Bəziləri elə fikirləşə bilər ki, 73 yaşı olan bir şəhərin hansı qədim tarixi ola bilər, amma araşdırmaların nəticələri İpək yolu üzərində salınan Sumqayıtın zəngin tarixini sübut edir. Belə ki, Abşeronun ən qədim kəndlərindən olan indiki Corat qəsəbəsinin yanında salınan şəhərin qəsəbə ilə ortaq zəngin tarixi var.
Bu sözləri yaranmasının 55 illiyini qeyd edən Sumqayıt şəhərinin Tarixi Muzeyinin direktoru Aygün Zülfüqarlı AZƏRTAC-ın əməkdaşı ilə söhbətində deyib.
Ümumi sahəsi 26 min kvadratmetrdən artıq olan, 9 ekspozisiya zalından ibarət muzeydə 15 mindən çox eksponat və sənədin mühafizə olunduğunu qeyd edən direktor bildirib ki, Sumqayıt ərazisində aparılmış arxeoloji qazıntılar zamanı aşkara çıxarılan eksponatlardan əlavə, burada 300-400 illik yaşı olan məişət əşyaları da nümayiş olunur. Bundan əlavə, ekspozisiya zalında İpək yolunun bir qolu olmuş Sumqayıtın ərazisini əks etdirən maket, saxsı və mis qablardan ibarət guşə də yer alır.
Kütləvi ekspozisiya şöbəsinin müdiri Sevinc Əmirova isə muzeydəki materiallar arasında Ümummilli Lider Heydər Əliyevin Azərbaycana istər birinci, istərsə də ikinci rəhbərliyi dövründə Sumqayıta qayğısını əks etdirən nadir fotoşəkillərdən danışır. Kiçik ekspozisiya zalında həm Birinci Qarabağ döyüşlərində, həm də Vətən müharibəsində iştirak edən sumqayıtlı Milli qəhrəmanların, ümumiyyətlə şəhidlərin yaxınları tərəfindən muzeyə bağışlanan şəxsi əşyalar da saxlanılır.
Sumqayıtın inkişafında əvəzsiz xidmətləri olan Prezident İlham Əliyevin şəhid ailələri və qazilər, həmçinin sumqayıtlılarla unudulmaz görüşlərini əks etdirən nadir fotoşəkilləri də muzeydə nümayiş olunan sənədlər arasında görürük.
Müzakirə qapadılmışdır.