. Evdən 40 manat pul, telefon, notbuk götürən şəxs daha sonra oradan uzaqlaşıb.

Məhkəmədə bildirilib ki, Z.Osmanovanın övladları İngiltərə və Hollandiya vətəndaşlarıdır və o, vaxtaşırı olaraq xaricə gedərək övladı ilə qalıb. Azərbaycana qayıtdıqda isə Sumqayıtdakı evində tək yaşayıb.

Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törədən şəxs tutulub. O, törətdiyi əməli etiraf edib.

Məhkəmə prosesində ifadə verən QSC-nin Mühafizə departamentinin yüklərin və obyektlərin mühafizə komandasının rəisi X.Rüstəmovun hadisə baş verən gün sutkalıq xidmətdə olduğunu və iş yerini özbaşına tərk etdiyini bildirib.

X.Rüstəmov isə evə basqın etməzdən əvvəl xidməti geyimini çıxararaq mülki paltar geyindiyini deyib.

Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə X.Rüstəmova 19 il müddətinə həbs cəzası verilib.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər