Dekabrın 17-də Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında görkəmli dövlət xadimi Kamran Hüseynovun 100 illiyinə həsr olunmuş yubiley tədbiri keçirilmişdir.
Trend AzərTAc-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2013-cü il 6 avqust tarixli Sərəncamına əsasən keçirilən yubiley tədbirində dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları, elm və mədəniyyət xadimləri, Qubadlı rayonundan olan ziyalılar iştirak etmişlər.
Tədbirdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev görkəmli dövlət xadimi Kamran Hüseynovun zəngin həyat yolundan və fəaliyyətindən söhbət açmışdır.
Nazir Kamran Hüseynovun: “Taleyimdən razıyam, onu özüm yaratdım. Oxutmadılar-oxudum. Evləndirmədilər-evləndim. Böyütmədilər-böyüdüm. Dayağa söykənmədim, dayaq oldum”- sözlərində böyük həyat fəlsəfəsi olduğunu diqqətə çatdırmışdır. Qeyd etmişdir ki, bu sadə sözlərdə Kamran Hüseynovun mənalı ömür yolu və bitkin obrazı vardır.
Bildirilmişdir ki, respublikada dövlət idarəçiliyi və iqtisadiyyatın müxtəlif sahələrində səmərəli fəaliyyət göstərmiş, uzun illər ərzində təqdirəlayiq xidmətləri ilə ölkənin ictimai-siyasi həyatına layiqli töhfələr vermiş Kamran Əsəd bəy oğlu Hüseynov 1913-cü il dekabrın 15-də Zəngəzur qəzasının (indiki Qubadlı rayonunun) Çərəli kəndində anadan olmuşdur. Əmək fəaliyyətinə gənc yaşlarından başlamış, 1934-cü ildən etibarən isə Bakının neft sənayesində müxtəlif vəzifələrdə çalışmışdır. 1938-1940-cı illərdə Xarkov İnşaat Mühəndisləri İnstitutunda, 1940-1941-ci illərdə Azərbaycan Sənaye İnstitutunda təhsil almışdır. 1949-cu ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun tarix fakültəsini və respublika Ali Partiya Məktəbini bitirmişdir.
Qeyd edilmişdir ki, tarix elmləri doktoru Kamran Hüseynov 1941-1944-cü illərdə iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərmiş, 1944-1945-ci illərdə Sumqayıt Rayon Partiya Komitəsinin sənaye və kadr işləri üzrə katibi, 1945-1947-ci illərdə indiki Binəqədi Rayon Partiya Komitəsinin birinci katibi işləmişdir. 1949-1952-ci illərdə Mingəçevirdə aparılan inşaat işlərinin rəhbərlərindən biri olan Kamran Hüseynov 1952-1953-cü illərdə Neftçala Rayon Partiya Komitəsinin birinci katibi, 1953-1958-ci illərdə isə Sumqayıt Şəhər Partiya Komitəsinin birinci katibi vəzifələrində çalışmışdır. O, 1993-cü ildən 2006-cı ilədək-ömrünün sonunadək isə Ticarət və Sənaye Palatasının müşaviri işləmişdir.
Diqqətə çatdırılmışdır ki, Kamran Hüseynov çalışdığı bütün sahələrdə yüksək peşəkarlıq, təşkilatçılıq qabiliyyəti nümayiş etdirmişdir. Sumqayıt, Mingəçevir, Naftalan kimi yeni yaşayış məntəqələrinin salınmasında, onların iri yaşayış, sənaye-mədəniyyət mərkəzlərinə çevrilməsində Kamran Hüseynovun səmərəli xidmətləri olmuşdur.
Nazir Kamran Hüseynovun 1970-80-ci illərdə ulu öndər Heydər Əliyevin rəhbərliyi altında respublikamızda başlanmış geniş quruculuq işlərində yaxından iştirakını vurğulamış, onun yüksək əxlaqi-mənəvi keyfiyyətlərindən danışmış, Vətənə, xalqa layiqli xidmət nümunəsi olan şərəfli ömür yolunun həmişə örnək kimi xatırlanacağını bildirmişdir.
Qeyd edilmişdir ki, Kamran Hüseynov sovet və Azərbaycan nümayəndə heyətlərinin rəhbəri kimi dünyanın bir çox ölkələrində keçirilən müxtəlif tədbirlərdə iştirak etmişdir. O, Azərbaycan Ağsaqqallar Şurası İdarə heyətinin üzvü kimi gənc nəslin Vətənə, müstəqil dövlətçiliyimizə məhəbbət ruhunda tərbiyəsi üçün öz dəyərli məsləhətlərini əsirgəməmişdir. Kamran Hüseynovun hələ sağlığında yazıb çap etdirdiyi “Bir ömrün salnaməsi” və “Quruculuğa həsr olunmuş ömür” kitabları son illər yazılıb ortaya çıxarılmış xatirə ədəbiyyatımızın ən yaxşı nümunələrindəndir.
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Mehbalıyev isə Kamran Hüseynovun 1958-1961-ci illərdə respublika Həmkarlar İttifaqları Şurasının sədri, 1961-1968-ci illərdə Moskva şəhərində Ümumittifaq Həmkarlar İttifaqları Mərkəzi Şurasının katibi, 1968-1980-ci illərdə Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini, 1980-1993-cü illərdə respublika Ticarət və Sənaye Palatasının sədri vəzifələrində işləyərkən üzərinə düşən işləri layiqincə yerinə yetirdiyini söyləmişdir. O, Kamran Hüseynovun Moskva şəhərində Ümumittifaq Həmkarlar İttifaqları Mərkəzi Şurasının katibi işləyərkən həmkarlar ittifaqı hərəkatına verdiyi töhfələrdən, fəhlələrin əmək hüquqlarının qorunması və onların istirahətinin təşkilində göstərdiyi xidmətlərdən də danışmışdır.
Çıxışlarda Kamran Hüseynovun əməyinin dövlət tərəfindən yüksək qiymətləndirildiyi də qeyd edilmişdir. Diqqətə çatdırılmışdır ki, o, bir sıra orden və medallarla, o cümlədən müstəqil Azərbaycan Respublikasının “Şöhrət” ordeni ilə təltif edilmiş, Azərbaycan Prezidentinin fərdi təqaüdçüsü olmuşdur.
Qeyd edilmişdir ki, nəcib bir ailədə dünyaya göz açmış Kamran Hüseynovun ömür yolu həyatını namusla, dürüstlüklə yaşamaq istəyənlər üçün bir örnəkdir. O, həyatda atdığı ilk addımı ilə halallığa könül vermiş, 9-10 yaşından əkin-biçində çalışmış, atasını erkən itirdiyindən və evin böyük oğlu olduğundan çox çətinliklərə sinə gərmişdir. Ailəyə kömək üçün Bakıya gəlib neft sənayesində fəhləlik etmiş, burada təhsil almış, istehsalatda fərqlənmişdir. Onun zəngin bioqrafiyası göstərir ki, yaratmaq, tikmək, qurmaq bu nadir insanın həyat amalı olmuşdur. Aydın fikri, iti düşüncəsi, pak əxlaqı olan və bir müdrik ömrü yaşamış Kamran Hüseynov bu mənəvi statusunu ömrünün sonunadək qoruyub saxlamışdır.
Çıxışlarda belə bir fikir də vurğulanmışdır ki, görkəmli dövlət xadimi Kamran Hüseynovun adı Azərbaycan dövlətinin və hökumətinin tarixinə əbədi həkk olunmuşdur. Azərbaycanın dövlətçilik tarixində onun adı həmişə şərəflə xatırlanacaqdır.
Tədbirdə Kamran Hüseynovun ömrünün müxtəlif anlarını canlandıran sənədli filmdən fraqmentlər nümayiş olunmuşdur.
Kamran Hüseynovun qızı Hicran Hüseynova atasının Vətənə sonsuz sevgisindən danışmış, ümummilli lider Heydər Əliyev tərəfindən onun xidmətlərinin həmişə yüksək qiymətləndirildiyini bildirmişdir. O, Prezident İlham Əliyevə görkəmli ictimai-siyasi xadim Kamran Hüseynovun 100 illik yubileyinin qeyd olunması barədə Sərəncam imzaladığına görə minnətdarlığını bildirmişdir.
Müzakirə qapadılmışdır.