Sumqayıtlı gənc Emin Əliyev Kalmıkya Dövlət Universitetində keçirilən beynəlxalq konfransda Azərbaycanı təmsil edib
Basan Qorodikov adına Kalmıkya Dövlət Universitetində ali məktəbin 55 illik yubileyinə həsr olunmuş məzunlar üçün “Təhsil beynəlxalq aləmdə körpüdür” adlı beynəlxalq elmi konfrans keçirilib. Tədbirdə universitetin rektoru Badma Salayev, respublika rəsmiləri, universitet nümayəndələri, eləcə də yerli və xarici tələbə və məzunlar iştirak ediblər.
Konfransda Azərbaycanı Kalmıkya Dövlət Universitetinin məzunları — Sumqayıtlı gənc Emin Əliyev və Namiq Muradov təmsil ediblər. Rektor Badma Salayev açılış nitqində universitetin 55 illik inkişaf yolundan, beynəlxalq əlaqələrin güclənməsindən və müxtəlif ölkələrdən olan məzunların elmi və ictimai fəaliyyətlərindəki uğurlarından danışıb.
Daha sonra 50-yə yaxın ölkəni təmsil edən məzunlar təhsil və iş təcrübələri barədə çıxışlar ediblər. Namiq Muradov tədbirə onlayn video bağlantı vasitəsilə qoşularaq, Azərbaycan haqqında məlumat verib, ölkəmizin inkişaf istiqamətlərindən və təhsilin insan həyatındakı əhəmiyyətindən bəhs edib.
Konfransda iştirak edən Sumqayıtlı gənc Emin Əliyev çıxışında təhsilin beynəlxalq əməkdaşlıqdakı rolunu, gənclərin qlobal elm və innovasiya mühitinə inteqrasiyasını və Azərbaycan-Rusiya təhsil əlaqələrinin möhkəmlənməsinin vacibliyini vurğulayıb.
Emin Əliyev qeyd edib ki, Kalmıkya Dövlət Universitetində aldığı təhsil onun həm şəxsi, həm də peşəkar inkişafında mühüm rol oynayıb və ictimai fəaliyyətində möhkəm bünövrə yaradıb. Xarici tələbələr şöbəsinin müdiri Anslem Xunday, həm Emin Əliyev, həm də Namiq Muradovun universitetin ictimai-siyasi həyatında fəallığını yüksək qiymətləndirərək, ali təhsil müəssisəsi adından onlara təşəkkürünü bildirib. Tədbir qarşılıqlı fikir mübadiləsi və yeni beynəlxalq təhsil təşəbbüslərinin müzakirəsi ilə davam edib.



Müzakirə qapadılmışdır.