Almaniyanın Lüdviqshafen şəhərinin nümayəndə heyəti bu münasibətlə Sumqayıtda keçirilən bayram tədbirlərində iştirak edir.
Bu il Sumqayıtla Almaniyanın Lüdviqshafen şəhəri arasında dostluğun 30, tərəfdaşlıq əlaqələrinin yaradılmasının isə 40 ili tamam olur.
AZƏRTAC xəbər verir ki, bu münasibətlə mayın 4-5-də Sumqayıtda təşkil olunan bayram şənliyində Lüdviqshafen şəhərinin böyük nümayəndə heyəti iştirak edir.
Mayın 4-də Sumqayıt şəhər rəhbərliyi, ictimaiyyət nümayəndələri əlamətdar hadisə münasibətilə Sumqayıta gəlmiş qonaqları mehribanlıqla qarşılayıb, onlara şərbət təqdim ediblər. Milli geyimli rəqqasların ifaları, idmançıların nümayişi qonaqlarda maraq doğurub.
Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, Lüdviqshafen şəhərinin oberburqomistri doktor xanım Eva Louze, həmçinin rəsmi və vətəndaş cəmiyyətinin nümayəndə heyətlərinin üzvləri ümummilli lider Heydər Əliyevin abidəsi önünə tər güllər düzüblər.
Daha sonra qonaqlar Heydər Əliyev Mərkəzində Ulu Öndərin həyat və fəaliyyətindən bəhs edən eksponatlarla tanış olublar. Mərkəzdə fəaliyyət göstərən incəsənət studiyasının təşkil etdiyi sərgi, Sumqayıtın Tarixi Muzeyinin hazırladığı 40 illik dostluq münasibətlərini əks etdirən fotostend maraqla izlənilib. Mərkəzin xarici dil kursunun yetirmələri alman dilində qonaqlarla ünsiyyət qurublar.
Mərkəzin konfrans salonunda tərəfdaş şəhərlərin rəhbərlərinin görüşü keçirilib.
Z.Fərəcov bildirib ki, Sumqayıt “Qardaşlaşmış şəhərlər” hərəkatına ölkəmizdə ilk və fəal qoşulan şəhərlərdən biridir. Bu gün dünyanın 10 ölkəsinin 12 şəhəri ilə dostluq əlaqələri olan Sumqayıtın Lüdviqshafenlə 1977-ci ildə yaranan dostluq münasibətlərinin təməli ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə qoyulub. Tərəfdaşlıq əlaqələrinin qorunub saxlanılmasında, inkişafında Azərbaycan və Almaniya arasındakı dostluq münasibətlərinin, Azərbaycan Prezidenti İlham Əliyev və Almaniya Kansleri Angela Merkelin qarşılıqlı görüşlərinin, apardıqları danışıqların müsbət təsiri olub.
Bildirilib ki, 40 il ərzində 60-a yaxın qarşılıqlı səfərlər olub. Bu səfərlərdə iki minə yaxın insan iştirak edib, 23 layihə həyata keçirilib.
E.Louze yüksək qonaqpərvərliyə və səmimi münasibətə görə sumqayıtlılara təşəkkürünü bildirib. Ötən səfərindən sonra şəhərin inanılmaz dərəcədə dəyişdiyini, daha da müasirləşdiyini vurğulayan almaniyalı qonaq 2007–ci ildə Azərbaycan Prezidenti İlham Əliyevlə olan görüşünü həyatının unudulmaz anı kimi qiymətləndirib.
Sonra qonaqlar Şahmat Məktəbində Sumqayıt–Lüdviqshafen dostluq münasibətlərinə həsr edilən şahmat turnirini izləyiblər. Uşaq İncəsənət Məktəbində şagirdlərin ifasında qonqlara musiqi nömrələri təqdim olunub.
Almaniya nümayəndə heyəti sonra Sumqayıtın Şəhidlər xiyabanında olub, ”Şəhidlər” abidə kompleksini və “Xocalı abidə kompleksi”ni ziyarət ediblər.
Həmin gün qonaqlar iki şəhərin dostluğunun simvolu sayılan Lüdviqshafev istirahət parkında aparılan yenidənqurma işləri ilə tanış olublar. Parkın ərazisində dostluq münasibətlərinin 40 illik yubileyini əks etdirən stella açılıb. Qonaqlar burada dincələn şəhər sakinləri ilə söhbət edib, idmançıların və özfəaliyyət kollektivlərinin çıxışlarını izləyib, ağac əkiblər.
Yubiley tədbirləri çərçivəsində almaniyalı qonaqlar Sumqayıt Dövlət Universitetinə də gediblər. Universitetin rektoru Elxan Hüseynov ali məktəbin yaranma tarixi, beynəlxalq əlaqələri və qarşıdakı layihələr barədə ətraflı məlumat verib.
Sonra Sumqayıt Dövlət Universitetinin Elmi Şurasının Lüdviqshafen şəhərinin oberburqomistri xanım Yeva Louzeyə universitetin fəxri doktoru adının verilməsi haqqında qərarı səsləndirilib.
Bildirilib ki, qonaq Sumqayıt-Lüdviqshafen şəhərləri arasında dostluq münasibətlərinin daha da inkişafında əvəzsiz xidmətlərinə, elm və təhsilin tərəqqisinə verdiyi dəstəyə görə Sumqayıt Dövlət Universitetinin fəxri doktoru adına layiq görülüb.
Rektor fəxri doktor diplomunu, medal və mantiyanı Yeva Louzeyə təqdim edib.
Sumqayıtın yeni salınan Dənizkənarı bulvarında olan nümayəndə heyəti burada yaradılan şəraitlə tanış olub.
Axşam saatlarında Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət Dram Teatrında tərəfdaş şəhərlərin 40 illik yubileyinə həsr edilən bayram konserti nümayiş etdirilib. Tədbir iştirakçılarına 40 illik dostluq münasibətlərini əks etdirən fotoalbom paylanılıb.
Bayram şənliyində Lüdviqshafen şəhərinin nümayəndə heyətinə Sumqayıt Şəhər İcra Hakimiyyəti adından xatirə hədiyyələri təqdim edilib.
Lüdviqshafendə Sumqayıtın Dostları Cəmiyyətinin fəxri sədri Volfqanq Lauyenştaynə Sumqayıt şəhərinin fəxri vətəndaşı adı verilib. Qonaq ona göstərilən diqqətə görə təşəkkürünü bildirib.
Sonra Sumqayıt və Lüdviqsafenin inkişafından bəhs edən film nümayiş olunub. Tədbir respublika incəsənət ustalarının bayram konserti ilə davam edib.
Müzakirə qapadılmışdır.