Sumqayıtda şəhərin fəxri vətəndaşı olmuş Kərim Axundovun 3-cü məhəllə ərazisində yaşadığı evin fasadına xatirə lövhəsi vurulub.
sumqayitxeber.com AZƏRTAC-a istinadən xəbər verir ki, bu münasibətlə keçirilən tədbirdə çıxış edən Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının müavini Teymur Səmədov K.Axundov haqqında ətraflı məlumat verib. Bildirilib ki, 1914-ci ildə Lənkəran şəhərində anadan olan Kərim Rahil oğlu Axundov 1937-ci ilədək orada yaşayıb, şəhərin yol tikintisində iştirak edib. Böyük Vətən müharibəsi başladığı ilk gündən Qələbəyədək ordu sıralarında bölük komandiri kimi faşist işğalçılarına qarşı vuruşub. O, Vyananın azad olunması əməliyyatında iştirak edib. 1945-ci ildə Odessa vilayətinə qayıdaraq burada müharibə nəticəsində dağılmış təsərrüfatın, həmçinin Voznesenski rayonunun bərpasında fəal iştirak edib.
K.Axundov 1953-ci ildən taleyini Sumqayıtla bağlayıb. 1954-1960-cı illərdə bir sıra tikinti təşkilatlarında çalışaraq Zakpromstroy trestinə başçılıq edib. Sonrakı 13 ili Sumqayıt şəhər icraiyyə komitəsinin birinci müavini vəzifəsində işləyib. 1973-ci ildən respublika əhəmiyyətli təqaüddə olmaqla bərbər 2 saylı tikinti trestində çalışıb. K.Axundov 15 il ərzində şəhər sovetinin deputatı olub. Onun əməyi dövlət tərəfindən yüksək qiymətləndirilib. O, iki dəfə “Qırmızı Əmək Bayrağı” ordeni və bir sıra medallarla təltif edilib. K.Axundovun Sumqayıtın Baş Planın işlənməsinə görə SSSR-in dövlət mükafatı laureatı olub.
Şəhər ağsaqqallar şurasının sədri Müzəffər Gülümov K.Axundov haqqında xatirələrini bölüşüb.
Qardaşı Cabir Axundov göstərilən diqqətə və qayğıya görə ailələri adından minnətdarlığını bildirib.
Sumqayıtın fəxri vətəndaşının yaşadığı binaya xatirə lövhəsi vurulub
•
692
Müzakirə qapadılmışdır.