Sumqayıt – 75
Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi, yazıçı-rejissor, jurnalist, publisist, Prezident mükafatçısı, SSRİ dramaturqları laureatı, “Qızıl Dərviş”, Osman Mirzəyev adına mükafatların, Mədəniyyət Nazirliyinin bir neçə pul mükafatlarının laureatı və Respublika səviyyəli başqa mükafatların laureatı Ağalar İdrisoğlu. Bu ad və soyad həm tamaşaçılara və həm də oxuculara çox yaxşı tanışdır. Belə ki, o, həm ədəbiyyat, həm jurnalistika və həm də teatr sahəsində çox böyük işlərə imza atıb. Yazıçı kimi 6 roman, 12 povest, 150-dən çox hekayə, panflet, pritça, esse, 15 pyes, teatrlaşdırılmış tamaşalar üçün 20 ssenari yazıb. Jurnalist kimi 1500-dən çox oçerki, publisist yazıları, məqalələri, tarixi araşdırmaları, müsahibələri çap olunub. Onlardan beş yüzü elə Sumqayıt və sumqayıtlılar haqqındadır. Rejissor kimi 140-dan çox tamaşaya quruluş verib, aktyor kimi 40-dan çox rollar oynayıb. Ağalar İdrisoğlu Sumqayıtın ilk peşəkar dramaturqu, Moskvada təhsil alan ilk peşəkar teatr rejissoru və ilk və yeganə Əməkdar incəsənət xadimidir. O, həm də yeganə azərbaycanlıdır ki, SSRİ dramaturqları laureatıdır. Onun “İnan mənə” pyesi “ Məhəbbət və başqaları” adlı SSRİ dramaturqları antalogiyasında çap olunub. Ömrünün əlli yeddi ilini jurnalistikaya, ədəbiyyata və əlli ilini peşəkar teatr sənətinə həsr edən Ağalar İdrisoğlunun gələn ilin mart ayının 16-da 75 yaşı tamam olacaq. O, elə bir növ Sumqayıtla həmyaşıddır. Bu il noyabr ayının 22-də sevimli Sumqayıtımızın 75 yaşını qeyd edəcəyik. Elə bu münasibətlə onunla həmsöhbət oldum. Onun haqqında bir vaxtlar yazdığım bir yazıma belə ad vermişdim. “Onu həyacansız dinləmək olmur”. Ağalar müəllim həqiqətən də hər bir çıxışında elə ehtirasla, böyük şövqlə, inamla danışır ki, onu dinləmək çox maraqlı olur. Bu da yəqin ondan irəli gəlir ki, ömrünün əlli ilini aktyor sənətilə paralel, rejissor sənətinə sərf eləyib. Aktyorları quruluş verdiyi tamaşalarda öz idaeyasına, ali məqsədinə inandırmaq üçün belə böyük şövqlə, inamla danışmalı olub ki, onlar ona inansınlar. Və hazırladığı tamaşada böyük həvəslə məşq etsinlər. Axı rejissor da bir növ genaraldır. Səhnənin generalı. Çünki tamaşa hazırladığı vaxt teatrın direktoru başqa olmaqla hamı- aktyorlar, aktrisalar, texniki, quruluş, bədii heyyət və sairə bütün komponentlər məhz onun əmrilə hərəkət edir. Onun dediklərinin, fikirləşdiklərinin reallaşmasına çalışırlar ki, tamaşa yaxşı alınsın.
Beləliklə, ona ilk sualım belə oldu.
– Necəsiz, Ağalar müəllim?
– (Gülümsünür) Mənə hər dəfə belə sual veriləndə deyirəm: “ İki dəfə infakt keçirən, ürəyinin dörd damarı 2022-ci ilin dekabr ayının 22-də dəyişdirilən Ağalar İdrisoğlunun sağlamlıq durumunun pis olması mümkün deyil. Çünki onun hələ qarşıda görəcəyi çoxlu yarımçıq işlər var. O, həmin işləri də Allahın köməkliyilə hökmən reallaşdırmalıdır”. Axı mən, həyatda iki adamı yaşadıram. 1944-cü ildə dörd yaşında anamın qucağında soyuq, şaxtalı, qarlı fevral ayında aclıqdan haqq dünyasına qovuşan Ağa adlı qardaşımın və özümün. Mənə də valideynlərim Ağalar adını ona görə qoyublar ki, mən iki adamı yaşadım. Belə ki, həm onun əvəzinə və həm də öz əvəzimə işləyirəm. Bütün bədii əsərlərim və jurnalistlik fəaliyyətim onun adınadır. Teatr yaradıclığım isə öz adımadır. Çox maraqlıdır ki, Ağa adlı qardaşım 1940-cı ilin mart ayının 15-də dünyaya gəlib. Mən isə 1950-ci ilin mart ayının 16-da dünyaya gəlmişəm. Mənim ailəmizlə bağlı üç hekayəm və bir povestim var. Bu haqda həmin bədii əsərlərimdə geniş yazmışam. Hekayələrim qəzetlərdə, saytlarda çap olunub və yüz minlərlə insanlar oxuyub.
Azərbaycanın Cənub bölgəsində Sovet quruluşundan ən çox əziyyət çəkənlərdən biri də bizim nəsil olub. Babam Mehdi kişi Cənub bölgəsinin tanınmış ruhanilərindən və rozaxanlarından biri olub. Onun çox gözəl, məlahətli səsi olduğuna görə hamı istəyirmiş ki, yas mərasimlərində o iştirak eləsin. Roza oxusun, mərsiyyə desin. Elə bu yerdə vurğulamaq istəyirəm ki, atamın da yaxşı səsi olub. Mənim də yaxşı səsim var. Hətta Digahın məscidinin minarəsindən babam Mehdi azan verəndə, onun səsi Digahdan üç kilometr aralıda olan Şərəfədə, Ağakişibəylidə, Masallıda, Seybətində, Dadvada da eşidilirmiş. Həmin yerlərə də onu yasa dəvət edirlərmiş. Məhz buna görə də ona yaxşı pul verirmişlər. Həmin pula da o, çoxlu mar-qara alıb. Qoyun sürüsü olub. Onun çox məlahətli səsi olduğuna və Quranı yaxşı bildiyinə görə, ruhanilər arasında düşmənləri də çox olub. Babam bir dəfə yasdan qayıdanda onu yolda möhkəm döyüb, yasdan ona verilən pulları da əlindən alıblar. Həmin vaxtı bir neçə xəsarət alıb. Ona görə də dünyasını tez dəyişib. Dörd oğlu və bir qızı qalıb.
Masallıda kolxoz quruluşu qurulanda 1932-33-cü illərdə rayon rəhbərlərinin əmrilə onların mal-qarasını, qoyun sürüsünü zorla əllərindən alıb, kolxoza veriblər. Bunun əlehinə gedən böyük əmim Museyibi və atamı həbs eləyiblər. Sonra onlara zorla kağız yazdırıblar ki, guya öz xoşları ilə mal-qaranı və qoyun sürüsünü kolxoza veriblər. Bundan sonra azad ediblər. Onları zorla kolxozda işlətmək istəsələr də razılaşmayıblar. 1936-37-ci ildə böyük əmim Museyibi guya qolçomaqlara kömək etdiyinə və koxloz quruluşunu dağıtmaq istəməsi ilə şərləyib, həbs eləyiblər. Onunla birlikdə bir neçə qohumlarımızı da həbs eləyiblər. Əmim və həmin qohumlarımız həbsxalanarda dünyalarını dəyişiblər. Yəqin ki, güllələniblər… Çünki meyidlərini bizimkilərə verməyiblər. Mən, Dövlət Təhlükəsizlik Komitəsinin arxivində onların güllələnməsilə bağlı əmri oxumuşam. Ona görə də dədəm İdris həmişə Sovetlər quruluşuna nifrət eləyirdi. Böyük qardaşım Balaməmməd və mən uzun illər vəzifədə işləsək də o, bizim kommunist partiyasının üzvü olmağımıza icavə verməyib. Çünki onun sözü bizim üçün qanun idi. Çox sərt və tərs kişi idi. Heç kimdən qorxmurdu və hər kəsin səhvini üzünə deyirdi. Hətta rəhbər vəzifədə işləyənlərə də. O, həmin bölgədə söz sahibi idi. Bizim bölgədən olan Mozu adlı qaçaq, quldur olub. O, Böyük Vətən Müharibəsi dövründə həmin bölgənin adamlarına çox böyük ziyan vurub. Mal-qaralarını, qızıl-gümüşlərini zorla əllərindən alırmış. Bizim Digah kəndinə də bu məqsədlə gəlib. Amma ona deyiblər ki, “İdris bu kəndəndir və özü də müharibəbədir”. O, bu sözləri eşidəndən sonra adamlarına deyib ki, “geri qayıdırıq. Mənim İdrisə böyük hörmətim var. Ona görə də bu kənddə heç kimə ziyan vurmayacağıq”. Tanımmış yazıçı Nurəddin Muğanlı “Mozu” adlı romanında bu epizodu daha geniş və maraqlı formada yazıb… Atam 77 il yaşayıb və ömürünün sonuna kimi belində xəncər gəzdirib. Rayonun milis işçiləri də onun sərt və tərs olduğunu bildiklərinə görə, ona xəncər gəzdirməyini irad tutmayıb, heç vaxt heç nə deməyiblər. O, həmişə də haqqı müdafiə eləyib. Gücsüzün yanında olub. Bu, onun övladları olan bizlərə də keçib və həmişə haqqın, ədalətin yanında olmuşuq. Hətta bundan həmişə ziyan görsək də, nanəcib, natəmiz adamlar tərəfindən işdən çıxarılsaq da geri çəkilməmişik…
– Sumqayıtın 75 illiyi ərəfəsindəyik. Həmyaşıdınız olan Sumqayıtımızın sizin taleyinizdə rolu necədir?
– Mən 1976-cı ilin fevral ayından taleyimi Sumqayıt şəhəri ilə bağlamışam. Yəni həmin vaxtdan bu şəhərə daimi qeydiyyata düşmüşəm və Sumqayıt Dövlət Dram Teatrında aktyor kimi fəaliyyətə başlamışam. 1977-ci ildə isə bu şəhərdə Respublikda ilk dəfə olaraq “Ümid” adlı müstəqil Teatr-Studiya yaratmışam. Burada üç yüzdən artıq teatr, incəsənətin başqa sahələrinə həvəsi olanları, jurnalistləri, ədəbiyyat həvəskarını mənimlə bir yerdə çalışan mütəxəssislərlə birlikdə yetişdirmişik. Bu gün onların çoxu Sumqayıt və respublika üçün böyük işlər görürlər.
– Hansı arzularla üz tutdunuz bu şəhərə və sizi bu şəhərə nə bağladı?
– Bu şəhərə ilk gəlişim 1976-cı ilin fevral ayının 4-də olub. Fevral ayın 6-dan isə teatrda aktyor kimi çalışmağa başlamışam. Bu şəhərə gəldiyim ilk gündən buradakı insanların böyük əməksevər, həyatsevər və özlərinə çox inamlı olduğunu gördüm. Həmin vaxtı Sumqayıt, həqiqi mənada qaynayırdı. Hər sahədə böyük coşqu vardı. Bu haqda “Əfsanələrdən yaranan şəhər” adlı kitabımda ətraflı yazmışam. Həmin vaxtı bu şəhər özünün intibah dövrünü yaşayırdı. Bu kitabımda Sumqayıtın necə salınması, ilk tikinti sahələri, ilk sənaye quruculuğu, metallurgiya və kimya sənəyesinin bu şəhərdə necə reallaşması, təhsil, səhiyyə quruculuğu, mədəniyyət və idman obyektlərinin necə tikilməsi, dənizklənarı parkın salınması və bu şəhərdə çalışan insanların həyatı çox geniş şəkildə əhatə olunub. Bu kitabda mindən çox insanın adı çəkilib və çoxu haqqında da orada geniş yazılar vermişəm. Bu kitab bir növ Sumqayıtın salnaməsidir. Kitab üzərində son tamamlama işlərimi görürəm… Amma Sumqayıt təhsili ilə bağlı “Müəllim-qaranlığı yaran işıq deməkdir” kitabım artıq mətbəədə çap olunur. Bu kitabım ömürün 57 ilini təhsilə həsr edən, uzun illər Sumqayıt Kimya-Texnologiya Texnikumunda ingilis dilindən dərsi demiş, Şərqiyyə xanım Məhərrəmovaya, Sumqayıt təhsilinə ömürlərini vermiş çoxlu məktəb direktorlarına, qabaqcıl müəllimlərə və Təhsil Şöbəsinə uğurla rəhbərlik etmiş insanlara həsr olunub. Bu kitabda həm də Azərbaycan təhsilinin problemləri, müəllim-valideyn münasibətləri, onların uşaqların tərbiyəsindəki əsas rolu öz əksini tapıb. Eləcə də Azərbaycan təhsilini dirçəltmək üçün çoxlu təkliflər vermişəm. Mənə elə gəlir ki, bu kitabım, Sumqayıtın 75 illik yubileyinə təhsillə bağlı maraqlı bir töhfə olacaq. Çünki burada ömrünü təhsilə həsr edən beş yüzdən çox insan haqqında yazılıb.
