Sumqayıtın salnaməsini yazan yazıçı-jurnalist

59

(Elegiya)                                            

Azərbaycan Respublikasının  Əməkdar jurnalisti, peşəkar jurnalist, çox maraqlı yazıçı, kinossenarist, Prezident mükafatçısı, ictimai xadim Eyruz Surxay oğlu Məmmədov 2026-cı ilin fevral ayının 24-də, türkdilli xalqların ən müqəddəs günlərindən biri olan Su Çərşənbəsi günündə- 73 yaşında haqq dünyasına qovuşdu.

Eyruz  Məmmədov  jurnalist, kinossenarist və televiziya aparıcısı kimi bütün həyatını Sumqayıta həsr etmişdi. O, 15 yaşından, jurnalistikaya  başladığı ilk gündən də birinci yazısı Sumqayıt haqqında oldu və 73 yaşında, fevral ayının 22-də yazdığı son yazı da Sumqayıta həsr olundu.

Eyruz Məmmədov  “Exo Sumqayıta”  qəzetinə rəhbərlik etməyə başladığı ilk günlərdən dünya səviyyəli informasiyalar toplayırdı. İnanırdıq ki, bütün bunlar gələcəkdə xaqlımız üçün ən dəyərli yazılar olacaq. Bu informasiyaların, xəbərlərin  bəzilərinin əsasında Eyruz Məmmədov çox maraqlı məqalələr hazırlayıb dünya mətbuatına çıxarırdı və oxucular  tərəfindən yüksək səviyyədə qarşılanırdı.

Eləcə də  o, 1988-ci  ilin fevral ayının 28 və 29-unda ermənilərin və SSRİ Dövlət Təhlükəsizliyi Komitəsinin, Erməni separatçılarının  əlilə Sumqayıtda törədilən qanlı hadisləri  əsasında “Sumqayıtın əks-sədası” adlı çox maraqlı kitablar yazdı. Bu kitablar əsasında Eyruz Məmmədov  çox istedadlı rejissor, vaxtsız vəfat eləmiş  sumqayıtlı  dostumuz  Davud  İmanovla birlikdə ssenari yazaraq  “Sumqayıtın əks-sədası” adlı çox seriyalı sənədli  kinofilm araya-ərsəyə gətirdilər. Bu sənədli kinofilmdə çəkilən keçmiş SSRİ-nin rəhbərlərilə Eyruz Məmmədov və Davud İmanovun görüşməsinə Moskvada yaşayan  həmyerlimiz, maraqlı nasir, dramaturq, ssenarist, mərhum  Fərhad  Ağamalıyev çox köməklik elədi. Belə  ki o, həmin adamların telefonlarının tapılmasında, onlarla görüşlərin təşkilində  xeyli iş gördü. “Sumqayıtın əks-sədası” kinofilmi keçmiş Sovetlər birliyində həqiqətən böyük əks-səda  yartdı. Az bir vaxtda bu kinofilmə görə Eyruz Məmmədov və Davud İmanov respublikamızda və MDB məkanında  çox məşhur oldular.

Eyruz Məmmədovun Sumqayıt hadisələri ilə bağlı yazdığı kitablar dünya xalqlarının otuzundan  çoxunun dilinə tərcümə olunub, dünyaya yayıldı. Bu kitablar vasitəsilə dünya xalqları əsl həqiqətləri öyrəndilər…

Eyruz Sumqayıtla nəfəs alırdı desək daha düz olar. Sumqayıt şəhərinin 50 illik yubileyinə həsr olunan 800  səhifəlik “Sumqayıtım mənim” adlı çox böyük, geniş həcmli Eyruzun kitabı- yazılar toplusu kimi həmin vaxtı respublikada çox maraqla qarşılandı. 2024-cü ildə də yenə 750 səhifəlik kitabı və xatirə şəkillərdən ibarət çox böyük kitabı da Sumqayıtın 75 illik yubileyinə həsr olunan ən böyük toplumlar, töhfələr oldu.  Bu kitablarda Sumqayıt tarixində bir salnamə olaraq qaldı.  Çünki bu kitablarda da yalnız Eyruz Məmmədov tərəfindən yazılan  çoxlu oçerk, tarixi məqalə toplanıb. Bu yazılar da gələcək nəsillərimiz  üçün bir töhfə kimi qaldı. Həmin kitabların Sumqayıtda çox  geniş müzakirəsi olub. Respublika mətbuatında bu haqda çox yazılıb, televiziyalarda, radiolarda verilişlər hazırlanıb.  Beləliklə, Eyruz Məmmədov Sumqayıtın salnaməsini yazan birinci və yeganə yazar kimi tarixdə qaldı. Biz inanırıq ki, nə qədər Sumqayıt şəhəri yaşayacaq, o qədər də Eyruz Məmmədov yaşayacaq.

Eyruzun lap cavanlıq illərindən xasiyyətində olan yeddi cəhət həmişə bizi  valeh eləyib. Elə  onunla təmasda olan və dostluq edən hər kəsi həmin yeddi cəhət həmişə valeh eləyirdi. Birinci- Eyruzun yüksək səbri olduğundan qarşısındakı adamı yüksək səviyyədə dinləmək mədəniyyətinə, qabiliyyətinə  malik idi.  İnkici-Eyruz az danışmağı və çox iş görməyi xoşlayırdı. Danışdığı az cümlələrlə böyük fikirlər demək qabiliyyətinə malik idi. Üçüncü-Eyruz dostluqda, yoldaşlıqda həmişə bütöv insan idi. O, kiminlə dostluq, yoldaşlıq edirdisə, heç vaxt təmənna güdmür və bu dostluğa  həmişə sadiq olurdu.Dördüncü-Eyruz ailəsinə çox bağlı insan idi. Onun üçün ailə ən müqqəddəs idi. Beşinci-  Eyruz valideynlərinə və ümumiyyətlə, yaşlı insanlara həmişə hörmətlə yanaşırdı və onlara sadiq idi. Altıncı-doğulduğu və yaşadığı Sumqayıtı canı, qanı ilə sevirdi. Buna görə də jurnalistlər arasında Sumqayıt haqqında  ən çox yazan və bu şəhərin salnaməsini yaradan ilk böyük  ziyalı və jurnalist idi. Eyruzun əsərlərində  Sumqayıtı bir gözəl şəhər kimi quran, tarixə köçürən insanların  həyatı, əmək fəaliyyəti tarixdə əbədi yaşayır.  Bu da bizə bunu deməyə əsas verir ki, o, əsl cəfakeş sumqayıtlı idi. Yeddinci- Eyruz Azərbaycanı ən böyük, ən unikal, ən qədim ölkə hesab eləyirdi və bu haqda dünya  səviyyəsində çap olunan  silsilə yazıların müəllifidir. Vətənini, xalqını  sevməkdə dostumuz Eyruz Məmmədov bir etalon idi.

Eyruz  təkcə dostuna, yoldaşına deyil, hər bir insana əlindən gələn köməkliyi böyük həvəslə eləyən dəyərli vətəndaş idi. Həmçinin böyük maarifpərvər,  yaxşı müəllim kimi hamı onu sevirdi. Onun yüzlərlə jurnalistin yetişməsində əvəzsiz xidmətləri olmuşdu. Eyruz çox maraqlı yazıçı kimi də tanınırdı. O, hər bir oxucunun tez-tez müraciət etdiyi  sevimli əsərlər  ərsəyə gətirib.Onlardan elə altı romanının adını çəkmək istəyirik. Bunlar- “Dama pika”, “Mister Viç”, “Zöhrə və Kərim”, “Qan düşməni”, “Sonası”, “Qaranlığın çırağı”. Onun 800 səhifədən  çox olan “Bir kəndin adamları” kitabı Qarabağın bədii tarixinə, gavur, faşist ermənilərin həmvətənlərimizə qarşı törətdiyi faciələrə həsr olunan unikal kitabdır. Eyruz Surxayoğlunun bu vaxta qədər qırxdan  çox kitabı çap olunub  və ondan çox kitabı da işıq üzü görmək üçün  zamanını gözləyirdi.

Eyruzun ən böyük insani cəhətlərindən biri də o idi ki, onda paxıllıq, həsəd, kiminsə  ayağının  altını qazmaq, pislik etmək, arxasınca danışmaq  kimi naqis cəhətlər yox idi. Məhz bu ucalığı, böyüklüyü onu hər kəsə  sevdirmişdi. Bu cəhətlər də  Ulu Tanrı tərəfindən yalnız seçilmiş insanlara verilir.

Peyğəmbərimiz İmam Əli deyib ki, “dostluqda sadiq olmayan, həmişə xəcalətlidir”. Əzizim Eyruz  Məmmədov. Sənin başın həmişə uca olub. Çünki sən həm dostluqda sadiq olmusan və həm də sülh tərəfdarı kimi  həmişə  küsənləri barışdırmısan. Onlar arasında da  dostluq toxumu səpmisən. Çünki on  il bundan qabaq, tanınmış göz  həkimi, istimai xadim, çox maraqlı yazıçı-publisist  Hümbət Həsənoğlunun yaratdığı Sumqayıt  Dostlar  Klubunun idarə heyyətinin üzvü kimi bu ictimai təşkilatın respublikada tanınmasında, məşhurlaşmasında həm maraqlı yazılarında və həm də çıxışlarında çox işlər görmüşdün. Bəli. Sən əsl ziyalı, əsl dost kimi bizim qəlbimizdə əbədi  yaşayacaqsan.

Sən bütöv insan idin. Bütöv insan olmaq isə həyatda çox az insana  nəsib olur… Bu haqda klassik şairimiz Əfzələddin Xaqani gözəl deyib:

İstəsən güzgütək saf olsun ürək,

Sinədən on şeyi atasan gərək.

Haram, qiybət, kin, paxıllıq, tamah,

Kibr, riya, həsəd, ədavət, kələk.

 Əziz dostumuz Eyruz Surxayoğlu. Sən, 73 illik həyatında  həmişə  bu on müqəddəs cəhətə yüksək səviyyədə əməl etmişdin. Bu böyüklüyünü, ucalığını həmişə qorumaqla haqq dünyana qovuşdun. Yerin cənnət olsun əziz dostumuz, qardaşımız, məsləkdaşımız.

Sənə sonsuz məhəbbəti olan – Sumqayıt Dostlar Klubu idarə heyyətinin üzvləri

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər