Dövlət müstəqilliyinin 25 ilini geridə qoyan Azərbaycanın bu dövrdə qazandığı nailiyyətlər saysız-hesabsızdır. Əlbəttə, dövlət üçün 25 il böyük zaman kəsiyi sayıla bilməz. Amma qətiyyətlə deyə bilərik ki, bu müddətdə ölkəmizin uğurları neçə-neçə onilliklərə, qərinələrə bərabərdir. Bu qısa dövrdə əldə olunan yüksəliş haqlı olaraq inkişafın Azərbaycan nümunəsindən bəhs etməyə imkan verir. Diqqəti çəkən odur ki, respublikamız qlobal böhranın hələ səngimədiyi indiki dövrdə də Prezident İlham Əliyevin təşəbbüsləri ilə həyata keçirilən islahatlar nəticəsində iqtisadi artım nümayiş etdirir.
Son illərdə Azərbaycanın keçdiyi inkişaf yolundan söz açdıqda yada düşən əsas məqamlardan biri təbii ki, regionların tərəqqisidir. Prezident İlham Əliyev hələ 2003-cü ildə bu məsələni əsas prioritetlərdən biri kimi müəyyənləşdirib. Bu dövrdə həyata keçirilən inkişaf proqramları ölkənin bütün şəhər və rayonlarını yüksəliş yoluna çıxarıb. Elə bölgə yoxdur ki, orada yeni istehsal və xidmət sahələri yaradılmasın. Nəticədə həm iqtisadi inkişafa nail olunub, həm də vətəndaşların sosial rifahı təmin edilib. Bu dövrdə həm də bütün bölgələrin siması dəyişib. Aparılan abadlıq və quruculuq işləri nəticəsində şəhər və kəndlərimiz gözəlləşib, modernləşib.
İttifaq miqyasında tanınan şəhər
Azərbaycanın son illərdə sürətli yüksəliş yolu keçən, dinamik inkişaf edən, abadlaşan ünvanlarından biri də Sumqayıtdır. Lakin Sumqayıtın inkişafından söz açarkən öncə şəhərin ötən əsrin 70-80-ci illərində keçdiyi inkişaf dövrü yada düşür. Çünki gənc Sumqayıtın ilk inkişaf mərhələsi məhz həmin dövrə təsadüf edir. Həmin illərdə ölkəyə rəhbərlik edən ulu öndər Heydər Əliyevin başlatdığı islahatlar, inkişaf strategiyası nəticəsində Azərbaycanın bütün şəhərləri kimi Sumqayıt da dinamik inkişaf yoluna qədəm qoymuşdu. Bu mənada hələ sovet illərindən sumqayıtlılar ulu öndərin xüsusi diqqət və qayğısını hər zaman hiss ediblər. Ölkəmizə birinci rəhbərliyi dövründə 16 dəfə Sumqayıtda olan Heydər Əliyevin hər səfəri şəhərin yaddaşında böyük tarixi hadisə olub.
Xüsusilə Sumqayıtın sosial-iqtisadi inkişafında, onun sənaye sahələrinin və infrastrukturunın formalaşmasında və potensialının artırılmasında ulu öndər Heydər Əliyevin müstəsna xidmətləri olmuşdur. Heydər Əliyev 1969-cu ildə Azərbaycana rəhbər seçiləndə Sumqayıtda əsas etibarilə metallurgiya və kimya müəssisələri var idi. Qısa müddətdə məhz Heydər Əliyevin təşəbbüsü ilə yüngül sənaye müəssisələri və sənayenin digər sahələri inkişaf etdirildi, yeni istehsal sahələri istismara verildi. Məsələn, 1970-ci illərin əvvəllərində əhalinin məişət kimyası mallarına olan tələbatını maksimum ödəmək məqsədilə Zaqafqaziyada ilk dəfə olaraq Sumqayıt Məişət Kimyası Zavodu yaradıldı, “Superfosfat” zavodunda yüksək texnologiya əsasında inşa edilərək dənəvər superfosfat gübrəsi istehsalatı işə salındı. 1970-73-cü illərdə “Üzvi sintez” zavodunda bir-birinin ardınca qliserin, benzol, izobutilen və poliizobutilen, həmçinin xlor və diafraqma üsulu ilə kaustik soda istehsalı sexləri fəaliyyətə başladı. 1974-cü ildə Sintetik Kauçuk Zavodunda yüksək markalı kauçuk istehsal edən sexin yenidən qurulması ilə onun istehsal gücü xeyli artırıldı. Ümumiyyətlə, 1969-82-ci illərdə ulu öndərin rəhbərliyi altında Sumqayıtda bir çox müəssisələr istifadəyə verildi. Bunlardan Kompressorlar zavodunu, Üst trikotaj və Xovlu İplik fabriklərini, Süd və Yeyinti məhsulları kombinatlarını misal göstərmək olar.
Ulu öndər neft-kimya sənayesini inkişaf yoluna çıxardı
1974-cü ildə Sumqayıtın yaradılmasının 25 illik yubiley tədbirində çıxış edən Heydər Əliyev kimyaçıların heç də asan olmayan, gərgin, fədakar əməyini, əldə olunmuş nailiyyətləri yüksək qiymətləndirməklə yanaşı, kimya sənayesinin prioritet inkişaf istiqamətləri barədə fikirlərini söyləyərək qarşıda duran vəzifələrlə bağlı kimyaçılara gələcək üçün fəaliyyət proqramı ola biləcək dəyərli tövsiyələrini də verdi. Bundan sonra, 1975-76-cı illərdə Heydər Əliyev Sumqayıtın neft-kimya kompleksi üçün ən yeni texnologiyalar əsasında yaradılmış, Almaniya və Çexoslovakiya istehsalı olan EP-300 qurğusunun – layihə gücü etilenə görə 300 min, propilenə görə isə 138 min ton olan həmin nadir kompleksin əldə edilməsi üçün Moskvaya müraciət etdi. Dahi rəhbər özünəməxsus uzaqgörənliklə həmin kompleksin respublikamızın iqtisadiyyatı üçün böyük əhəmiyyəti və perspektivi olduğunu yaxşı bilirdi. Lakin Kreml rəhbərləri həmin nadir kompleksin xaricdən alınması üçün külli miqdarda vəsait tələb edildiyini, buna isə guya SSRİ-nin imkanı olmadığını əsas gətirərək Azərbaycanın müraciəti ilə bağlı heç bir tədbir görmək istəmirdi.
Belə olduqda, hər zaman vəziyyəti düzgün qiymətləndirməyi və müvafiq qərar qəbul etməyi məharətlə bacaran Heydər Əliyev respublikamızın neft-kimya sənayesinin yeni inkişaf mərhələsinə qaldırılması, bu sahənin ixrac məhsullarının daha yüksək keyfiyyətinə nail olmaq məqsədilə 70-ci illərin sonlarında SSRİ Nazirlər Soveti sədrinin birinci müavini N.Tixonovu respublikamıza dəvət etdi. Məhz bundan sonra çox keçmədən İttifaq rəhbərliyi Heydər Əliyevin təklifini nəzərə alaraq xaricdən böyük həcmdə valyuta ilə alınan EP-300 texnoloji kompleksinin Sumqayıtda inşasına qərar verdi. 1981-ci ildə həmin müasir texnoloji kompleksin Azərbaycana gətirilərək Sumqayıtda inşasına başlanılması Heydər Əliyev dühasının, onun müdrik iqtisadi siyasətinin böyük qələbəsi idi.
1970-80-ci illərdə Sumqayıt öz iqtisadi potensialına görə SSRİ məkanında tanınmağa başlamışdı. Onun istehsal etdiyi məhsullar ölkənin 700 şəhərinə ixrac olunurdu. Bütün bunlar ulu öndərin Sumqayıta olan münasibətini nümayiş etdirirdi. Azərbaycan imperiya tərkibində olmasına baxmayaraq, bu cür inkişaf edirdi. Ən əsası, respublika rəhbərinin diqqət və qayğısı sayəsində şəhər əhalisinin rifahı durmadan yüksəlirdi. Adamlar yaradıcı əməkləri ilə şöhrət qazanır, ucalırdılar. Sumqayıt keçmiş Sovetlər birliyində dostluq, qardaşlıq, metallurqlar, kimyaçılar, energetiklər, inşaatçılar, əmək qəhrəmanları şəhəri kimi şöhrət qazanmağa başladı. Heydər Əliyev vaxtaşırı olaraq Sumqayıtda olur, şəhər fəalları ilə görüşür, onları narahat edən problemlərlə maraqlanırdı.
Ulu öndər müstəqil Azərbaycana rəhbərliyi dövründə də əvvəlki kimi Sumqayıta daim diqqət və qayğı göstərmişdir. Bu qayğının nəticəsində Sumqayıt yenidən özünün dirçəliş dövrünü yaşamağa başlamışdır. 1993-cü il dekabrın 18-də ulu öndər Heydər Əliyev müstəqil Azərbaycan Respublikasının Prezidenti kimi ilk dəfə Sumqayıta gəlmiş, şəhərimizdə quraşdırılmış yeni telefon stansiyasının açılışında iştirak etmiş, Tarix muzeyində olmuş, “Şəhidlər xiyabanı” kompleksini ziyarət etmiş, icra hakimiyyətinin işçiləri ilə görüşərək tapşırıq və tövsiyələrini vermişdi. Ulu öndərin uğurlu və uzaqgörən siyasəti, verdiyi tövsiyə və tapşırıqlar şəhərin sosial-iqtisadi inkişafına böyük təkan vermiş, qurub yaratmağa əbədi həvəs, gələcəyə böyük inam yaratmışdır. Bundan sonra Heydər Əliyev 5 dəfə Sumqayıtda olmuş, müxtəlif tədbirlərdə iştirak etmiş, şəhər ictimaiyyəti ilə görüşmüşdür. Bu səfərlər ulu öndərin Sumqayıta və sumqayıtlılara böyük diqqətinin təzahürü idi.
Məhz ümummilli liderin müdrik və uzaqgörən iqtisadi inkişaf modelinin nəticəsi olaraq ötən əsrin 90-cı illərində Sumqayıtın yeni ictimai-iqtisadi münasibətlər sisteminə adaptasiyası sürətlənmişdir. Heydər Əliyevin Sumqayıtın sənaye potensialının bərpası, mövcud müəssisələrin modernləşdirilməsi, elmi innovasiyaların tətbiqinin sürətləndirilməsi istiqamətində həyata keçirdiyi tədbirlər tez bir zamanda müsbət nəticələrini göstərməyə başlamışdır.
Ümummilli liderin bu şəhərlə bağlı qarşıya qoyduğu vəzifə belə idi ki, Sumqayıt yenidən ənənəvi sənaye kompleksi kimi bərpa edilsin, burada yerli kadr potensialına əsaslanan müasir müəssisələr açılsın. Ən vacibi isə Sumqayıtda insanların rahat yaşamaları üçün müvafiq şərait yaradılsın və yeni iş yerləri açılsın ki, Sumqayıt yenidən seçilən bir şəhərə çevrilsin.
Azərbaycanın müasir sənaye mərkəzi
Sumqayıt şəhərinin tarixi ənənələr əsasında inkişaf edərək nəinki Azərbaycanın və Cənubi Qafqazın, ümumən Avropanın iri sənaye mərkəzlərindən birinə çevrilməsi, Bakı şəhəri ilə tam rəqabət aparmaq imkanına malik olması ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf strategiyasını uğurla davam etdirən və dövrün tələbinə uyğun zənginləşdirən Prezident İlham Əliyevin müəyyənləşdirdiyi əsas hədəflərdəndir. Sumqayıt ölkə Prezidenti İlham Əliyevin daim diqqət və qayğısını duyur və hiss edir. Son 14 ildə şəhərdə qazanılan hər bir sosial-iqtisadi uğur cənab Prezidentin adı ilə bağlıdır. Xüsusən regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının uğurla icrası çərçivəsində qarşıya qoyulan vəzifələrin reallaşdırılması Sumqayıt şəhərini də dinamik inkişaf yoluna çıxarıb. Ölkənin makroiqtisadi gostəricilərində şəhərin xüsusi cəkisi artıb, sahibkarlığın inkişafının daha da sürətləndirilməsi, istehsal və emal muəssisələrinin fəaliyyətinin bərpası və genişləndirilməsi, iqtisadi və sosial-mədəni infrastruktur obyektlərinin yenidən qurulması istiqamətində uğurlu nəticələr qazanılıb.
Digər tərəfdən, Sumqayıt müəyyən dövrdə itirdiyi sənaye şəhəri adını özünə qaytarır və bu yolda inamla irəliləyir. Əminliklə deyə bilərik ki, Sumqayıt Azərbaycanın müasir sənaye mərkəzidir. Şəhərin iqtisadi strukturuna kimya və neft-kimya, qara və əlvan metallurgiya, maşınqayırma, elektroenergetika, yeyinti və yüngül sənaye, tikinti materialları istehsalı müəssisələri daxildir. Konkret ifadə etsək, artıq Sumqayıtda 200-dən çox sənaye yönümlü müasir texnologiya əsasında işləyən müəssisə fəaliyyət göstərir. Ən önəmlisi odur ki, bu müəssisələrin əksəriyyəti müasir dünya standartlarının tələblərinə uyğun texnologiya ilə işləyir.
Sumqayıtda sənayenin inkişafı istiqamətində diqqəti çəkən əsas məqam ondan ibarətdir ki, vaxtilə xəyal görünən layihələr bu gün məhz Prezident İlham Əliyevin dolğun, aydın, konkret fəaliyyət prioritetləri çərçivəsində əzmlə, inadla, fədakarlıqla həyata keçirilir. Artıq 10 rezidenti olan Sumqayıt Kimya Sənaye Parkında bu il 5, gələn il isə 2 müəssisə istifadəyə veriləcək. Mövcud layihələr üzrə rezidentlər tərəfindən sənaye parkına 1,2 milyard ABŞ dolları həcmində investisiyanın yatırılması və 2000-ə yaxın daimi iş yerinin açılması nəzərdə tutulur. Sənaye parkında istehsal olunacaq məhsullar daxili bazarın tələbatını ödəməklə yanaşı, “Made in Azerbaijan” brendi ilə xarici bazarlara da ixrac ediləcək.
Məhz yeni sənaye müəssisələrinin yaradılmasının nəticəsidir ki, Sumqayıtda bu ilin birinci rübündə sənaye məhsulunun istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə 16,4 faiz artaraq 202,3 milyon manat olmuş, məhsul istehsalı 28,5 milyon manatdan çox artmışdır. Hazırda şəhərimizdə neçə-neçə sənaye müəssisəsinin tikintisi davam edir. Bu il aprelin 28-də Prezident İlham Əliyevin Sumqayıta səfər edərək inşa olunan karbamid zavodunda tikinti işlərinin gedişi ilə tanış olması göstərdi ki, şəhərimizdə yaradılan yeni sənaye müəssisələri dövlət başçısının diqqət mərkəzindədir.
Abadlıq və quruculuq meydanı
Sumqayıt həm də son illərdə əsaslı tikinti və quruculuq meydanına çevrilmişdir. Prezident İlham Əliyevin tapşırığı və yaxından köməyi sayəsində şəhərdə ötən ilin əvvəllərindən abadlıq, quruculuq, yaşıllaşdırma sahəsində irimiqyaslı layihələrin icrasına başlanılmış və səkkiz-on ay ərzində uğurla başa çatdırılmışdır.
Görülən işlərin nəticəsində şəhərin əsas giriş yolu olan Sülh küçəsi 4,2 kilometr məsafədə hər iki tərəfə genişləndirilərək 90 min kvadratmetrə çatdırılmış, yağış sularının qəbuledicisi, su, kanalizasiya, kommunikasiya xətləri, küvetlər çəkilmiş, 100 min kvadratmetr sahəyə yaşıl örtük salınmış, ərazidə 120 mindən çox ağac və dekorativ kollar əkilmiş, 16 min kvadratmetr hasar çəkilmiş, müasir işıqlandırma sistemi quraşdırılmış və Bayraq Meydanı tikilmişdir.