– Siz uzun zaman Sumqayıt Dövlət Musiqli-Dram Teatrının bədii rəhbəri və direktoru vəzifələrində işləmisiniz. Sənət adamları ilə işləmək sizə çətin olmayıb ki?
– Yuxarıda dediyim kimi mən, 1976-cı ildə bu teatrda aktyor kimi əmək fəaliyyətinə başlamışdım. Paralel olaraq, Azərbaycan və rus dillərində “Ümid” adlı yeni Teatr-Studiya yaratmışdım. Eləcə də həmin vaxtlar bu şəhərdə keçirilən demək olar ki, bütün dövlət tədbirlərinin, kütləvi tamaşaların da ssenari müəllifi və quruluşçu rejissoru mən olurdum. Həmin vaxtı Moskvada A. V. Lunaçarski adına Dövlət Teatr Sənəti İnstiitutunun ( indiki Beynəlxalq Dövlət Teatr Sənəti Akademiyası) rejissorluq fakültəsində də qiyabi təhsil alırdım. Bu ali məktəb həmin vaxtlar dünyada məşhur idi. Burada bizimlə birlikdə çoxlu xarici ölkələrdən də tələbələr təhsil alırdılar. Mən çox sevinirəm ki, belə məşhur ali məktəbdə təhsil almışam. Özü də Sovetlərin vaxtında burada cəmi on nəfər azərbaycanlı rejissorluq təhsili alıb. Onların da çoxu Azərbaycan teatrının korifeyi olublar. Rza Təhmasib, Adil İsgəndərov, Mehdi Məmmədov, Məhərrəm Həşimov, Tofiq Kazımov, Vaqif Abbasov, Arif Ağayev, Baba Rzayev və başqaları. Sonuncu azərbaycanlı da mən olmuşam. Mən oranı 1986-cı ildə bitirmişəm. Amma çox əfsus ki, məndən sonra daha heç bir azərbaycanlı ora qəbul ola bilməyib. Buna çox heyifislənirəm. Ona görə də bu gün rejissor sənətimizdə çox böyük boşluq və problemlər var. Bilirsiniz ki, belə mötəbər təhsil ocaqlarını bitirən ali təhsilli rejissor da teatr və kino sənətinin siması deməkdir. 1986-cı ildən sonra orada və Ümumittifaq Dövlət Kinomatoqrafiya İnstitutunda təhsil ala bilməyən mütəxəssislərimizin olmaması Azərbaycan teatrlarına və kinosuna çox pis təsir edir…
1985-ci ildən Azərbaycan Mədəniyyət Nazirliyinin təyinatı ilə Ağdam Dövlət Dram Teatrına quruluşçu rejissor kimi göndərildim. Bir il yarımdan sonra bu teatrın bədii rəhbəri və direktoru təyin olundum. Məşhur rejissorumuz Adil İngəndərovdan sonra Azərbyacan teatr tarixində ilk dəfə olaraq məhz mən, teatrın bədii rəhbəri və direktoru vəzifələrində işlədim. 1989-cu ildən də Mədəniyyət Nazirliyinin təyinatı ilə Sumqayıt Dövlət Dram Teatrına bədii rəhbər və direktor vəziflərinə göndərildim. Yəni özümün doğma teatrıma qayıtdım… Bu teatrın tarixində də ilk dəfə olaraq məhz mən, bədii rəhbər və direktor işlədim. Deyirlər və yazırlar ki, yaxşı rəhbər olmuşam. Mənim vaxtımda Sumqayıt teatrı respublikanın ən aparıcı teatrlarından biri sayılırdı… Hətta Bakıda üzdə olan çoxlu ziyalılar Sumqayıta gəlib, bizim tamaşalara baxırdılar. Bu teatr mənim vaxtımda Sumqayıt ziyalılarının da doğma evi idi. Sumqayıtda üzdə olan on beşdən çox ziyalı teatrın bədii şurasının üzvü idi.
– Elə buna görə sizə bu sualı da vermək istəyirəm. Həmin vaxtı Sumqayıt teatrına hansı yeniliklər gətirə bildiniz?
– Ümumiyyətlə, mən yeniliyi sevən insanam. Həmişə çalışmışam ki, həm ədəbiyyat, həm jurnalistika və həm də teatr sahəsində öz yolum və öz izim olsun. Yuxarıda dediyim kimi bu, həm jurnalistikada, həm ədəbiyyatda, həm də teatr sahəsində belə olub və bu gün də belə davam eləyir. Sumqayıt teatrına rəhbərlik eləməyə başlayanda belə qərara gəldim ki, bu teatrı Musiqili-Dram Teatrı edim. Etdim də. Həmin vaxtı bu teatra əlavə 80 ştat aldım. Artıq kollektiv 180 nəfərlik bir kollektiv oldu. Teatrda orkestr, balet truppası yaratdım. İstedadlı müğənniləri, vokolistləri, müsiqiçiləri işə götürdüm. Balet truppasına çox bacarıqlı baletmeystr Telman Cəlilov rəhbərlik etməyə başladı. Orkestrə isə Darvin Quliyev və Fuad Əzimli rəhbərlik etdilər. Bu teatrda ilk musiqili tamaşa olan Üzeyir Hacıbəyovun “Arşın mal alan” əsərinə də məhz mən, çox orijinal formada quruluş verdim. Və sonra bir neçə musiqili tamaşalar da hazırladıq. Həmin vaxtlardan teatrımıza böyük tamaşaçı axını başladı. Çoxlu istedadlı gənclər yetişdirdik. Mən 1997-ci ildə Mədəniyyət Nazirliyilə olan böyük çəkişmələrimizdən, problemlərimizdən sonra ərizə verib bu teatrdan işdən çıxdım. Dağıstana gedib, Azərbaycan-Dağıstan Beynəlmiləl Teatr Truppasını yaratdım. Üç il Azərbaycan-Dağıstan mədəniyyətinin inkişafı üçün çox işlər gördüm. Hətta bir vaxtlar bağlanan Dağıstan Azərbaycan Dövlət Dram Teatrının da bərpa olunması üçün dağıstanlı ziyalılar- Seyid Camal oğlu Qurbanov, Məhəmməd Qurbanov və Hüseynbala Hüseynovla birlikdə çox işlər gördük və buna nail olduq.
Əfsus ki, Sumqayıt teatrına məndən sonra təyin olunan direktor və baş rejissor Sumqayıt teatrını Musiqili-Dram Teatrı kimi işlədə bilmədilər. Teatrın orkestrı, balet truppası dağıldı. Bir neçə ildən sonra isə Maliyyə Nazirliyi teatrdakı müəyyən neqativ səbəblərə və çirkin oyunlara görə həmin ştatları geri aldı. O vaxtı bu, mənə çox pis təsir elədi. Axı mən, həmin ştatları çox böyük çətinliklə, zülmlə, əziyyətlə almışdım… Bu işdə Mədəniyyət Nazirliyinin mənə heç bir köməkliyi dəyməmişdi. Əslində onlar heç cürə istəmirdilər ki, mən bu teatrı Musiqili-Dram Teatrı edim. Özüm həmin vaxtı Azərbaycan Respublikasının Baş naziri cənab Həsən Həsənovun yanına gedib, bu məsələni onunla birlikdə müsbət həll eləmişdim. Həsən müəllim çox sağ olsun ki, bu işdə mənə böyük yardımçı olmuşdu.
Elə bu vaxt yadıma böyük şairimiz Məhəmmədhüseyn Şəhriyarın bu sözləri düşdü: “Bizdən qabaqdadır avropalılar, İşi iş bilənə tapşırır onlar”. Əfsus ki, məndən sonra Sumqayıt teatrına qeyri-peşəkarlar rəhbərlik etdiyinə görə bu teatrı lazım olan kimi yaşada bilmədilər… Peşəkar teatrı özfəaliyyətə çevirdilər… Bax, buna da çox heyifislənirəm… Onu da vurğulayım ki, mən bu teatra rəhbərlik eləməyə gələdə, teatrın iyirmi yaşı vardı. Həmin müddətdə də on beş rejissor və on direktor işdən çıxarılmışdı. Mən on il həmin teatra tək rəhbərlik etdim və teatrın tarixində ilk dəfə olaraq bədii rəhbər və direktor oldum. Baxmayaraq həmin vaxtlar məmləkətimizdə böyük xaos və anarxiya hökm sürürdü, amma işçilərə iki qat əməkhaqqı verirdim. Mənə qədər teatrda iyirmi ildə cəmi altımış tamaşa hazırlanmışdı. On ilə biz də altımız tamaşa hazırladıq. Sumqayıtla bağlı çoxlu şəhər tədbirləri keçirtdik. Həmin anarxiya, xaos dövründə teatrı Qazaxıstana, Gürcüstana, Dağıstana, Şimali Osetiyaya qastrol səfərlərinə apardım. Orada dövlət səviyyəsində böyük alqışlarla qarşılanırdıq. Bizə çoxlu Fəxri Fərmanlar verdilər. Bizi televizorlara çəkdilər… Haqqımızda çoxlu yazılar yazdılar… Həmin yazılarda da yazırdılar ki, “Sumqayıt teatrı özünün intibah dövrünü yaşayır”.
Məndən sonra yenə də vəzifələr iki yerə bölündü. Teatrda əvvəlki kimi baş rejissor və direktor ştatları oldu. Amma çox əfsus ki, rəhbərlikdə səriştəsiz adamlar olduğuna görə mənim qurub-yaratdıqlarımı qoruyub saxlaya bilmədilər…
– Bu teatrda dünya dramaturqlarının əsərlərinə daha çox üstünlük verirdiniz, yoxsa yerli yazarların əsərlərinə?
– Həm dünya dramaturqlarının və həm də məmləkətimizin dramaturqlarının əsərlərini tamaşaya hazırlayırdıq. Çünki repertuar teatrın güzgüsü deməkdir. Hətta biz, sumqayıtlı dramaturqlar- mənim, Akif Həsənoğlunun, Əvəz Mahmud Lələdağın və Şahmar Qəriblinin pyeslərinə də bu teatrda quruluşlar vermişik. Hamısı da çox maraqla qarşılanıb. Həmin illərdə dünya dramaturgiyasının ən yaxşı pyeslərindən altısını da mən özüm azərbaycan dilinə tərcümə etmişəm. Onların bir neçəsinə Sumqayıt teatrında və bir neçəsinə respublikanın başqa teatrrlarında quruluşlar verilib. Hamısı da maraqla qarşılanıb. Umumiyyətlə, teatr millətin güzgüsü ola bilməsə, bu, çox pisdir. Teatr, müasir tamaşaçılardan on addım qabaqda olmalı və tamaşaçıları öz ardınca aparmağı bacarmalıdır. Bax, onda teatr məktəb və məbəd olur.
– Dünyanın havası necədi?
– Dünya artıq əlli ildən çoxdur ki, möhkəm çalxalanır və qaynayır. Ətraf mühit vəhşicəsinə korlanır… Sunamilər, dəhşətli qasırğalar yaranır… Bütün eybəcərliklər üzə çıxır. Bu da Yer kürəsində yaşayan yaxşı, təmiz insanları məhv eləyir. Aclıq, səfalət, qaçqınlıq, köçkünlük Yer kürəsini başına götürüb… Bu elə bir növ üçüncü dünya müharibəsi deməkdir. Allah bizi daha pisindən saxlasın. Çünki özünüz görürsünüz ki, dünyada hansı ağlasığmaz dəhşətlər baş verir… Hər gün minlərlə günahsız insanlar öldürülür. Hər gün beş milyard dollarlıq silah atılır və dinc insanları qətlə yetirir. Dünya statistikasında çalışan insanlar sübut eləyiblər ki, həmin beş milyard dollar Yer kürəsində olan ac-yalavac insanları bir həftəlik doyurmağa bəs eləyər. Amma həmin faşist xislətli adamlar istəyirlər ki, Yer kürəsində olan yeddi milyarddan çox insanların yarıdan çoxunu bu silahlar və qorxunc xəstəliklərlə məhv eləsinlər… Çox əfsus ki, biz, onların qarşısında gücsüzük, acizik…
– Yaradıcılıq sizinçün nədir?
– Təvazökarlıqdan uzaq olsa da deyim ki, yaradıcılıq mənim üçün hava, su və qida deməkdir. Əgər mən bir gün nəsə yazmasam həmin günümü çox ağrılı qarşılayıram. Sabahı günü daha çox işləyib, dünənki günün əvəzini çıxıram. Mən bədii əsərlərimi, məqalələrimi yazanda və tamaşalar hazırlayanda inanın ki, dincəlirəm. Çünki beynimdə görəcəyim işlər həddindən artıq çoxdur. Sizə bir həqiqəti deyim ki, 1989-cu ildən Sumqayıt teatrına rəhbərlik etdiyim vaxtı bədii yaradıcılıqla məşğul olmağa vaxtım qalmırdı. Çünki həmin vaxtı anarxiya və xaos dövrü idi. Mən də teatrı yaşatmaq və dağılmağa qoymamaqçün bütün gücümü, bacarığımı, təşkilatçılığımı teatrın inkişafına sərf eləyirdim. İmkan düşdükcə tamaşalar hazırlayır, müsahibələr verir, televizorda çıxışlar edir və dünya dramaturqlarının maraqlı pyeslərini həyat yoldaşım, rejissor, müəllimə Elmira xanım Mazanqızı ilə birlikdə dilimizə tərcümə eləyirdik. Həmin vaxtı da beynimdə olan pyeslərin, povestlərin, hekayələrin qısa məzmununu gündəliklərimə yazırdım. 1999-cu ildən başladım onları yazmağa, tamamlamağa. Həmin gündəliklərdə hələ təxminən yazılası iki yüz hekayə, on pyes, beş povest, iki roman və çoxlu publisist yazılar var. Ömür vəfa eləsə, onları yaza bilsəm, özümü xoşbəxt insan hesab edərəm. Baxmayaraq ki, bu vaxta qədər mən çox yazmışam, amma hələ yazılası çox yazılar da var və onlar mənimlə “dava” eləyirlər ki, bizi də yaz və tamamla…
– Şəhər rəhbərliyinin ədəbiyyata diqqətindən razısınızmı?
– Mən Sumqayıta gələndə bu şəhərin birinci katibi Kamran Bağırov idi. Az bir vaxtda o, Bakıya, Mərkəzi Komitəyə yüksək vəzifəyə getdi. Həmin vaxtı çox böyük ziyalı olan Şənlik Əliyev Sumqayıtın birinci katibi oldu. O vaxtlar da Sumqayıtın bütün dövlət tədbirlərini və incəsənət, əmək bayramlarını mən hazırlayırdım. Şənlik müəllim Moslkavada Bauman adına Ali Məktəbdə təhsil almışdı. Yüksək savadlı insan, əsl ağsaqqal və böyük ziyalı idi. Mən ondan çox şeylər öyrənmişəm. Onun da mənə inamı və münasibəti böyük idi. Mən ikinci dəfə Sumqayıt teatrına rəhbər vəzifəyə qayıdanda Zülfü Hacıyevlə işləmişəm. O da yüksək təfəkkürlü və çox böyük səbrə malik rəhbər idi. Onun da mənə inamı böyük idi və mənim dediyim bütün yenilikləri də qəbul edirdi. Məhz onun sayəsində mən teatrı Musiqili-Dram Teatrı eləyə bildim. Ondan sonra Eldar İsmayılov və Şakir Abuşovla birlikdə işlədik. Yəni onların vaxtında teatra rəhbərlik etdim. Onlar da yaxşı rəhbər və böyük ziyalı idilər. Teatra da münasibətləri yaxşı idi. Şakir Abuşovun vaxtında İsra hakimiyyətinə mədəni-kütləvi tədbirlər üçün ayrılan pulları Şakir müəllimin göstərişilə teatrın hesabına köçürürdülər. Biz də bunun müqabilində şəhərin bütün mədəni, kütləvi və dövlət səviyyəli tədbirlərini hazırlayırdıq. Bilirsiniz ki, teatr işçilərinin həmişə əməkhaqqı az olub. İndi də belədir… Həmin vaxtı mən də teatrın rəhbəri kimi həmin pulları ikinci əməkhaqqı kimi teatrın işçilərinə verirdim. Bu da həmin çətin dövrdə onlara ailələrini dolandırmaqda köməklik edirdi. Ona görə də hamı böyük həvəslə işləyirdi. Hər il biz ən azından 6-8 tamaşa hazırlayırdıq.
– Bu şəhər sizə nə verdi və nəyi əlinizdən aldı?
– O vaxtkı bəzi səriştəsiz, rüşvətxor rəhbərlərin ucbatından mən özümün üç otaqlı evimi satıb, iki otaqlı mənzil aldım və qalan pula teatrın tamaşalarına quruluş verməyə xərclədim. Çünki Mədəniyyət Nazirliyindən teatrın əməkhaqqının cəmi yetmiş beş faizini bizə verirdilər. Qalan iyirmi beş faizini özümüz qazanmalı idik. Əfsus ki, həmin vaxtı bu, mümkün deyildi. İnsanlar yalnız ailələrinini dolandırmaq üçün pul axtarırdılar. Teatr heç kimi maraqlandırmırdı. Hazırladığımız tamaşaların quruluş xərclərini də artıq bizə vermədiklərindən bu pulu da özümüz qazanmalı idik. Məcbur oldum ki, hətta teatrın borclarını ödəmək üçün bağımı da satdım. İndi də qızımın evində yaşayıram. Özümün evim, bağım yoxdur. Hətta Prezidentin Fərdi Təqaüdünü də almıram. Siz, yəqin ki, buna inanmayacaqsız və belə sual verəcəksiniz ki, “ bu qədər xidmətləri olan sənətkara niyə bu günə qədər Prezidentin Fərdi Təqaüdünü vermirlər?” Nə edə bilərəm? Vermirlər. Acı olsa da bu, həqiqətdir. Amma bu qədər gördüyüm işlərə və bədii yazılarıma görə hansısa xarici ölkədə yaşasaydım, indi hər bir şəraitim olardı… Belə götürəndə bu şəhərdən alacağım çox az olub və əslində mənim sağlamlığımı, əsəb gərginliyimi əlimdən alıb…
Mən məcburən üç il Dağıstanda işləyəsi olmuşam. 2001-ci ildən isə Bakıda, əvvəlcə Dövlət Gənclər Teatrında və 2009-cu ildən Milli Gənc Tamaşaçılar Teatrında quruluşçu rejissor işləyirəm. 2003-cü ildən də teatrdakı işimlə paralel “Azad Azərbaycan” qəzetində əvvəlcə şöbə müdüri və sonra qəzetin redakroru kimi çoxlu uğurlara imza atmışam. 1999-2000-ci illərdən başlayaraq, bədii yaradıcılıqla, jurnalistika ilə daha ciddi məşğul olmuşam. Çoxlu tamaşalara quruluş vermişəm. Pyeslər tərcümə eləmişəm. Hətta dəflərlə Bakıya köçüb getmək imkanım olsa da Sumqayıtdan köçüb getməmişəm. Çünki bu şəhəri və bu şəhərin insanlarını çox sevirəm. Bu şəhərdə təkcə özüm üçün yox, başqaları üçün də müraciət etdiyim bütün məsələlər qısa vatda həll olunub və həll olunur. Son vaxtlar Sumqayıtda görülən quruculuq işləri isə məni heyran edir…
– Yer, ruhunuzu sıxmır ki? Hərdən haralarasa getmək istəmirsiz ki?
– Əslində bütün yaradıcı insanlar Yerdə yox göydə yaşayırlar. Çünki onlar əgər Yerdə “yaşasalar” və bütün eybəcərlikləri, haqsızlıqları görsələr, ürəkləri partlayar. Hansılar ki, “Yerə” enirlər ürək xəstəliyindən, şəkərdən, depressiyadan dünyalarını tez dəyişirlər. Mən yadplanetlilərlə bağlı bir povest üzərində işləyirəm və tes-tez həmin planetə gedib-gəlirəm… Ora gedəndə özümü çox yaxşı hiss eləyirəm. ( Gülümsünür.) Həmin əsərimi tezliklə tamamlamaq istəyirəm. İnanıram ki, sensassiyalı bir əsər olacaq və Yer planetini məhv eləmək istəyənləri titrədəcək… Yaxşı-yaxşı düşünməyə məcbur eləyəcək….
– Azərbaycan Yazıçılar Bilriyinin Sumqayıt bölməsinin işi sizi qane edirmi?
– Bu təşkilat çox istadadlı şair, gözəl insan, özü də bir vaxtlar aktyor olmuş, Azərbaycan Dövlət İncəsənət İnstitutunun aktyorluq fakültəsini bitirmiş, rəhmətlik Sabir Sarvan tərəfindən yaradılanda, mən də ona çox köməklik etmişəm. Hətta bir vaxtlar bir qrup qəlbiqara, özündən müştəbeh adamlar bu təşkilatı dağıtmaq və Sabir Sarvanın bu vəzifədən çıxmasına çalışsalar da, mən və bir qrup yaradıcı insan buna imkan vermədik. Düz də elədik. Hətta buna görə Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar müəllimin də yanına getdim. Ona əsl həqiqəti dedim. O da bizi müdafiə elədi.
Rəhmətlik Sabir Sarvandan sonra da siz bu işə böyük uğurla rəhbərlik edirsiniz. Heç kimin arasında ayrı-seçkilik qoymursuz. Rəhbər üçün bu əsas şətdir ki, heç kimin arasında ayrı-seçkilik qoymasın… Rəhbərin necə olması ilə bağlı mən “Torpağa bağlı insan” adlı kitabımda ömrünün altımış ilini aparıcı rəhbər vəzifədə işləyən, rəhmətlik Sadıq Murtuzayevlə birlikdə 149 təkliflər vermişik. Eləcə də “İnsanın özünü dərk etməsi böyük elmdir” adlı 30 səhifəlik yazımı, “Özünü dəyiş” adlı 8 səhifəlik fəlsəfi yazımı qəzetlərdə və saytlarda çap etdirmişəm. Yüz minlərlə insanlar oxuyub və yüksək rəy yazıblar.
– Sizə elə gəlmir ki, dünya özü də tamaşalar oynanılan səhnədir və hərə öz rolunu oynayıb gedir?
– Bax, bunu rejissorlar daha yaxşı görür və bu, bizə daha çox təsir edir. Çünki bu adamların çoxu həmin oyunu primitiv, özfəaliyyət səviyyədə və həyasızcasına oynayırlar… Biz rejissorlara həvəskar nömrəsi gəlirlər… Bu da bizi ağrıdır. Çünki onlara heç nə edə bilmirik… Təsir göstərə bilmirik…
– Bəzi məqamlarda aktyorluq karınıza gəlirmi? Oynaya bilirsizmi?
– Mən heç vaxt həyatda aktyorluq etməmişəm. Bu, mənə yaddır. Əgər həyatda “aktyorluq” etsəydim, indi dörd-beş evim, iki-üç bağım, bir neçə ticarət obyektim, “qızıldan” divarlarım olardı. Bəlkə də bu, mənim faciəmdir ki, heç vaxt məddah, yaltaq, tamahkar olmamışam. Yalandan heç kimi tərifləməmişəm. Buna görə də bu gün evim yoxdur. Prezidentin Fərdi Təqaüdünü almıram. Bu günlərdə belə bir kəlam oxumuşam. Əfsus ki, orada müəllifin adı yox idi: “ Dəli olub, oynamağa nə var ki. Yaltaq olub, yaşamağa nə var ki. Alçaq olub, ucalmağa nə var ki. Hünərin var İnsan kimi qal görüm”. Bəli. Bu, acı olsa da həqiqətdir. Açığı demək olar ki, mənim bütün pyeslərim, hekayələrim, panfletlərim, povestlərim və romanlarım çox kəskindir və bunlar cəmiyyətimizdə, ətrafımızda baş verən mənfi hadisələri özündə açıq – aşkar əks etdirir. Əlbəttə, bu, çoxlarının xoşuna gəlmir…
Mənim də belə bir deyimim var: “ Hörmətli adamları yaxşı tanıyın. Amma böyük adamların arxasında gizlənməyin. Çünki o böyük adamlar gedəndə, arxasız qalarsız”. Mən, 75 illik həyatımda arxasız qalıb və rəzil günə düşən həmin yaramaz adamları çox görmüşəm… Elələri də olub ki, utandıqlarından insanlarla görüşə, böyük məclislərə gəlməyiblər. Hətta elələri olub ki, özlərinə qəsd də eləyiblər…
– Səmimi oynamaq asandı, yoxsa səmimiyyəti?
– İnsan nə qədər səmimi olsa, bu onun həm özünə, həm də ətrafında olanalara xoş olar. Bununla bağlı mənim bir neçə kəlamım və aforizmlərim var. Onlardan biri belədir: “ Özünüzü elə aparın ki, sizə və ağlınıza təmasda olduğunuz insanlar həmişə ehtiyac duysunlar”.
– Vaxtı geri qaytarmaq mümkün olsaydı yenə bu peşəni seçərdinizmi?
– Səmimi deyim ki, elə jurnalist, yazıçı, aktyor və rejissor olardım. Düzdür, bu qədər sahə bir adam üçün həddindən artıq çoxdur. Sənin bütün ömrünü, sağlamlığını, vaxtını, həyatımı alır. Bir dəqiqə boş vaxtın olmur. Amma bir uğurlu iş görəndə, oxucular, tamaşaçılar da bunu bəyənəndə adam çox sevinir. Elə bilir ki, bütün dünyanı ona veriblər… Bu, bir növ dəlilikdir. Elə deyilmi?.. (Gülümsünür.)
– Səhnədəki aktyorlarla oynamaq asandı, yoxsa səhnədənkənar “aktyorlar”la?
– Səhnədənkənar aktyorlarla oynamaq, əsl ziyalı və vicdanlı adam üçün cəhənnəm əzabıdır. Ən dəhşətlisi də onda olur ki, bütün bunları görürsən və bu əbləhlərə qalib gələ bilmirsən. Mənim “Əbləhlərin son oyunu” adlı bir povestim var. Bu əsərimi yazanda böyük əsəb gərginliyi keçirmişəm. İndi oxuyanda da yenə həmin sənhələri gözlərim qarşısında canlandıranda, bu əzabları yenidən yaşayıram… Elə mən bütün bunları görüb və belə əbləhlərə qalib gələ bilmədiyimə görə iki dəfə infakt keçirmişəm və ürəyimin dörd damarı dəyişib. Amma bir şeyə sevinirəm ki, mübarizəm, inadkaram və özümə inamım çox olduğundan, bütün bunları yaza bilmişəm… Mənim belə bir aforizmim var: “Mən düşmənlərimə çox borcluyam. Çünki onlar məni belə mübariz ediblər ki, bu qədər uğurlara imza ata bilmişəm”.
– Sizi aldada bilərlərmi? Yəni “yaradıcı adamlar tez aldanır”,- deyirlər?
– Bəli. Yaradıcı insanlar tez aldanır. Çünki onlar həyatda yalan danışmağı sevmirlər. Ümumiyyətlə, yalan danışmayan insanları aldatmaq çox asan olur. Yalanla bağlı məşhur yazıçı, filosof Frensis Bekonun belə maraqlı aforizmləri var: “ Yalançı-Allaha qarşı üsyan edən, lakin insanlardan qorxan bir axmaqdır”. “Dünyada insanı ən çox utandıran şey yalanının üzə çıxmasıdır”. “Yalan, zəiflərin daldalanacaq yeri və sığınacağıdır”.
– Quruluş verdiyiniz, ən çox sevdiyiniz tamaşa, ən çox sevdiyiniz, oynadığınız obraz və bədii əsəriniz hansıdır?
– Mənim quruluş verdiyim tamaşalar, oynadığım rollar və yazdığım əsərlərimin hamısı övladlarımdır. Axı valideyn övladlar arasında ayrı-seçkilik qoya bilməz… Ona görə də onların hamısı mənim üçün əzizdir, doğmadır.
– Həyat bizimlə hansı tamaşanı oynayır?
– Bugünkü həyat bizimlə çox faciəvi bir tamaşa oynayır. Təbiəti vəhşicəsinə elə məhv eləyirlər ki, adam bunları görəndə dəhşətə gəlir… Əgər belə getsə Yer planeti dağıla bilər… Bununla bağlı mənim “Anamın nağılı” hekayəm var. Yadplanetlilərlə bağlı povestim də buna həsr olunub. Yer kürəsinin bütün sühsevər insanları birləşib, bunun qarşısını almasalar, çox böyük faciələr olacq…
– Gələcək planlarınız nədir? Planlı iş görürsünüzmü?
– Yaradıcı adam üçün planlı iş görmək çox çətindir. Bir əsər üzərində işləyəndə, bir də görürsən ki, başqa bir əsərin mövzusu beyninə gəlir və sənə əzab verir. Səni çox rahatsız edir. Gecələr də yatmağa qoymur. Məcbur olursan ki, işlədiyin əsəri yarımçıq qoyub, həmin əsəri yazıya köçürəsən. Ya da bir pyesi hazırlamaq istəyirsən və o da səni məcbur eləyir ki, bütün işləri kənara qoyub, həmin tamaşanı reallaşdırasan. Görürsünüzmü yaradıcı insanın işləri necə məşəqqətlidir? ( Gülümsünür.)
Gələn ilin mart ayının 16-da Böyük Tanrı imkan versə və məni haqq dünyama qovuşdurmasa, mənim 75 yaşım tamam olacaq. Bax, bununla bağlı planlı işləməyə çalışıram. Həmin vaxta kimi dörd kitabımı çap etdirmək istəyirəm. Biri artıq çap olunur və üçü də çapa hazırlanır. Bunlardan əlavə rejissor kimi iki tamaşaya da quruluş verməyi planlaşdırıram. Tərcümə etdiyim Geor Xuqayevin “Varlı ev” tamaşası artıq Sumqayıt Dövlət Dram Teatrında tamaşaya hazırlanıb, Firudin Məhərrəmov tərəfindən. Xoşuma gəlib. Həyat yoldaşım, rejissor, müəllimə Elmira xanım Mazanqızı ilə birlikdə tərcümə etdiyimiz Geor Xuqayevin “Qocaların məhəbbəti” faciəvi komediyası isə Azərbaycan Teatr Xadimləri İttifaqında və bir neçə teatrda tamaşaya qoyulacaq. Dörd pyesimin isə Azərbaycanın bir neçə teatrında və Dağıstandakı Azərbaycan Dövlət Dram Teatrında tamaşaya qoyulması planlaşdırılır. Görürsünüzmü nə qədər işlərim var… Təki sağlıq olsun…
– Sumqayıtın 75 illiyi ərəfəsində hansı arzu və təklifləriniz var?
– Bu şəhərin əvvəlki vaxtlarında olan yubileylərində bəzi naqis rəhbər vəzifəli adamlar tərəfindən haqsızlıqlar çox olub. Layiq olan adanmların çoxu kölgədə qalıb, amma layiq olmayanlara fəxri adlar, medallar, ordenlər, Prezidentin Fərdi Təqaüdləri verilib. Bu da böyük narazılıqlar yaradıb…
Amma cənab Zakir Fərəcov bu şəhərin 70 illik yubileyini keçirəndə çoxlu sumqayıtlıya layiq olduğu qiyməti verdi. Mən buna çox sevindim. Çünki Zakir müəllim Sumqayıtı və sumqayıtlıları çox gözəl tanıyır.Və bir həqiqəti deyim ki, cənab Zakir Fərəcovun vaxtında bu şəhər özünün ikinci intibahını yaşayır. Bununla və şəhərdə gedən quruculuqla bağlı mənim otuzdan çox yazılarım var… Orada hər şeyi lazım olan kimi geniş yazmışam. Ümumiyyətlə, hər şey haqq-ədalətlə olanda daha yaxşı olur. Bununla bağlı məşhur filosof Lin Yutaqın belə bir kəlamı var:
-Harda çox sayda polis varsa, orada azadlıq,
Harda çoxlu əsgər varsa, orada sülh,
Harda çoxlu hüquqşünas varsa, orada
Ədalət yoxdur.
Dördüncü Xəlifə – 598-661-ci illərdə yaşamış Həzrəti Əli İbn Abutalib isə ondan bir qədər də uzağa gedərək belə deyib:
– Ədalət qədər dövləti möhkəmləndirən başqa amil yoxdur.
– Dövlətin dini ədalətdir. Ədaləti olmayan dövlət dinsizdir.
Bax, mən məmləkətimizdə bütün sahələrdə bu ədaləti görmək istəyirəm. Çox istəyirəm ki, məmləkətimizdə milli birlik olsun. Və bu arzu ilə yaşayıram. Axı biz birləşməyi bacaran xalqıq. Bunu tarix də sübut edib. 44 günlük Vətən müharibəsində də bunun tam şahidi olduq… Bu milli birliyi də ilk öncə yürsək rütbəli məmurlar yaratmalıdır. Onların səhvini deyəndə bundan əndişlənməməlidirlər. Onlar, xalqa zülm etməkdənsə, öz səhvlərini düzətməlidirlər. Bu haqda mənim belə bir kəlamlarım var: “ Hər kəslə özünə layiq rəftar etməyi bacarmaq böyüklük, ürəyigenişlik əlamətidir”. “İnsanların qəlbini ələ almağı bacarmaq, böyük istedaddır. Əfsus ki, bu, hər adamda yoxdur”.
Şəhərimizə, məmləkətimizə, onun sakinlərinə əmin- amanlıq, bol ruzi- bərəkət arzulayıram. Qoy hər kəs xöşbəxt və bəxtiyar olsun! Çünki bir millət kimi və böyük sərvəti olan dövlət kimi biz buna layiqik. Əgər hər şey ədalətlə bölünsə, rüşvət, tayfabazlıq, yerlibazlıq, inhisarçlıq olmasa, bu, məmləkətdə kasıb adam olmaz. Əgər belə olsa, xaricə köçüb gedən həmvətənlərimiz də geri, öz Vətənlərinə qayıdarlar. Axı qərib quşun Vətəni olmur. Mən də istəmirəm ki, həmvətənlərimiz qərib ölklərdə yaşasınlar. Çünki mənim övladlarım, qzılarım da ailələrini dolandırmaq üçün uzun illərdir qərib ölklərdə yaşayırlar… Valideyn üçün bundan da böyük dərd yoxdur…
Gülnarə CƏMALƏDDİN, airə, publisist, Azərbaycan Yazıçılar Birliyi Sumqayıt Şöbəsinin sədri
Müzakirə qapadılmışdır.