Qubadlı şəhərinin işğaldan azad edilməsindən dörd il ötür. Ölkəmizin cənub qərbində yerləşən, Zəngəzur mahalının ən qədim yaşayış məskənlərindən olan Qubadlı rayonunun işğaldan azad olunması 44 günlük Vətən müharibəsinin ən əhəmiyyətli və strateji hərbi uğurlarından biridir. 1990-cı illərin əvvəllərində itirdiyimiz əraziləri qarışbaqarış, kəndbəkənd azad etdik. Bu torpaqlar bizim şəhidlərin, qazilərin qanı ilə yoğrulub. Ona görə də, bütün kənd, qəsəbə və şəhərlərimizin azad edilməsi bizim üçün ölçüyəgəlməz əhəmiyyətə malikdir. Təbii ki, strateji hədəflərə çatmaq üçün hərbi əməliyyatlar hazırlanarkan onun əhəmiyyəti, vacibliyi götür qoy edilir. Bu mənada düşünürəm ki, böyük Zəfərə nail olmaq üçün Qubadlı əməliyyatı mühüm əhəmiyyət daşıyırdı. Bu əməliyyatın uğuru hərbi savad, peşəkarlıq, cəsarət və milli vətənpərvərlik ruhunun vəhdətindən doğur.
Bu fikirləri Milli Məclisin deputatı Tahir Mirkişili bildirib.
Onun sözlərinə görə, Qubadlının 1993-cü il avqustun 31-də Ermənistan tərəfindən işğal olunması tariximizin ən acı səhifələrindən biridir. O zaman ermənilər Qubadlıya həm Ermənistandan, həm də Laçın, Şuşa istiqamətlərindən hücum etdilər. İşğal dövründə bədnam ermənilər bu rayonda daşı-daş üstə qoymadılar. Barbarlıq və vandalizmə məruz qalan rayon ərazisində bütün sosial infrastruktur dağıdılmışdı, kommunikasiya xəttləri məhv edilmişdi, daşına bilən hər şey satılmışdı. Ermənistan yalnız Xanlıq kəndində qəsəbə salaraq xaricdəki erməniləri orada məskunlaşdırmışdı. Bu da Cenevrə konvensiyasının tələblərinin kobud şəkildə pozulması deməkdir. Ermənilər Qubadlıda törətdiyi vəhşiliklərə görə də beynəlxalq hüquq qarşısında cavab verməlidir.
T.Mirkişili qeyd edib ki, oktyabrın 25-i – Vətən müharibəsinin 29-cu günü Azərbaycan Ordusu Qubadlı şəhərini işğaldan tam azad etdi: “Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamına əsasən, 25 oktyabr Qubadlı Şəhəri Günü kimi qeyd edilir. 2020-ci il noyabrın 26-da “Qubadlının azad olunmasına görə” medalı təsis edilib. Qubadlı uğrunda aparılan döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş 15189 hərbi qulluqçu “Qubadlının azad olunmasına görə” medalı ilə təltif edilib.
Deputat bildirib ki, Qubadlı Şərqi Zəngəzurun təbii sərvətlərlə ən zəngin rayonlarından biridir. Rayonun Hacılı kəndində mişar daşı, Bərgüşad çayının sol sahilində yəşəm, Əliquluuşağı, Qundanlı, Muradxanlı və Başarat kəndlərində mərmərləşmiş əhəng daşı, Mollabürhan kəndinin cənubunda tuf daş yataqları mövcuddur. Həmçinin, rayonun Xanlıq kəndində qum-gil, Eyvazlı kəndində əqiq yatağı var. İşğaldan öncə Qubadlıda 13160 hektar meşə sahəsi olub. Rayon ərazisi təbii dərman bitkiləri ilə də zəngindir. Əminliklə deyə bilərəm ki, Qubadlı yenidən Azərbaycanın iqtisadi baxımdan ən əhəmiyyətli rayonlarından birinə çevriləcək. 2020-ci il dekabrın 23-də Prezident İlham Əliyevin Qubadlıda şanlı bayrağımızı ucaltması mühüm tarixi hadisə oldu. Postmüharibə dövründə dövlət başçısı 4 dəfə Qubadlıya səfər edib. Dövlət başçısının Qubadlıya hər səfəri mühüm hərbi və infrastruktur obyektlərinin açılışı, təməlqoyma mərasimləri ilə yadda qalır. Hazırda Qubadlı rayonunda böyük quruculuq-bərpa işləri həyata keçirilir. Qubadlının gələcək inkişafı ilə bağlı əməli-praktiki işlər aparılır. Azad edilmiş torpaqlarda artıq yeddi yarımstansiya inşa olunub. Bu infrastruktur layihəsi Qubadlının 2050-ci ilə qədərki inkişaf dinamikasını nəzərə alır. Rayonda ekoloji kənd təsərrüfatı, balıqçılıq, sənətkarlıq, aqroturizm və digər sahələrin inkişafı üçün imkanlar mövcuddur.
T.Mirkişili sonda onu da qeyd edib ki, Qubadlının Baş planında rayonun təbiəti, tarixi, memarlıq üslubu, o cümlədən 2050-ci ilə qədər inkişaf dinamikası nəzərə alınacaq. İnanırıq ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Qubadlıda bütün infrastruktur layihələr uğurla icra olunacaq, yurdumuzun bu cənnət guşəsinə yeni həyat gələcəkdir.
Müzakirə qapadılmışdır.