Şuşa tarixi şöhrətini bərpa edir

654

44 günlük Vətən Müharibəsindən sonra başlanan “Böyük Qayıdış” proqramı uğurla icra olunur. 10 may tarixində baş tutan növbəti köç isə Azərbaycan tarixinə mühüm hadisə kimi düşəcək. Otuz iki il sonra Şuşalılar tarixi vətənlərinə qayıtmaq şərəfini yaşadılar. Bu, yalnız Şuşa üçün deyil, eyni zamanda bütün Azərbaycan üçün tarixi bir hadisədir.

Görüşdə Prezident İlham Əliyev Şuşanın və digər işğal altında olan torpaqlarımızın azad edilməsində mühüm rol oynamış gənc nəslin əhəmiyyətini vurğuladı. Qeyd etdi ki, bu gün bizim qürur mənbəyimiz olan Şuşanı və o vaxt işğal altında olan digər torpaqları öz canı-qanı bahasına azad edən gənc nəslin nümayəndələri olub. Savadlı, bilikli, vətənpərvər, fiziki cəhətdən güclü, mənəvi cəhətdən sağlam, saf gənc nəsil yetişdirdik və onlar 44 gün ərzində öz sinələrini qabağa verərək torpaqları azad etdilər.

Bu müharibə Azərbaycan xalqının qəhrəmanlıq tarixinə yeni bir səhifə kimi əlavə edildi. Dünya artıq Azərbaycanı yalnız zəngin mədəniyyəti və tarixi ilə deyil, həm də öz torpaqlarını işğaldan azad edə bilən, müstəqil və suveren dövlət kimi tanıyır. Azərbaycan xalqının döyüş meydanındakı fədakarlığı və birlik ruhu, öz haqqımızı kiminsə güzəşti hesabına deyil, döyüş meydanında bərpa etməyimizi mümkün etdi.

Bu şəhər həm tariximizdə, həm də qəlblərimizdə önəmli bir yerə sahibdir. Şuşa Azərbaycanın əyilməz ruhunun, mübariz və qəhrəman xalqının simvolu kimi qalmaqdadır. Dövlətimizin başçısı sakinlərlə görüşdə bildirdi ki, antiterror əməliyyatı nəticəsində biz tarixi, əzəli torpaqlarımızı işğalçılardan azad etdik. Dövlətimizin gücünü və siyasi iradəsini göstərdik. Heç kimlə hesablaşmadan, heç nəyə baxmadan, heç kimdən qorxmadan lazım olan əməliyyatı böyük peşəkarlıqla, məharətlə və fədakarlıqla keçirdik.

Prezident İlham Əliyevin vurğuladığı kimi, müharibədə qazanılan qələbələr yalnız hərbi sahədə deyil, həmçinin diplomatiya və quruculuq sahələrində də Azərbaycanın üstünlüklərini nümayiş etdirdi. Şuşada aparılan genişmiqyaslı quruculuq işləri tarixi abidələrin bərpası və yeni infrastruktur layihələrinin həyata keçirilməsi bu qələbənin bariz nümunələridir.

Sakinlərlə görüşdə bəlli oldu ki, öğtən dövr ərzində aşağıdakı işlər həyata keçirilib:

  • Keçən il mayın 10-da ikinci yaşayış kompleksinin təməli qoyulmuşdur. Birinci yaşayış kompleksində 450, ikincidə 300-ə yaxın, üçüncüdə isə 500-ə yaxın mənzil inşa ediləcək. Bütün evlər gözəl memarlıq üslubunda – Şuşanın ənənəvi üslubunda inşa edilmişdir;
  • Füzuli şəhərindən Şuşaya qısa müddət ərzində Zəfər yolu çəkilib. İndi isə daha geniş magistral avtomobil yolu çəkilib. Yeddi tuneli, doqquz viaduku, bir çox körpüləri olan dördzolaqlı gözəl bir yol çəkilir;
  • Şuşanın tarixi abidələrinin bərpası müharibədən dərhal sonra başlanılmışdır. Vaqifin məqbərəsi yenidən quruldu, onun əzəli görkəmi qaytarıldı.
  • Yuxarı Gövhər Ağa məscidi, Saatlı məscidi bərpa olundu. Mamayı məscidinin bərpadan sonra açılışı oldu. Çöl Qala məscidində bərpa işləri başlanılıb.
  • Mehmandarov məscidi və Mehmandarovun evi bərpa edilib. Artıq dörd mehmanxana fəaliyyət göstərir. Onların içində ən böyük beşulduzlu Şuşa mehmanxanası bu gün Şuşanın müasir görkəmini əks etdirir.
  • Şirinsu hamamı əsaslı təmirdən sonra açılmışdır. Aşağı Gövhər Ağa məscidində təmir-bərpa işləri yekunlaşmaq üzrədir. Üzeyir Hacıbəylinin vəhşi düşmən tərəfindən dağıdılmış abidəsi yenidən öz yerinə qoyuldu. Üzeyir Hacıbəylinin ermənilər tərəfindən dağıdılmış evi yenidən qurulur.

Prezident İlham Əliyev bəyan etdi ki, Şuşanın dirçəldilməsi geniş vüsət alıb. Hər şey çox müfəssəl və dəqiq, ən müasir şəhərsalma qaydalarına uyğun planlar əsasında qurulur. Bu bərpa-yenidənqurma işlərinə dünyanın aparıcı şirkətləricəlb olunub. Həm Şuşada, həm də artıq inşa edilmiş digər qəsəbə və şəhərlərdə məşğulluq məsələləri də həll olunur, treninqlər keçirilir, buraya qayıdacaq insanların işlə təmin olunması məsələlərinə də çox diqqətlə baxılır və bu işlər öz həllini tapır.

Qarabağ və Şərqi Zəngəzur bölgələrinin bərpası və yenidənqurulması Azərbaycanın milli strategiyasının mühüm bir hissəsidir. Bu ərazilərin təbii gözəllikləri, mənzərələri və zəngin yaşıllıqları ilə yanaşı, müasir və ənənəvi memarlıq üslublarının qarışığı bölgəni yalnız yerli əhali üçün deyil, bütün dünya üçün cəlbedici edir. Yaradılan yeni yaşayış kompleksləri, infrastruktur layihələri və mədəni abidələrin bərpası ilə bu torpaqlar öz tarixi və mədəni köklərinə sadiq qalaraq müasir dünyanın tələblərinə cavab verir. Nəticədə, Qarabağ və Şərqi Zəngəzur Azərbaycanın qürur mənbəyi olmaqla yanaşı, regionun incisi kimi inkişaf edir.

Vüsalə Qurbanova, Sumqayıt şəhər Heydər Əliyev Mərkəzinin direktoru

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər