Sumqayıtın 75 illiyinə həsr olunmuş elmi-praktik konfrans keçirilib – FOTO

1848

Sumqayıt şəhərinin 75 illik yubileyinə həsr olunmuş “İlham Əliyev Sumqayıt şəhərinin sürətli sosial-iqtisadi  inkişafının qarantıdır” mövzusunda elmi-praktiki konfrans təşkil olunub.

Konfransda Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak ediblər.

Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov konfransda çıxış edərək bildirib ki, Azərbaycanın, eləcə də Cənubi Qafqazın mühüm sənaye mərkəzlərindən biri kimi tanınan Sumqayıtın inkişafı Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Şəhərin sosial-iqtisadi, o cümlədən, elminin, təhsilinin, mədəniyyətinin inkişafına Ulu Öndər Heydər Əliyev böyük töhfələr vermişdir. Ümummilli Liderin bu sənaye şəhərinə hər səfəri Sumqayıtın tarixində önəmli rol oynamışdır. Bu gün Ulu Öndərin siyasətini uğurla davam etdirən Azərbaycan Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu iqtisadi islahatlar nəticəsində Sumqayıt yeni bir dövrünü yaşayır.

Şəhər rəhbəri vurğulayıb ki, 2003-cü ilin sonlarından başlayaraq, Prezident İlham Əliyevin tapşırıq və nəzarəti altında, diqqət və qayğısı nəticəsində Sumqayıt intensiv sosial-iqtisadi inkişaf prosesləri dövrünü yaşamış, şəhərin sənaye potensialı dəfələrlə artmışdır. Prezident İlham Əliyevin həyata keçirdiyi inkişaf siyasətinin tərkib hissəsi kimi Sumqayıtda yeni sənaye kompleksinin formalaşdırılması ayrıca diqqət mərkəzində saxlanılmış və bu məqsədə nail olunmuşdur. Tarixi şöhrətini bərpa edən Sumqayıt artıq yenidən regionun sənaye mərkəzinə çevrilmişdir. Hazırda şəhərdə onlarca kimya və neft-kimya, qara və əlvan metallurgiya, maşınqayırma, elektroenergetika, yeyinti və yüngül sənaye, tikinti materialları istehsalı müəssisələri fəaliyyət göstərir. Onların hər biri Azərbaycan iqtisadiyyatında böyük rol oynayan aparıcı istehsal müəssisələridir.

Sumqayıt Dövlət Universitetinin professoru Şəfa Əliyev, Azərikimya İstehsalat Birliyinin baş direktoru Elnur Məmmədli, “Socar Polymer” MMC-nin direktoru Fuad Əhmədov, “Qartal” Tikinti firmasının direktoru Şahin Məmmədov və digərləri mövzu ətrafında məruzələrlə çıxış ediblər.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər