Sumqayıt şəhərinin çoxmənzilli yaşayış binalarının zirzəmilərində əsaslı yenidənqurma işləri aparılır. Ümumilikdə 2016-cı ildə 350 binanın zirzəmisindəki sistemlər təmir olunub və qurutma işləri aparılıb. Bu haqda AZƏRTAC –a Sumqayıt Sukanal İdarəsinin rəisi Darvin Hüseynov bildirib.
Qeyd edilib ki, Sumqayıt şəhərində 1364 çoxmənzilli yaşayış binasının zirzəmilərinin monitorinqi aparılarkən məlum olub ki, 400-ə yaxın binanın zirzəmisinə su yığılıb. Həmin zirzəmilərdən su nümunələri götürülərək suyun mənşəyi və axıntıların səbəbləri araşdırılıb. Nəticədə zirzəmilərdəki suyun bir hissəsinin binaların alt paylayıcı su və kanalizasiya xətlərində axıntılarla bağlı olduğu müəyyən edilib. Bəzi binaların zirzəmisinə yığılan sular isə qrunt mənşəli olub.
Bildirilib ki, şəhərin 350 yaşayış binasının alt paylayıcı su və kanalizasiya xətlərində əsaslı və cari təmir və yenidənqurma işləri aparmaq məqsədlə zirzəmilərdən keçən 1765 poqonmetr su xətti, 5499 poqonmetr kanalizasiya xətti dəyişdirilib. Görülmüş işlər nəticəsində zirzəmilərə su axıntılarının qarşısı tam alınıb, su itkiləri minimuma endirilib. Aparılan tədbirlər zirzəmilərin sanitar vəziyyətinin yaxşılaşmasına səbəb olub.
Müzakirə qapadılmışdır.