Sumqayıtın ikinci giriş yolu Sahil küçəsi 7,5 kilometr uzunluğunda yenidən qurulmuş, yolun eni 13 metrə çatdırılmış, 166 min kvadratmetr sahəyə asfalt döşənmiş, 5 kilometr uzunluğunda istinad divarı, piyada yolu, kommunikasiya xətləri çəkilmiş və 7 min kvadratmetr sahəyə səki daşları döşənmiş, işıqlandırma sistemi yenidən qurulmuşdur. Corat qəsəbəsindən keçən hissədə sakinlərin istirahəti üçün park salınmışdır.
Dəniz kənarında uzunluğu 4,2 kilometr, sahəsi 106 hektar olan, əhalinin istirahəti üçün bütün şərait yaradılmış, müasir tələblərə cavab verən bulvar salınmışdır. Burada 55 hektar sahədə yaşıllıq zolağı, 160 mindən çox ağac və dekorativ kol, 2 milyon ədəd gül və çiçək əkilmiş, avtomat suvarma sistemi yaradılmışdır.
Sumqayıt Dövlət Dram Teatrı əsaslı təmirdən sonra istifadəyə verilmiş, müasir avadanlıqlarla təchiz edilmiş, 500 yerlik tamaşa, 100 yerlik akt zalları, iş otaqları, işıqlandırma sistemi müasir üslubda yenidən qurulmuş, binanın qarşısındakı meydana 15 min kvadratmetr qranit daş döşənmiş, iki fəvvarə və monitor quraşdırılmışdır.
Ulu öndərin adını daşıyan parkda yenidənqurma işləri aparılmış, ərazi 8 hektardan 10 hektara qədər genişləndirilmiş, müasir işıqlandırma sistemi qurulmuş, əhalinin istirahəti üçün şərait yaradılmış, yeni ağaclar əkilmiş, yaşıllıq zolağı salınmış, geniş həcmdə abadlıq işləri aparılmış, rəngli fəvvarələr kompleksi və Bayraq Meydanı tikilmiş və uşaqlar üçün Əyləncə Mərkəzi inşa olunmuşdur.
Heydər Parkında sahəsi 5 min kvadratmetr olan 4 mərtəbəli Heydər Əliyev Mərkəzi inşa edilmiş, önündə ulu öndərin ağ mərmərdən heykəli ucaldılmışdır. Mərkəzdə onun həyat və fəaliyyətini əks etdirən muzey, 420 yerlik iclas, 50 yerlik konfrans, rəqs, sərgi və kompüter zalları, elektron kitabxana, xalçaçılıq dərnəyi, rəsm və linqafon otaqları, smart sinfi, foto və videostudiya, gənclər üçün diskussiya zalları fəaliyyət göstərir. Nikah evi burada yerləşdirilib.
Heydər Parkında müasir memarlıq üslubunda sahəsi 2950 kvadratmetr olan 735 yerlik 3 mərtəbəli Uşaq İncəsənət məktəbi tikilmişdir. Məktəbdə 60 sinif otağı fəaliyyət göstərir, 700-dən çox şagird təhsil alır, 200-dən artıq müəllim çalışır. Yenidənqurma işləri çərçivəsində ümumi sahəsi 1000 kvadratmetr olan 2 mərtəbəli Şahmat məktəbi də tikilmiş və müasir avadanlıqla təchiz edilmişdir.
Bu gün Sumqayıt özünün yeni inkişaf mərhələsini yaşayır. Prezident İlham Əliyevin həyata keçirdiyi islahatlar nəticəsində şəhərin sürətli inkişafı təmin olunub, Sumqayıt sənaye mərkəzi kimi vaxtilə qazandığı şöhrətini yenidən bərpa edib. Bütün bunlar onu göstərir ki, ulu öndər Heydər Əliyevin ideyaları, arzuları həyata vəsiqə alır, uğurla reallaşır. Əminik ki, uğurla həyata keçirilən inkişaf strategiyasının nəticəsi olaraq Sumqayıt tezliklə nəinki respublikamızın, Avropanın və dünyanın ən gözəl diyarlarından birinə çevriləcək.
Zakir FƏRƏCOV,
Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı
Müzakirə qapadılmışdır.