Süni intellektin tətbiqi dövlət qurumlarında geniş vüsət almalıdır
Prezident İlham Əliyev tərəfindən “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirədə səsləndirilən fikirlər ölkəmizin inkişaf strategiyasında yeni mərhələnin başlandığını bir daha təsdiqlədi. Dövlət başçısı çıxışında qlobal miqyasda sürətlə gedən rəqəmsallaşma proseslərinin artıq dövlətlərin iqtisadi və siyasi gücünün əsas göstəricilərindən birinə çevrildiyini vurğulayaraq bildirdi ki, süni intellektin tətbiqi, data mərkəzlərinin yaradılması və rəqəmsal islahatlar faktiki olaraq ölkələrin gələcək inkişafını müəyyən edir. Bu baxımdan, rəqəmsal inkişafın Azərbaycanın prioritetləri sırasında ön mövqeyə çıxarılması zamanın çağırışlarına adekvat cavabdır.
Müşavirədə xüsusi diqqət çəkən məqamlardan biri süni intellektin dövlət qurumlarında geniş tətbiqi ilə bağlı tapşırıqlar oldu. Prezident qeyd etdi ki, artıq inkişaf etmiş ölkələrdə dövlət məmurlarının gündəlik fəaliyyətində süni intellekt agentləri qərar qəbuletmə prosesinə yardımçı olur. Bu, həm idarəetmədə şəffaflığı və operativliyi artırır, həm də insan faktorundan qaynaqlanan səhvlərin qarşısını almağa xidmət edir. Azərbaycanda da bu istiqamətdə sistemli addımların atılması dövlət idarəçiliyində keyfiyyətcə yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər.
Rəqəmsal arxitekturanın formalaşdırılması məsələsi data mərkəzlərinin yaradılması və mövcud infrastrukturun modernləşdirilməsi ilə birbaşa bağlıdır. Prezident İlham Əliyev Azərbaycanın coğrafi mövqeyinin mühüm üstünlük olduğunu bildirərək vurğuladı ki, ölkəmiz Asiya ilə Avropa arasında yerləşir, Şimal-Cənub nəqliyyat dəhlizinin əsas iştirakçılarından biridir və artıq mövcud infrastruktur bazasına malikdir. İndiki mərhələdə bu üstünlüklər rəqəmsal müstəviyə daşınmalı, nəqliyyat və enerji dəhlizləri paralel olaraq fiber-optik və informasiya dəhlizlərinə çevrilməlidir. Bu yanaşma Azərbaycanın regionda rəqəmsal hab kimi mövqeyini gücləndirə bilər.
Dövlət xidmətlərinin vahid platformada cəmləşdirilməsi də müşavirədə irəli sürülən mühüm təşəbbüslərdən biridir. Son illər müxtəlif qurumlar tərəfindən yaradılmış çoxsaylı platforma və tətbiqlərin koordinasiyalı şəkildə “mygov” üzərindən birləşdirilməsi dövlət idarəçiliyində sistemliliyin təmin olunmasına xidmət edəcək. Vətəndaşlar üçün bütün xidmətlərin bir mərkəzdən göstərilməsi həm şəffaflığı artıracaq, həm də süni intellekt alqoritmlərinin daha geniş və inteqrasiya olunmuş məlumat bazası üzərində işləməsinə imkan yaradacaq. Bu isə idarəetmədə effektivliyin yüksəlməsinə gətirib çıxaracaq.
Kadr hazırlığı məsələsi də çıxışda əsas prioritet kimi müəyyən edildi. Dövlət başçısı vurğuladı ki, süni intellekt və rəqəmsallaşma uzunmüddətli prosesdir və gələcəkdə bu sahədə yüksək ixtisaslı kadrlara böyük ehtiyac yaranacaq. Bu baxımdan ali məktəblərdə müvafiq ixtisasların gücləndirilməsi, xaricdə təhsil proqramlarının genişləndirilməsi və orta məktəblərdə ilkin rəqəmsal biliklərin tədrisi xüsusi əhəmiyyət kəsb edir. Texnologiyanın tətbiqi yalnız texniki mütəxəssislərin deyil, idarəetmədə qərar verən şəxslərin də bilik və bacarıqlarının artırılmasını tələb edir.
Rəqəmsal transformasiyanın ayrılmaz tərkib hissəsi olan kibertəhlükəsizlik məsələsi də müşavirədə xüsusi vurğulandı. Prezident İlham Əliyev ölkəmizin ötən il ciddi kiberhücuma məruz qaldığını xatırladaraq bu sahədə qabaqlayıcı tədbirlərin gücləndirilməsinin vacibliyini qeyd etdi. Mövcud Kibertəhlükəsizlik Mərkəzinin fəaliyyətinin daha da təkmilləşdirilməsi, beynəlxalq tərəfdaşlarla əməkdaşlığın genişləndirilməsi və müasir müdafiə mexanizmlərinin tətbiqi rəqəmsal inkişafın təhlükəsiz əsaslar üzərində qurulmasına xidmət etməlidir.
Müşavirədə transmilli şirkətlərlə əməkdaşlıq və investisiya mühitinin üstünlükləri də ön plana çəkildi. Son 20 ildə Azərbaycan iqtisadiyyatına yatırılmış 350 milyard dollardan artıq sərmayə ölkədə formalaşmış sabit və etibarlı biznes mühitinin göstəricisidir. Bu təcrübə rəqəmsal sahədə də öz bəhrəsini verməli, süni intellekt və innovasiya istiqamətində aparıcı beynəlxalq şirkətlərlə tərəfdaşlıq daha da genişləndirilməlidir. Azərbaycanın enerji və infrastruktur layihələrində qazandığı uğurlar indi rəqəmsal sahədə davam etdirilməlidir.
Beləliklə, “Azərbaycanın yeni rəqəmsal arxitekturası” çərçivəsində süni intellektin dövlət qurumlarında geniş tətbiqi artıq strateji zərurət kimi qarşıya qoyulur. Bu istiqamətdə atılacaq addımlar təkcə texnoloji yenilənmə deyil, idarəetmə mədəniyyətinin modernləşdirilməsi, iqtisadiyyatın şaxələndirilməsi və ölkənin qlobal rəqabət qabiliyyətinin artırılması deməkdir. Prezident İlham Əliyevin bu prosesi şəxsi nəzarətində saxlaması isə göstərir ki, Azərbaycan rəqəmsal gələcəyini sistemli və məqsədyönlü şəkildə qurmaq əzmindədir.
İlhamə Məmmədqızı, “Sumqayıt” qəzetinin əməkdaşı
Süni intellektin tətbiqi dövlət qurumlarında geniş vüsət almalıdır
•
230


Müzakirə qapadılmışdır.