Sumqayıtın şəhər status almasının 70 illiyi münasibəti ilə möhtəşəm şəhər tədbiri keçiriləcək
Sumqayıt şəhərinin 70 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 14 fevral 2019-cu il tarixli Sərəncamına əsasən 19 Noyabr 2019-cu il tarixdə şəhərinin 70 illiyinə həsr olunmuş ümumşəhər tədbiri keçiriləcək.
Tədbirdə rəsmi şəxslər, millət vəkilləri, xarici ölkə səfirliklərinin və Sumqayıtla qardaşlaşmış şəhərlərin nümayəndələri, ictimaiyyət nümayəndələri və on minlərlə şəhər sakini iştirakı edəcək.
Şəhərin yubileyinə həsr edilmiş bayram tədbiri 11:00 da Sumqayıt şəhər İcra Hakimiyyətinin qarşısında, Azərbaycan prospektində keçiriləcək. Axşam saat 18:00 da isə tanınmış incəsənət ustalarının iştirakı ilə Dövlət Dram Teatrının qarşısında açıq hava konserti olacaq.
Tədbir çərçivəsində Azərbaycan prospekti boyunca Dövlət Sərhəd Xidmətinin hərbi orkestrinin müşayəti ilə həbçilərin hərbi keçidi olacaq. Keçid zamanı Dövlət Sərhəd Xidmətinin malik olduğu müasir silahlar nümayiş olunacaq.
Bununla yanaşı, sənaye müəssisələri, şəhərdə fəaliyyət göstərən idarə, müəssisə və təşkilatlar öz kollektivləri ilə bayram əhval-ruhiyyəsində keçid edəcəklər.
Axsam saat 18:00 da Dövlət Dram Teatrının qarşısında keçirilən bayram konsertində tanınmış incəsənət ustaları, o cümlədən Alim Qasımov, Röya Ayxan, Azərin, Elnarə Abdullayeva, Mənsum İbrahimov, Aygün Kazımova, Ədalət Şükürov və digər müğənnilər çıxış edəcəklər.
Tədbir atəşfəşanlıqla başa çatacaq.
Xatırladaq ki, Sumqayıtın tarixi ötən əsrin 30-cu illərindən başlayır. 1949-cu il noyabrın 22-də isə Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin qərarı ilə Sumqayıta şəhər statusu verilib.
Sumqayıt ötən müddətdə zəngin inkişaf yolu keçərək ölkəmizin böyük sənaye mərkəzlərindən birinə çevrilib. İri müəssisələr şəbəkəsinin və müvafiq infrastrukturun formalaşması şəhərin mədəniyyət, elm, təhsil, səhiyyə, idman və digər sahələrdə tərəqqisinə güclü təkan verib. Bu gün milli dövlət quruculuğu prosesinin fəal iştirakçısı olan Sumqayıt qazandığı uğurları ilə Azərbaycanın iqtisadi qüdrətinin daha da artırılmasında yaxından iştirak edir, ölkənin mədəni və intellektual potensialının gücləndirilməsinə töhfələr verir.