Sumqayıtdan biznes forumu keçirilib

748

Sumqayıtda ölkə sənayesinin inkişaf məsələlərinin müzakirəsinə həsr olunmuş “Azərbaycanda sənaye həftəsi” biznes forumu keçirilib. Tədbirdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin, Dövlət Gömrük Komitəsinin, Sumqayıt Şəhər İcra Hakimiyyətinin vəzifəli şəxsləri, “Caspian Energy Club”un rəhbərliyi və yerli sahibkarlar iştirak ediblər.

“Caspian Energy Club”un Baş icraçı direktoru Telman Əliyev, Dövlət Gömrük Komitəsi sədrinin müavini Cavad Qasımov, Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının 1-ci müavini Teymur Səmədov ölkədə sənayenin inkişafı istiqamətində görülən işlərdən danışıblar.

Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının 1-ci müavini Teymur Səmədov bildirib ki, Azərbaycan dövləti sahibkarlığın inkişafına böyük önəm verir. Bu sahənin inkişaına əlverişli şərait yaradılıb və müvafiq hüquqi baza formalaşıb. Dövlət tərəfindən sahibkarlıqla məşğul olanlara diqqətlə yanaşılır, maliyyə dəstəyi göstərilir. Elə bunun nəticəsidir ki, ölkəmizdə, o cümlədən  şəhərimizdə sahibkarların sayı ildən-ilə artır və inkişaf edir. Bu gün şəhərimizdə fəaliyyət göstərən sahibkarlar ölkə iqtisadiyyatına öz tövfəsini verməkdədir. Biz şəhər İcra Hakimiyyəti olaraq bu sahədə çalışanlara dəstəyimizi, köməyimizi heç vaxt əsirgəmirik və bundan sonra da müvafiq,  davamlı dəstək verəcəyik.

Forumda çıxış edən Dövlət Vergi Xidmətinin Vergi siyasəti baş idarəsinin rəisi Nicat İmanov “Azərbaycan Respublikasının 2022‒2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda sənaye sahəsinin prioritetliyinin qeyd edildiyini, sənayenin inkişafında maliyyə, o cümlədən vergi alətlərinin effektiv tətbiqinin nəzərdə tutulduğunu açıqlayıb. Qeyd olunub ki, 2023-cü il yanvarın 1-dən etibarən yerli qida sənayesi istehsalçıları üçün əmlak, torpaq və mənfəət vergisi üzrə vergi güzəştləri tətbiq edilib, bununla bağlı Nazirlər Kabinetinin fəaliyyəti tənzimləyən qərarı isə təsdiqolunma ərəfəsindədir. Vergi qanunvericiliyində edilmiş dəyişikliklər, vergi sahəsində aparılan islahatlar sənaye sektorunun inkişafına səbəb olub. Bildirilib ki, vergi gəlirlərinin 55 faizi məhz sənayenin payına düşür. Eyni zamanda, qeyri-neft sektoru üzrə də vergi daxilolmalarının 30 faizi məhz qeyri-neft sənayesindən daxil olan vergilərin payına düşür. Qeyri-neft sektoru üzrə ümumi daxili məhsulun (ÜDM) artım tempi 21,6 faiz olduğu halda, qeyri-neft sektoru üzrə vergi daxilolmalarının artım tempi təxminən 28 faizdir. Vergi daxilolmalarındakı artım tempinin ÜDM-nin artım tempini üstələməsi həm də “kölgə iqtisadiyyatı”nın azaldılması kimi xarakterizə edilir.

Sənaye texnologiyaları parklarının fəaliyyətinə, onlar üçün tətbiq edilən sənaye investisiya təşviqi alətlərinə də toxunan DVX rəsmisi vurğulayıb ki, təkcə cari il ərzində sənaye texnologiyaları parkının 102 rezidentinə 196 milyon manat məbləğində vergi güzəşti  tətbiq edilib. Ümumilikdə isə indiyədək rezidentlər 380 milyon manata yaxın vergi güzəştindən faydalanıblar. Eyni zamanda, biznesin inkişafı üçün investisiya qoyuluşunu təşviq etmək məqsədilə 571 investisiya təşviqi sənədi verilib. Bu sənədlər ölkəyə 5,5 milyard manat həcmində investisiya yatırımına imkan verib, 38 mindən çox iş yeri rəsmiləşdirilib.

Geniş müzakirələrlə davam edən tədbirdə sahibkarların müxtəlif sualları  cavablandırılıb.



www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər