Sumqayıtlı dünya çempionu: "Mənə qarşı edilənləri açıqlasam, aləm bir-birinə dəyər"

2267

Boks üzrə dünya çempionu, “Bakı 2015” I Avropa Oyunlarının qalibi Elvin Məmişzadənin “Report”a müsahibəsi

– Həftəsonu start götürəcək Azərbaycan çempionatında iştirak edəcəksiniz?

– Xeyr, hələlik yarışlarda iştirak etmək istəmirəm. Çünki tam formada deyiləm. Hazır olmadığımdan, Azərbaycan çempionatında döyüşməməyi qərara aldım.

– Hazır olmamağınız məşqlərə ara verməyinizlə əlaqədardır, yoxsa zədə problemi ilə?

– Məşqlərə ara verməmişəm, yenə hazırlıq keçirəm. Sadəcə, özüm istəmədim.

– Azərbaycanın boks üzrə azsaylı dünya çempionlarından biri kimi yarışlardan kənarda qalmağınız heç də yaxşı hal deyil. Yaxın vaxtlarda əvvəlki Elvin Məmişzadəni görmək mümkün olacaqmı?

– Mən də bunun üçün çalışıram. 2019-cu ildə yaxşı vəziyyətdə olacağıma inanıram.

– Milli komandanın yeni baş məşqçisi Leonid Loivski haqda hansı fikirdəsiniz?

– Onun barəsində heç nə danışmaq istəmirəm. Yəni, nə pisdir, nə də yaxşı. Normal mütəxəssisdir. Aramızda problem yoxdur.

– Amma bir ara sizi məşqlərdən uzaqlaşdırmışdı…

– Elədir. Lakin bu, onun fikri deyildi. Kənardan müdaxilələr olmuşdu.

– Yəni, yığmada sizi istəməyənlər də var?

– Var, niyə yoxdur? Federasiyamızın daxilində də, kənarda da belə insanlar mövcuddur. Hamı məni istəmir ki?! İdman rəqabət deməkdir. Hamı istəyir ki, özü irəli getsin. Hamı hiyləyə əl atır. Bu, təkcə boksda deyil, bütün idman növlərində var.

– Çıxış etdiyiniz aşağı çəki dərəcəsində elə də çox boksçu yoxdur. Bu halda sizə kim problem yarada bilər?

– Elə bircə boksçunun olması kifayətdir. Hazırda öz çəkimdə Məsud Yusifzadə çıxış edir. Amma mən builki çempionatda Qoşqar Səfərlinin qızıl medal qazanacağını gözləyirəm. Ötən il o, gümüş medal əldə etmişdi.

– Yığmadan kənarda qalmağınıza ötən il baş məşqçi tərəfindən cəzalandırılmağınızın və gecə klubunda törətdiyiniz insidentin təsiri olub?

– O hadisəyədək mənə qarşı nələr edilməyib?! Çox şeyi deyə bilərəm. Sadəcə, demək istəmirəm. Çünki desəm, xaos baş verər. Konkret, Azərbaycan Boks Federasiyasında qırğın düşər. Kimin kim olduğunu açıq deyərdim. Amma desəm, aləm bir-birinə dəyər. Məni xalq düşməni elan edərlər. Ona görə də lazım deyil. Başıma bir hadisə gəlmişdi. Mətbuata çıxdı, aləm bir-birinə dəydi. Amma mənə olanlar bundan qabaq olmuşdu.

– Sizə qarşı elə münasibət göstərənlər kimlərdir: Federasiya rəhbərliyi, yoxsa…

– Federasiya rəhbərliyi deyil, aşağıda olub suyu bulandıranlardır. Yəni, onlar baş katib Nağı Səfərovdan da aşağıda olanlardır. Qapı açan, qapı örtən, palto daşıyan, kiminsə pencəyini tutan… Bu cür arada gəzənləri nəzərdə tuturam. İdmandan başları çıxmadığı halda, “Mən beləyəm”, “Mən eləyəm” deyirlər. Halbuki indiyədək onları idmanda görən olmayıb. Belə insanlar üzündən boks bu vəziyyətdədir. Nə qədər ki, boksda bu idman növündən anlayışı olanlar, vuruşanlar, əziyyət çəkənlər çalışmayacaq, bu növ inkişaf etməyəcək. Yarış görməyən insan mənim rinqdə nələr keçirdiyimi anlaya bilməz.

– Belə çıxmırmı ki, gecə klubundakı o hadisəni sizə qarşı olanların təsiri altında törətmisiniz?

– Həmin dönəmdə yaxşı vaxtlarım deyildi. Karyeramı bitirmək, Azərbaycan adından çıxış etməmək haqda fikirləşirdim. Peşəkar boksa üz tutmaq istəyirdim. Sadəcə, düşündüm ki, niyə onlardan qaçım? Gördüyüm rinqlərin heç birini onlar görməyiblər. Özümü sübut edə bilərəm. Açıq danışaq: pis nəticələr verməmişəm. 2007-ci ildən yeniyetmələr arasında Avropa çempionu ola-ola gəlmişəm. Yenicə nəticə verib parlamıram ki… Nəticələrim göz qabağındadır, 10 ildir uğurla çıxış edirəm. Rinqi görmüş adamam. Kimlərin vaxtında vuruşduğumu da nəzərə alın. Yenə də meydanı boş qoyub getməzdim. Yığmada hazırkı rəqiblərimlə problemim yoxdur. Rəqib rinqdədir. Çıxıb vuruşarsan, kim udar-udar da. Rinqdən aşağı düşdünsə, oldun dost-qardaş. Bir yerdə tər axıtdığım adamla düşmən ola bilmərəm. Bəli, düşmənçilik edən oğlanlar var. Bu, hərənin öz düşüncə tərzindən asılıdır. Kim kin saxlayırsa, özü bilər. Problemim aşağıda suyu bulandıranlarladır. Əslən azərbaycanlı 3 dünya çempionu var – Ağasi Məmmədov, Cavid Çələbiyev və mən. Amma məni yığmaya çağırmadılar. Məni cəzalandırmaq üçün başqasını – Məsud Yusifzadəni götürdülər. O da çıxıb biabır elədi. Adama təsir edən odur ki, vaxtilə mənə inananlar bu suyu bulandılanların sözünə görə indi inanmırlar.

– Baş məşqçi Leonid Loivski ukraynalı, köməkçisi Nəriman Abdullayev isə azərbaycanlıdır. Demək olarmı ki, barənizdə mənfi rəy yaradan Abdullayevdir?

– Onda da var, niyə yoxdur ki? Deyirəm də, ölkə boksunda Nağı Səfərov da daxil olmaqla, yuxarı çox yaxşı, aşağı isə çox pisdir. Nağı müəllimə deyirlər ki, o, elədir, bu belə. Səfərov bizim içimizdə deyil deyə, görmür. Fikirləşir ki, yəqin, elə bu cürdür. Amma özümdən soruşmurlar ki, belə hərəkət etmişəm, ya yox.

– Leonid Loivski olduğu müddətdə sizi yığmada görə biləcəyik?

– 2019-cu ildə vuruşanda, onlarla mübahisə etməyəcəyəm. Bu günə qədər mübahisə etdiyim üçün məni uzaq tutmağa çalışırlar. Xoşlayırlar ki, hər sözlərinə “baş üstə” deyilsin. Onlar kimdir ki, “baş üstə” deyim? Mənim də nəticələrimə baxın, onların da. Kimsən ki, mənə boks öyrədirsən?

– Amma tapşırığı verən baş məşqçi və köməkçisidir…

– Baş məşqçi ilə heç bir problemim yoxdur. Respublika çempionatına hazırlaşanda hər gün gəlib baxır, maraqlanır, məşq keçirdi. Bir-birimizə hörmətimiz var. Yığmaya ilk dəfə çağırılmamışam ki, baş məşqçi ilə yola getməyim. 2010-cu ildən etibarən fərqli baş məşqçilər gəldi. Hamısı ilə işləmişəm. Nə oldu, bu günə qədər problem olmadı, indi yarandı? Halbuki həmin vaxtlarda nəticə verməmişdim. Amma indi nəticə qazandım, problem çıxdı? Hər zaman sözün düzünü dediyim üçün məni istəməyiblər. İnsanı boksdan iyrəndirirlər.

– Ona görə Azərbaycan çempionatında çıxış etmək istəmirsiniz?

– Hələlik ona görə çıxış etmirəm. Hazırda məşq edirəm. Bir gün gəlib elə vuruşmaq istəyirəm ki, məndə səhv tutmasınlar. Söz yox, mənim də səhvlərim olub. Böyüklük həmin səhvi bağışlamaq, yoluna qoymaqdır. Yıxılana balta vurmaq olmaz.

– Siqaret və spirtli içkilərə münasibətiniz necədir? Bəlkə, “rejimə əməl etmir” deyəndə, bunu nəzərdə tuturlar?

– Kim məni siqaret çəkən, içki içən yerdə görüb? Rejimə əməl etməmək məşqə gecikmək, onların sözü ilə oturub-durmamaqdır. İnsanam da… Sən mənim rinqdəki durumumla maraqlan.

– Xaricdən təkliflərinizin olduğunu söylədiniz…

– Bəli, yalnız peşəkar boksla bağlı təklif olub. Çəkim aşağı çəki dərəcələrinə uyğundur. Peşəkar boksa isə ağır çəkililər lazımdır. 55 kq çəki dərəcəsində vuruşacağam. Respublika çempionu olaramsa, yığmaya gedərəm. Olmazsa da, olmaz. İndi məşqçi Elbrus Rzayevin rəhbərliyi altında fərdi məşq edirəm.

– Sizi nə vaxt yaxşı formada görəcəyik?

– Yəqin ki, 2019-cu ildə. Bu il boksda elə də yarış yoxdur. Özümü gələn il keçiriləcək olimpiya lisenziyalı yarışlara hazırlayıram.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər