Sumqayıtın salınmasında almanlar iştirak edib? – APA TV

555

İkinci Dünya Müharibəsi – bəşər tarixinin ən böyük müharibələrindən biridir. Məhz bu müharibədə 60-a qədər ölkə iştirak edib. Bu müharibədə nə qədər insanlar həyatlarını itirib, kimləri isə əsir düşərək tanımadıqları ölkələrə sürgün edilib. APA TV-nin məlumatına görə, elə sovet əsgərləri tərəfindən əsir götürülmüş alman əsgərləri də o zaman tanımadıqları Sumqayıt şəhərinə gətirilir. Onlar burada şəhərin salınmasına cəlb edilirlər. 311 girovdan 269-u alman əsilli, qalanları avstriyalı və macar imiş. Azərbaycan SSR-də gənclər şəhəri olan Sumqayıtın salınmasında iştirak edən bu əsirlər elə əsasını qoyduqları şəhərdə dəfn olunublar. Uzun müddət Azərbaycanda dəfn olunmuş almanların şəxsiyyəti barədə heç bir məlumat olmayıb. Sovet rejimində hərbi əsirlər haqqında informasiya dövlət sirri səviyyəsində qorunurdu. Onlar 40-50-ci illərdə Sumqayıtın tikintisində iştirak ediblər. Sumqayıtın İnşaatçılar qəsəbəsində “finski” adlanan taxta evlərin tikilməsində, eləcə də 4,5,18 və 19-cu məhəllələrin salınmasında xüsusi iştirak ediblər. Bununla yanaşı, Sumqayıtda 1952-ci ildə inşa olunan Cəfər Cabbarlı adına Mədəniyyət evinin tikintisində də onların əməyi olub. Sumqayıt şəhər Tarix Muzeyinin şöbə müdiri Sevinc Əmirova deyir ki, hərbi əsirlərdən biri olan Boda Koxanovski öz həyatından bəhs edən kitab da yazıb. Şöbə müdirinin sözlərinə görə, kitabda əsirlərin həyat tərzindən geniş bəhs edilir. Müəllif yazır ki, Sumqayıtın qışı sərt, yayı isti, payızı isə leysan yağışlıdır. İçməli su mənbələri isə azdır. Kitabda Xəzər dənizinin də adı çəkilir: “Bunun təsdiqi kimi biz hazırda Katec yaşayış massivində olan onların məzarlığını göstərə bilərik. Bu məzarlıq xalq arasında “Alman qəbiristanlığı” da adlandırılır. Kitabda eyni zamanda Sumqayıtın bir sıra müəssisələrinin tikintilərinin də adı hallandırılır. Göstərilir ki, burda biz şəhərsalmada, eyni zamanda “Lenin adına“Azərbaycan Boruprokat” zavodunun bəzi sexlərinin qurulmasında, tikilməsində, “Cəfər Cabbarlı adına Metallurq Mədəniyyət evi”nin tikintisində, həm də fin evlərinin tikintisində yaxında iştirak etmişik”. Muzeyin şöbə müdiri deyir ki, müəllifin digər bir kitabında Sumqayıtda işləyən Bədəlova adlı həkimin xidmətlərindən bəhs edilir, həmin həkimin əsirlərin qayğısına qaldığını vurğulayır: “Bədəlovanın bunlara olan sonsuz məhəbbəti 2009-cu ilin 25 aprelində “Sumqayıt” qəzetində “Macarıstandan məktub” başlıqlı bir yazı diqqətimiz cəlb etdi. Həmin yazıda vaxtilə Sumqayıtda əsir həyatı yaşayan macarıstanlı Loza Conboş adlı bir nəfər Macarıstandakı səfirliyimizə məktubla müraciət edir və Bədəlova haqqında məlumat verir. O öz məktubunda göstərir ki, bizə Bədəlova adında xanım qulluq edirdi. O bizim qayğımıza qalırdı. İndi bilmirəm o sağdır ya rəhmətə gedib”. Muzeydə olan kitablar da sübut edir ki, SSRİ dövründə Sumqayıtda gedən tikintilərdə alman əsirlər iştirak ediblər. Bir məsələni də qeyd edək ki, hazırda Sumqayıt şəhəri Almaniyanın Lüdviqshafen şəhəri ilə də qardaşlıq edir. Bu qardaşlığın əsası 1077-ci ildə qoyulub. Bu həm də tolerantlığın nümunəsidir. Azərbaycan minilliklər boyu müxtəlif xalqların azad, sərbəst və heç bir maneə ilə rastlaşmadan yaşadığı bir məmləkətdir. Bu, tarixin bütün dönəmlərində və mərhələlərində belə olub. Ölkəmizdə tarixi ənənəyə söykənən və uzun əsrlər ərzində formalaşan tolerantlıq mühiti nəticəsində azsaylı xalqların hüquqlarının qorunmasına və onlara ana dilini, mədəniyyətini, dinini yaşatmaq üçün şərait yaradılıb.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər