Tahir Mirkişili: “Sumqayıtı ölkə iqtisadiyyatının mühüm həlqəsinə çevirmək olar” – MÜSAHİBƏ

626

Milli Məclisin deputatı, Azərbaycanın ATƏT Parlament Assambleyasındakı nümayəndə heyəti sədrinin müavini Tahir Mirkişili Modern.az saytına geniş müsahibə verib. sumqayitxeber.com millət vəkili ilə geniş müsahibəni təqdime dir:

 -Xarici ölkələrdə çox olursunuz. Elə sizə müsahibə üçün müraciət edəndə də xaricdə idiniz. Görünür, qrafikiniz çox sıxdır. Heç şübhəsiz ki, bu qrafik sizdə bir daxili gərginlik də yaradır. 

-Hesab edirəm ki, hər bir insan gördüyü işi sevməlidir. Əgər hər kəs özünün gördüyü işi sevərsə və işinin nəticələri ona qürur hissləri yaşadarsa, onda iş fəaliyyətində heç bir gərginlik yaşanmır. Mənim əvvəlki iş fəaliyyətim də xarici səfərlərlə çox bağlı olub. İqtisadiyyat Nazirliyində innovasiyalar üzrə nazir müşaviri işlədiyim zaman dünyada baş verən innovasiyaları izləmək və tətbiq etmək məqsədilə tez-tez xarici səfərlərdə olurduq. Hazırda mən eyni zamanda Azərbaycanın ATƏT Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvüyəm. Bizim xarici nümayəndə heyətləri, xarici ölkələrin parlamentariləri ilə görüşlərimiz, bu zaman müzakirə olunan məsələlər, həmin məsələlərin Azərbaycan üçün aktuallığı və əldə olunan müsbət nəticələr bizi daha çox iş görməyə ruhlandırır. Fəaliyyətin nəticəsi uğurlu olanda, qarşıya qoyulan hədəflərə çatanda insan heç zaman gərginliyi hiss etmir. Əksinə, özündə yeni güc tapır.Yəqin həm də buna görədir ki, daim daha da böyük uğurlar əldə etmək üçün daha çox fəaliyyət göstərməyə can atırıq. ATƏT Parlament Assambleyasının keçən dəfəki iclasında Azərbaycanın 10-dan çox qətnaməyə etdiyi düzəlişlər qəbul olundu. Qəbul olunan qətnamələr, digər ölkələrin Azərbaycanın mövqeyini dəstəkləməsi, bizim arqumentlərimizin daha müasir, çevik olması konkret nəticələr əldə etməyə imkan yaradır. Məhz belə nəticələr, uğurlar bizə yorulmağa imkan vermir, əksinə, daha da ruhlandırır.

“Hər bir uğurun səbəbi əsasən üç mənbədən qaynaqlanır. Birinci səbəb ailədən və cəmiyyətdən, ikicisi təhsildən, üçüncüsu isə insana göstərilən etimaddan qaynaqlanır. “

 -Bu ifadəmdən yəqin ki, inciməzsiniz. İlk vaxtlar mənə quru adam təsiri bağışlamışdınız. Amma bioqrafiyanıza nəzər yetirəndə gördüm ki, o, çox koloritlidir. Yəni, elə əvvəldən uğurlarınız başlayıb. Tərcümeyi-halınıza baxanda sizin haqqınızda məndə yaranan təsəvvür bir anlıq darmadağın oldu. 

-Sizinlə qismən razıyam. Zənnimcə, hər bir uğurun səbəbi əsasən üç mənbədən qaynaqlanır. Birinci səbəb ailədən və cəmiyyətdən, ikicisi təhsildən, üçüncüsu isə insana göstərilən etimaddan qaynaqlanır. Mənim atam və anam müəllim olub. Bizim evimizdə hər zaman təhsilə böyük önəm verilib. Bakı şəhərində Fizika-Riyaziyyat və İnformatika təmayüllü liseydə oxuduğum illərdə riyaziyyat fənni üzrə Azərbaycan Olimpiada Komandasının üzvü olaraq müxtəlif vaxtlarda olimpiadaların qalibi olmuşam. 1997-ci ildə Təhsil Nazirliyi tərəfindən keçirilən ali təhsil müəssisə tələbləri arasındakı Ümumrespublika İqtisadiyyat Olimpiadasında 1-ci yeri tutmuşam. Daha sonra iqtisadiyyat üzrə təhsilimi başa vurub iqtisadi elmləri namizədi alimlik dərəcəsini almışam.  Bunları tərif  üçün demirəm. Sadəcə demək istəyirəm ki, Azərbaycan təhsilinin bütün mərhələlərini keçmişəm. Bəzən “Azərbaycanda təhsil zəifdir” deyiləndə bununla tam razılaşmıram. Çünki Azərbaycan təhsilini alan insanlar bu gün həm ölkədə, həm də ölkə xaricində böyük uğurlara imza atıblar.

Daha sonralar işlədiyim sahələrdə daha dar və dərin biliklərə sahib olmaq məqsədilə xaricdə təhsilimi davam etdirmişəm. Bütün bunların hamısının bazasında Azərbaycan təhsili, Azərbaycan müəlliminin əməyi durur. Bütün mərhələlərdə – orta məktəbdə, universitetdə Azərbaycan müəlliminin bizim üzərimizdə böyük əməyi olub.

Və təbii ki, çalışdığım sahələrdə göstərilən etimad mənə bir çox uğurlar əldə etməyə imkan yaradıb. Yeni Azərbaycan Partiyası rəhbərliyinin göstərdiyi etimad və seçicilərin göstərdiyi etimadla Milli Məclisə deputat seçilmişəm. Məhz bütün bu səbəblər hər bir uğurun bünövrəsini təşkil edir.

 -Bayaq məndə yaratdığınız ilkin təəssürat haqqında danışdım. Bunu niyə dedim? Çünki adətən deputatların Milli Məclisə etdiyi çıxışlar onlar haqqında təəssürat yaradır. Sizi ATƏT-dəki çıxışlarınızı bir kənara qoyuram. Milli Məclisin iclaslarında isə az çıxış edirsiniz. Səbəbi nədir?

-Milli Məclisdə komitə və plenar iclasları olur. Bir qayda olaraq komitədə müzakirə etdiyimiz məsələlərlə bağlı çalışırıq ki, plenar iclasda çıxış etməyək. Çünki bizim İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində kifayət qədər aktiv müzakirələr gedir. Eyni məsələlər haqqında yenidən plenar iclaslarda çıxış etmək təkrarçılığa səbəb olur. Cəmiyyətdə, mediada bəzən deputatın fəaliyyətini Milli Məclisdəki çıxışı ilə qiymətləndirirlər. Bu, qismən düzgün olmayan yanaşmadır. Doğudur, deputatın fəaliyyətindən biri də seçiciləri narahat edən məsələləri həm də plenar iclaslarda çıxış edərək qaldırmaqdır. Və ya qanunların qəbulu zamanı daha uğurlu tənzimləyici müddəaların işlənməsini təklif etməkdir. Bunu da deputatların əksəriyyəti edir.Media əksər hallarda daha çox populyar çıxışları işıqlandır. Deputatların çıxışlardan əlavə kifayət qədər digər fəaliyyətləri var. Çıxış etmək hansısa məsələni həll etmək üçün qaldırmaq deməkdir. Əgər bu məsələ işgüzar fəaliyyət, qanunların qəbulu prosesi ilə öz həllini tapırsa, problemlərin çoxu həll olunursa, deməli çıxışa ehtiyac da qalmır. Ancaq sualınıza cavaq olaraq bildirim ki, mən indiyə qədər parlamentin plenar iclaslarında 3 dəfə çıxış etmişəm. İkisi qanunlarla, biri isə cari məsələlərlə bağlı idi. Qaldırdığım məsələlər öz həllini tapıb.

 ”Düşünürəm ki, investorlar cəlb etməklə, Sumqayıtda kifayət qədər iş yerləri açmaq olar və eyni zamanda Sumqayıtı ölkə iqtisadiyyatının mühüm həlqəsinə çevirmək olar. “

-Problemlər demişkən… Seçicilərinizin problemlərini həll edə bilirsinizmi? Yoxsa bəzilər yarımçıq qalır?

-Mən bir qayda olaraq seçicilərlə daha çox ünsiyyətdə oluram. Seçicilərimizlə planlı olaraq ən azı ayda bir dəfə Sumqayıtda görüşürük. Əlavə olaraq müraciət edən seçicilərlə isə Milli Məclisdə görüşürük. Sosial şəbəkələrdə də çox aktiv qrupumuz var. Seçicilər onlayn olaraq həm müraciət edirlər, həm də onları maraqlandıran suallara cavab alırlar. Problemlər demişkən. Bəzi problemlər var ki, onlar fərdidir. Bəziləri isə, ümumilikdə cəmiyyəti düşündürən məsələlərdir. Biz fərdi məsələlərlə bağlı çalışırıq ki, imkanımız çərçivəsində problemlərin yerində həlli üçün köməklik göstərək. Digər ümümi məsələlər işsizliklə, infrastrukturlarla bağlıdır. Sumqayıtda son 1 ildə görülən işlər demək olar ki, infrastrukturla bağlı əksər problemləri həll edib. Cənab Prezidentin fərmanı ilə Sumqayıtda evlərin böyük bir hissəsinin dam örtükləri yeniləri ilə əvəzlənib. Liftlər dəyişdirilib, küçələr, məhəllələr arası yollar təmir olunub. Su, kanalizasiya, elektrik infrastukturu yenilənib. Bu da insanların infrastruktur problemlərinin əksər hissəsini həll edib.

İşsizliklə bağlı müraciətlərə gəlincə, qeyd etmək istərdim ki, Sumqayıtda böyük sayda gənclər kəsimi var. Onların çoxu yüksək təhsil alıblar. Sumqayıtda yerləşən müəssisələrdə iş təklifi iş tələbindən azdır. Tələbi də qarşılamaq üçün Sumqayıtda yeni müəssisələrin yaradılmasına, xarici investorların cəlb olunmasına tələbat var. Artıq yeni yaradılan Sumqayıt Kimya Sənaye Parkında 9 zavod tikilir. Gələcəkdə görülən işlər nəticəsində bu parkda 10 minə qədər iş yeri yaradılacaq. Əlavə olaraq müxtəlif sahələri xarici investorların gəlişi üçün aktiv danışıqlar gedir. Bu prossesə həm biz, həm də Sumqayıt icra hakimiyyəti qoşulub.  Burada yanaşma iki formadadır. Biri var, insanlar fərdi işlə təmin olunsun. Biri də var ki, kütləvi iş yerləri yaradılsın. Kütləvi iş yerləri yaratmaq üçün investorlar cəlb olunmalı və iri müəssisələr yaradılmalı, yeni texnologiyalar tətbiq olunmalıdır. Mən daha çox ikinci istiqamətə üstünlük verirəm. Mən bir çox xarici investorlarla şəxsən danışıqlar aparıram. Onları Sumqayıta dəvət etmək, yeni-yeni zavodların tikilməsinə təşviq etmək, müxtəlif istiqamətlər üzrə investisiyaların qoyulmasını təmin etmək qarşıda duran əsas məqsəddir. Düşünürəm ki, investorlar cəlb etməklə, Sumqayıtda kifayət qədər iş yerləri açmaq olar və eyni zamanda Sumqayıtı ölkə iqtisadiyyatının mühüm həlqəsinə çevirmək olar.

Digər tərəfdən isə Sumqayıtda çox aktiv formada peşə təhsilinin inkişaf etdirilməsi planlaşdırılır. Bilirsiniz ki, Sumqayıt sənaye şəhəridir. Sənaye şəhərində işləmək üçün isə hökmən ali təhsilli olmağa o qədər də ehtiyac yoxdur. Daha çox mühəndislik və idarəetmə sahələri üzrə ixtisaslaşmış kadrlara ehtiyac var. Dünya təcrübəsi göstərir ki, belə kadrlar isə əslində peşə təhsili məktəblərində formalaşır. Bunlara dar ixtisaslaşmış kadrlar deyilir. Mühəndislər, elektriklər, kimyaçılar və digər ixtisaslara yenidən sahib olmaq üçün çevik əlavə və yenidən təhsil ocaqlarına tələbat var və bu istiqamətdə də iş gedir. Bütün bunlar isə əksər seçicilərin bu gün problem kim gördükləri məsələlərin həllinə hesablanıb.

-Bir az yaxın tarixə ekskurs edək. Siz 1998-ci ildə Xarici İqtisadi Əlaqələr Nazirliyində işləmisiniz. Bu, necə olmuşdu?

-Mənim aldığım ali təhsil ixtisası beynəlxalq iqtisadiyyat üzrə idi. Azərbaycanın Xarici Ticarət Siyasəti üzrə dissertasiya işi yazırdım. Mövzunu daha da dərindən araşdırmaq üçün o zamankı Xarici İqtisadi Əlaqələr Nazirliyində araşdırma aparırdım. İxtisasıma uyğun gəldiyi üçün o zaman maraciət etdim və ixtisasım üzrə Xarici İqtisadi Əlaqələr Nazirliyində Ümumdünya Ticarət Təşkilatına qoşulmaq üzrə işçi qrupda mütəxəssis olaraq çalışdım.

 -Təhsilinizin bir hissəsi xaricdə olub. Xaricdəki təhsillə Azərbaycan təhsilini fərqləndirən başlıca amil nədir? İstəməzdim ki, ümumi danışasınız. Konkret detallarla müqayisə etməyiniz yaxşı olardı. 

-Ümumiyyətlə, xaricdə mənim aldığım təhsil daha çox fokuslanmış təhsildir. Azərbaycanda isə daha çox ümumi təhsil modeli yaradılıb. Hesab edilir ki, tələbə hər şeyi bilməlidir. Tələbə eyni zamanda öz ixtisasına aid olmayan sahələri də bilməlidir. Azərbaycanın təhsil  proqramına baxanda bunu görmək olur. Deyək ki, siz iqtisadiyyat üzrə təhsil alırsınız. Amma eyni zamanda sizə qeyri-profil dərsləri də keçirlər. Azərbaycanda təhsil proqramı çox genişdir.

Biz xaric dediyimiz zaman da çox ümumi danışırıq. Ancaq daha çox ABŞ,  Böyük Britaniya təhsilini deyiriksə, burada konkret sahələr üzrə dar və daha dərin ixtisaslaşmış təhsil modelinə üstünlük verilir. Onu da qeyd etməliyəm ki, xaricdə təhsil yükü kifayət qədər ağırdır, çətindir. Həm ədəbiyyat, həm dərslərin yükü, həm imtahanların keçirilməsi forması baxımından təhsil proqramları yetərincə çətindir. Xaricdə universiteti bitirən zaman konkret sahə üzrə kifayət qədər ixtisaslı mütəxəssis ola bilirsən. Mənim də xaricdə təhsil almaq mərhələsi magistraturadan sonrakı dövrə təsadüf edir. O zaman hesab etdim ki, bakalavr və magistratura üzrə Azərbaycanda təhsil almaq daha doğrudur. Çünki bu zaman həm dünyagörüşü, həm də ümumi biliklər baxımından daha çox bilgilər əldə etmək mümkündür. Bunun doğru olduğuna bu gün də inanıram. Ancaq magistraturadan sonra işlədiyim sahələr tələb etdi ki, daha çox dar ixtisaslaşmaya üstünlük verim. ABŞ-da aldığım təhsil İKT-nin iqtisadiyyata və idarəetməyə tətbiqi sahəsində əldə edilə biləcək uğurların Azərbaycanda tətbiqi ilə bağlı idi. Amma sonra mənim ATƏT Parlament Assambleyasındakı fəaliyyətim  Oksford Universitetində iqtisadiyyatın, diplomatiyanın, beynəlxalq siyasətin inteqrasiyası ilə bağlı daha dərin ixtisasa yiyələnməyi şərtləndirdi.

 -Beynəlxalq siyasət və dünya iqtisadiyyatından söz düşmüşkən. Hazırda dövlətlərarası, güclər arası gizli ya da açıq bir rəqabət gedir. Bu rəqabət bəzən qarşıdurmalara da gətirib çıxarır. Ancaq bir məsələ var ki, buna diplomatik zahiri görkəm verilir, əsl mahiyyət pərdələnir. Siz nə düşünürsünüz? Dünyada nə baş verir?

-Bu gün dünyada 4-cü sənaye inqilabı baş verməkdədir. Buna qədər olan 3 sənaye inqilabı dünyanın tarixini, inkişafını, formasını, dövlətçiliyi, quruluşu, cəmiyyəti dəyişdirə bilib. 4-cü sənaye inqilabının əsas məqsədləri innovate və  idarəetmə üsullarının tətbiqi, qloballaşmanın daha də dərinləşməsi, milli institutların daha da zəiflədilməsidir. Çünki informasiya-kommunikasuya texnologiyalarının inkişafı, insanlar arasındakı əlaqələrin tamamilə yeni bir mərhələyə keçməsi, insanların idarə olunması formalarının dəyişməsi dövlətin və cəmiyyətin qarşısında ciddi çağırışlar yaradır. Bundan başqa, dünyada xoas nəzəriyyəsi deyilən nəzəriyyə var. Bu nəzəriyyənin əsas məqsədi bundan ibarətdir ki, dünyada milli institutlar zəifləsin, insanlar daha çox istehlakçıya çevrilsinlər. Bu məqsəqlə istehlak daim təşviq edilir. Təşviqin əsas forması isə dünyanın müxtəlif bölgələrində xaoslar yaradılmasıdır. Əslində bu nəzəriyyənin bu gün həyata keçirilmələri formalarını Yaxın Şərqdə, Türkiyədə, Ukraynada, Afrika qitəsində və digər bölgələrdə müşahidə etmək mümkündür. Afrika qitəsi tamamilə istehlakçı qitəsinə çevrilib. Konflikt zonalarında qaçqınların Avropaya və digər dövlətlərə axışması dünyanın sabit bölgələrində xaosların yaradılmasına hesablanır. Məsələnin bir tərəfi hərbi-siyasi olsa da, başqa bir tərəfi tamamilə iqtisadi mahiyyət daşıyır. Çünki xaos baş verdiyi ölkədə insanlar daha çox bir şey haqqında düşünürlər: sağ qalmaq, yemək və geyim. Bu zaman insanlar heç bir yaradıcı işlə məşğul olmur, aktiv istehlakçı kütləsinə çevrilirlər. Məhz bu hadisələrin fonunda dünya ölkələri arasında sabitlik, təhlükəsizlik və müstəqillik uğrunda bir mübarizə gedir. Bir çox dövlətlər bu təhlükə ilə mübarizə apara bilirlər, bir çoxları isə tamamilə məğlub olaraq xaosa sürüklənirlər.

“Artıq hərbi və siyasi güc dünyada hegemon olmaq üçün yetərli deyil. İndi eyni zamanda iqtisadi və virtual güc və ədalətli dəyərlər sistemi lazımdır. “

 -Bəs bu güclər əsasən harada qərarlaşıb? Amerika, Avropa, yoxsa Rusiya? 

-Dünyada iqtisadi və siyasi cəhətən güc mərkəzləri var. Əvvəllər dünyanın siyasi və iqtisadi mərkəzləri ABŞ, Avropa Birliyi və Yaponiya idi. Bu gün bu mənzərə bir az dəyişilib. Əvvəlki siyasi-iqtisadi mərkəzlərlə yanaşı, yeni güclər də yaranmaqdadır. İqtisadi cəhətdən Çin iqtisadiyyatı hegemon mövqelərə sahib olmaqdadır. Siyasi və hərbi cəhətdən Rusiya dünyada önəmli rol oynamaqdadır. SSRİ dağılandan sonra dünya müəyyən müddət ərzində təkqütblü formada inkişaf etməyə başladı. Təbii ki, bu gün də dünyada super dövlət Amerika Birləşmiş Ştatlarıdır. Həm büdcəsi, həm iqtisadiyyatı, həm hərbi qüdrəti, həm əhatə dairəsi, həm də siyasi gücünə görə. ABŞ-ın bir nömrəli hegemon dövlət olmasını əsaslandıran şərtlər bunlardır.

Amma bugünkü dünyanın reallığı ondan ibarətdir ki, bu amillər bir çox hallarda hegemonluq üçün kifayət etmir. Artıq hərbi və siyasi güc dünyada hegemon olmaq üçün yetərli deyil. İndi eyni zamanda iqtisadi və virtual güc və ədalətli dəyərlər sistemi lazımdır. Müəyyən qüvvələr virtual gücə sahib olmaq üçün internetin daha da inkişafına nail olmaq istəyirlər. İnternetə müasir yanaşma da maraqlıdır.

Hazırda internet dilindən, dinindən və irqindən asılı olmayaraq 2 milyarddan çox insanı birləşdirir. Dünyada bu sayda insanları birləşdirə biləcək digər qüvvə dindir: islam, xristianlıq və buddizm.  Bir çox teoloji nəzəriyyələr deyir ki, internet Yer kürəsində yeni bir din formalaşdırır. Bəzi teoloji nəzəriyyələr interneti virtual din adlandırırlar. Bu, elə dindir ki, insanlar ani anda bir-birləri ilə əlaqə saxlaya, informasiya qəbul edə bilirlər. Bunun dinin mərkəzi mərkəzi serverlərdir. Bunlar ABŞ-da yerləşir. Bu, dünyanı idarə etmənin bir formasıdır.

-Sualım bir az simvolik olacaq. Bəs bu müasir dinin peyğəmbərləri kimlərdir?

-Müasir dinin peyğəmbərlərləri mərkəzi serverlərdir. Bu serverlər də Amerika Birləşmiş Ştatlarında yerləşir. Zaman-zaman Avropa dövlətləri məsələ qaldırırlar ki, internetin serverləri Avropada və ya digər-ölkələrdə də olsun. Ancaq indiyə qədər buna nail ola bilməyiblər. Burda həm siyasi-iqtisadi, həm də texniki məsələlər var. Əsas məsələ isə budur ki, internet hamımızın həyatını getdikcə əhatə edir. 4-cü sənaye inqilabı bütün idarəetmə formalarının internet üzərində olmasına gətirib çıxaracaq. Artıq bildiyimiz kimi, sürücüsüz avtomobillər, təyyaraələr istehsal olunur. İnsan cəmiyyəti tamamilə yeni bir idarəetmə forması ilə üz-üzədir. Hansı dövlətlər və institutlar daha çevik olaraq bu reallıqlara ayaqlaşa biləcəklərlərsə, onlar daha da güclənəcəklər.

 -Suallara cavab verərkən müşahidə etdim ki, nitqiniz səlisdir. Yəqin ki, bu, çox kitab mütaliə etməkdən irəli gəlir. 

-Ola bilər. Uşaqlıqdan kitab mütaliə etməyə həvəsim olub. Evimizdə 500-dən çox bədii ədəbiyyat nümunəsi var. Həm də məktəb illərində ədəbiyyat müəlliməsi bizdən sərbəst mövzular üzrə inşa yazmağı və sonra onu danışmağı tələb edirdi. Ola bilsin bunların təsiri olub.

 -Sözsüz ki, iqtisadiyyatla bağlı kitablar birincilik təşkil edir. Bəs başqa hansı sahə ilə bağlı kitablar mütaliə etmisiniz?

-Təbii ki, iqtisadiyyat, innovasiyalar ixtisasımla bağlı olduğuna görə, bunlarla bağlı çox kitab oxuyuram. Bununla belə, bədii, tarixi ədəbiyyatlara da çox üstünlük verirəm.

 -Azərbaycan yazıçılarından ən çox kimin əsərlərini oxumusunuz?

-Vaxtı ilə çox oxumuşam. İndi də mütaliə edirəm. Mirzə Fətəli Axundovun əsərlərini çox bəyənirəm. Süleyman Rəhimovun, Anarın da əsərlərini çox sevirəm. Mirzə Ələkbər Sabirin şeirlərini, Cəlil Məmmədquluzadənin əsərlərini təkrar-təkrar oxuyuram.

 -Axundovun “Kəmalüddövlə məktubları” fəlsəfi traktatı birmənalı qarşılanmayan əsərlərdəndir. Bu əsərdə yazılanları qəbul edirsinizmi? 

-Bilirsiniz, Axundovun əsərlərində kifayət qədər dərin fəlsəfi fikirlər var. Zahirən birbaşa məna ilə onları təqdim etmək düzgün deyil. Axundovun əsərlərindən vaxtı ilə sovet hakimiyyəti çox güclü şəkildə ideoloji məqsədlərlə istifadə edib. Bu əsərlər siyasiləşdirib və bir çox hallarda fərqli çalar və izahatlarla cəmiyyətə təqdim olunub. Axundov cəmiyyətə ateist kimi təqdim olunub. Ancaq Axundovu deist adlandırsaq daha düzgün olar.  Axundovun əsərlərində dərin fəlsəfi baxışlar, dərin mənalar var. Eyni zamanda biz Axundovun yaşadığı dövrü göz önünə gətirməliyik. Nəzərə almaq lazımdır ki, fəlsəfi əsərlərin çoxunda heç bir məna birbaşa deyilmir. Bizim bəzən birbaşa qəbul etdiyimiz məsələlərin orada tamamilə başqa, dərin mənaları var. Əslində isə bu əsərdə əsas hədəf cəhalət, insanların Allahı düzgün dərk etməməməsi, xurafat və bu məqsədlərə xidmət edən insanlardır.

 -İqtisadçınız. İqtisadi modellər deyərkən daha çox Karl Marksın sosialist iqtisadiyyatı və Adam Smitin bazar, kapitalist iqtisadiyyatı modelləri göz önünə gəlir. İkisindən birimi üstündür? Yoxsa orta bir xətt götürülməlidir? 

-Mən daha çox idarəolunan liberal iqtisadiyyatın tərəfdarıyam. Hazırda bazar iqtisadiyyatı dünyanın iqtisadiyyatının qarşısında duran problemləri təkbaşına həll etmək iqtidarında deyil. Bütün nəzəriyyələrin hamısı iqtisadi münasibətlərin məqsədini və məğzini izah etməkdən və müxtəlif iqtisadi alətlər təqdim etməkdən ibarətdir. İndi elə bir dövr yaranıb ki, hər hansı bir nəzəriyyə ilə iqtisadiyyatı idarə etmək qeyri-mümkündür. Çünki hazırda iqtisadiyyat çox mürəkkəbdir. Üstəgəl iqtisadi əlaqələr də kifayət qədər inteqrasiya olunub. Yüz il bundan qabaq bir ölkənin milli iqtisadiyyatı  başqa bir dövlətin milli iqtisadiyyatından o qədər də asılı deyildi. Bu gün isə ölkələr dünya iqtisadiyyatına o qədər çox inteqrasiya edilib ki, bir milli iqtisadiyyat o biri milli iqtisadiyyatın tərkib hissəsinə çevrilib. Müasir iqtisadçıların əksəriyyəti iqtisadi münasibətləri tənzimlənməsində qarışıq modelləri üstün tuturlar.

İqtisadi böhran vaxtı şərtlər tələb edir ki, dövlətin iqtisadiyyata müdaxiləsi artsın. Böhran olmayanda isə daha çox liberal iqtisadiyyata üstünlük verilir, dövlət bazardan çəkilir. Ancaq demək ki, böhran vaxtı liberal iqtisadiyyat insanların problemini həll edəcək – bu, belə deyil. Eyni zamanda böhran olmayan zamanlarda dövlətin iqtisadiyyata daha çox müdaxiləsinin insanlara xoş həyat verəcəyini demək də düzgün deyil. Ümumilikdə isə mən hesab edirəm ki, cəmiyyətin inkişafının müxtəlif mərhələrində müxtəlif alətlər toplusundan istifadə edərək iqtisadi inkişafa nail olmaq mümkündür.

 -Manatın dollar qarşısında qiymətinin ucuzlaşması davam edir. Cəmiyyət bunu çox aqressiv qarşılayır. Bu, hardasa normaldır. Amma onu da düşünmək lazımdır ki, bu, qlobal iqtisadi böhranın təzahürləridir. Manat və dollarla bağlı nə baş verir? İstərdim ki, cəmiyyətin verdiyi reaksiyalar fonunda yox, konkret iqtisadi arqumentlərlə bunu əsaslandırasınız. 

-Milli valyutanın kursunu müəyyən edən bir neçə amil var. Bunlardan ən önəmlisi ölkəyə valyuta axınının həcmidir. Bildiyimiz kimi, hər bir ölkənin idxal və ixrac etdiyi məhsullar var. Ölkə ixrac etdiyi zaman məhsullardan valyuta əldə edir. Əldə etdiyi valyuta ilə idxal etdiyi malların dəyərini ödəyir. Sadə desək, sxem belədir.

Ölkəyə valyuta axını azalırsa və ya hər hansı çətinlik yaranarsa, bu, o deməkdir ki, sahibkarlar ölkəyə idxal olunan malların dəyirini ödəmək üçün valyuta tapmaqda çətinlik çəkəcəklər. Məhz bu amil ölkədə milli valyutanın kursuna çox böyük təsir edir.

Dediyiniz iqtisadi böhranın təzahürü olaraq Azərbaycana da valyuta axını azalıb. Neftin qiymətinin bir neçə dəfə aşağı düşməsi ölkəyə valyuta axınını bir neçə dəfə aşağı salıb. Nəzərə alsaq ki, idxalda isə azalma o qədər də deyil, ona görə də, manatın kursuna böyük bir təzyiq yaranıb. Artıq ölkəyə valyuta axını aşağı düşdüyünə və neftin qiyməti ciddi şəkildə azaldığına görə, valyuta kursuna düşən təzyiq ölkədə devalvasiyaya gətirib çıxardı.

Bu gün manata olan təzyiqi aradan qaldırmaq üçün ölkədə qeyri-neft məhsullarının ixracı üçün ciddi işlər görür. Həm müxtəlif dövlət dəstəyi formaları işlənib hazırlanır, həm də xarici investorların cəlb olunması üçün hərtərəfli işlər görülür.

Amma o da bəllidir ki, manata müəyyən bir müddət ərzində bu təzyiq davam edəcək. Bunu aradan qaldırmağın isə 2 yolu var: Birincisi: ölkədə qeyri-neft sektorunda istehsal və ixrac o qədər inkişaf etdirməlidir ki, valyutaya olan ehtiyac azalsın (idxal əvəzetmə ilə) və ölkəyə lazımi miqdarda valyuta axını təmin olunsun. İkincisi: Ölkə valyuta ehtiyatlarından istifadə etməklə, mnatın kursuna düşən təzyiqi aradan qaldırsın. 2-ci yol müvəqqəti yoldur. Çünki daim valyuta ehtiyatlarından istifadə etdiyimiz zaman onlar çox qısa müddətdə tükənə bilər. Tükəndiyi zaman isə dövlətin milli və iqtisadi təhlükəsizliyinə ciddi təhlükə yaranır. Ehtiyatlar tükəndiyi zaman baş verə biləcək hər hansı hadisənin qarşısını almaq üçün ya kimdənsə borc alınmalıdır, ya da xarici mənbələrə müraciət olunmalıdır. Bu isə, ölkənin milli müstəqilliyinə çox böyük təhlükə yaradır. Ona görə də, daha sağlam, daha dayanıqlı,  doğru istiqamət  ölkədə qeyri-neft sektoru inkişaf etdirilməsidir ki, bunu da biz bü gün Azərbaycanda müşahidə edirik . Kənd təsərrüfatının inkişafı ilə bağlı layihələrdə dövlətin çox böyük dəstəyi var. Sənayenin inkişafı ilə bağlı Azərbaycanda çox böyük işlər görülür. Neft kimyası, kimya məhsullarının ixracı ilə bağlı Azərbaycanda kifayət qədər potensial var. Yaxn dövrlər ərzində bu istehsal sahələrini inkişaf etdirməklə, Azərbaycan qeyri-neft sektorunda istehsalı və ixracı artırmaqla, ölkəyə neftdən kənar lazımı valyuta axınını təmin edə biləcək. Bu da manatın kursunun daha dayanıqlı olmasına gətirib çıxaracaq.

 -Bir yandan fikirlər səslənir ki, dünya iqtisadiyyatında neft erası bitir. Digər tərəfdən isə dünya iqtisadiyyatı neft amilinin üzərində qurulub. Yəqin, buna görədir ki, neft ixrac edən ölkələr hasilatı azaltmaq istəmirlər. Bunlar  mənə paradoks kimi görünür. 

-Neftin harada istifadə olunmağına fikir verin. Görərsiniz ki, çıxarılan neftin böyük hissəsi  yanacaq və enerji əldə etmək üçün istifadə edilir. Belə bir fərziyyə var ki, yaxın 20 il ərzində insanlar tamamilə başqa mənbələrdən enerji almağı bacaracaqlar. Bu mənbənin ən böyüyü Günəş enerjisidir. Bu gün Günəş enerjisi ilə işləyən müxtəlif qurğularvar. Günəş enerjisi ilə işləyən avtomobillər, bu enerji ilə elektrikli təchiz olunan və qızdırılan evlər var. Bu istiqamətdə kifayət qədər böyük işlər görülüb. Ən böyük problem isə ondan ibarətdir ki, insan cəmiyyəti Günəş enerjisini akkumulyasiya etməyi bacarmır. Enerji alınır, istifadə olunur. Amma bu enerjini akkumulyasiya edib sonra istifadə etməyi hələ ki, bacarmırıq. Belə bir yanaşma var ki, yaxın 20 il ərzində elm bunu bacaracaq. Elm bunu bacardığı zaman neftə olan tələbat birdən-birə aşağı düşəcək.  Hasilatın azalmamasının səbəblərindən biri də budur.Bu gün ölkələr sahib olduqları bütün nefti bazara çıxarıb satmağa tələsirlər. Məhz buna görədir ki, ABŞ uzun illərdir ki, dondurulmuş yataqları istismara açdı və onu satmağa başladı. Çünki belə bir fikir var ki, yaxın 20 ildə kim nefti daha çox satacaqsa, bu, onun üçün böyük uduş olacaq.

Bununla belə yaxın 20 il ərzində neftin oynadığı rol kifayət qədər böyük olacaq. Ancaq getdikcə alternativ enerji mənbələrinin yaranması, enerjinin istifadə olunması formalarının dəyişməsi neftə olan tələbatı kəskin aşağı salacaq. Belə bir söz var ki, vaxt gələcək insanlar nefti yandırdıqları üçün peşman olacaqlar. Çünki neftin tərkibi o qədər zəngindir ki, neftdən əlavə dəyər yaradacaq xeyli faydalı məhsullar almaq mümkündür.

 -Tahir müəllim, eyni zamanda İKT sahəsi üzrə mütəxəssissiniz. Sualım bu sahə ilə bağlıdır. Azərbaycan dövlətinin və saytların informasiya təhlükəsizliyi lazımi dərəcədə qorunurmu? 

tahir3-İnformasiya təhlükəsizliyi kifayər qədər geniş və mürəkkəb sahədir. Dünyanın ən inkişaf etmiş ölkələri belə haker hücumlarından qoruna bilmirlər. Dünyanın İKT üzrə ən inkişaf etmiş ölkələrində belə görürsünüz ki, kiber hücumlar nəticəsində dərc olunan materialların əldə edilə bilməsi qarşısında ciddi bir tədbir görə bilmirlər. Belə bir yanaşma var ki, informasiya təhlükəsizliyinin məqsədi informasiya resurslarına olan hücumların hamısını dəf etmək deyil. Onun əsas məqsədi bu hücum nəticəsində yaranacaq problemlərdən daha az ziyanla çıxmaqdır. Kiber hücumların müxtəlif formaları var, xarakterləri getdikcə dəyişir, hücumlardan müdafiə olunmaq üçün böyük səy, elmi potensial və vəsait tələb olunur.

Azərbaycanda Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyi fəaliyyət göstərir. Bu agentliyin əsas məqsədlərindən biri dövlətin informasiya ehtiyatlarının təhlükəsizliyini təmin etməkdir. Agentlik tərəfindən həm informasiya ehtiyatları, həm də dövlət informasiya infrasturkturlarının qorunması istiqamətində tədbirlər görülür.

Fərdi informasiya ehtiyatlarının qorunması isə tamamilə fərqli yanaşma tələb edir. Burada kifayət qədər maarifləndirici tədbirlər görülməlidir. İnsanlar özlərinin informasiya təhlükəsizliyini qorumaq üçün müəyyən profilaktik tədbirlər görməlidir. Bir çox informasiya ehtiyatlarından ehtiyatla istifadə etmək lazımdır. Və ya şifrələr daha mürəkəb olmalı və tez tez dəyişdirilməlidir. Bunlar maarifləndirmə tədbirləridir.

Eyni zamanda da özəl sektorda informasiya təhlükəsizliyinin qorunması üçün kifayət qədər işlər görmək lazımdır və buna ehtiyac da var. Çünki informasiya təhlükəsizliyi ilə bağlı problem insanların gündəlik fəaliyyətində də əngəllər ortaya çıxarır. Bilirsiniz ki, bizim gündəlik fəliyyətimizin böyük bir hissəsi informasiya resurslarından asılıdır. İstehsal, xidmət sahələrində fəaliyyət göstərən müəssisələrdə informasiya təhlükəsizliyinə xüsusi fikir vermək lazım. Hesab edirəm ki, bu istiqamətdə görüləsi işlər çoxdur.

“İnsan daxilində azad olmalıdır, nəinki hərəkət və vərdişlərində. Çünki hərəkət və vərdişlər daha çox cəmiyyətin ənənələri və qanunlar ilə formalaşır. İnsan daxildə azad olduğu zaman o daha çox kamil olur.”

-İnternet gündəlik fəaliyyətimizin tərkib hissəsinə çevrilib. Bəs cəmiyyətin, xüsusilə də yaşlı nəslin internetə münasibəti adekvatdırmı?

-Xatırlayırsınızsa, bizlər orta məktəbdə oxuyanda kalkulyatordan istifadəyə qadağa qoyulmuşdu. Yadımdadır ki, riyaziyyat dərsində sinifə kalkulyator gətirmək böyük bir hadisə idi. Müəllimlər buna çox aqressiv yanaşırdı. Bu gün isə sinifdə kalkulyator olması müəllim üçün önəmli deyil. Hər kəsin artıq bir telefonu var.

Ümumilikdə təhsilə yanaşma dəyişməkdədir. Qərb nəzəsiyyəçiləri belə hesab edirlər ki, informasiya resurslarının bugünkü belə bolluğu şəraitində təhsilin əsas məqsədi bilik vermək deyil, bu biliyi hardan tapa bilməsini öyrətməkdir. Misal üçün Google axtarış sistemini göstərirlər. Belə bir yanaşma da var ki, insanların hər hansı bir informasiyanı yadda saxlamağına ehtiyac yoxdur. İnsanlara lazım olan informasiyanı tapmaq üçün onlarda adət və vərdiş yaranmalıdır.

Buna görə də, cəmiyyətlər inkişaf etdikcə, bəlli bir konservativ kəsimin reaksiyaları birmənalı olmur. Ancaq biz daha çox informasiya texnologiyalarının insanlara nələr verməsini düşünməliyik. Bunun bir neçə istiqaməti var. Birincisi informasiya texnologiyaları insanlar arasındakı ünsiyyəti çox asanlaşdırır. Əvvəllər insanlar bir-birini tapa bilmirdilərsə, indi bu, daha asandır. Müasir informasiya cəmiyyətinin əsasında duran amil ideya və vaxtdır. İdeya varsa, inkişaf da var.Əgər vaxta qənaət edirsinizsə, demək ki, inkişafa ximət edirsiniz. İKT-nin əsas məqsədi vaxta qənaət etməkdir. Vaxt isə müasir iqtisadiyyatın əsas dəyər yaradıcı amilidir. Qənaət olunan vaxtı isə yaradıcı işlərə sərf edirik.  Digər bir tərəfdən informasiya-kommunikasiya texnolgiyaları insanlara böyük bir fəaliyyət azadlığı bəxş edir. İnsanlar istədiyi yerdə fikrini ifadə edə bilir, istənilən bir hadisəyə münasibət bildirə bilir. Azərbaycanda əhalinin 75 faizi internetdən istifadə edir. Azərbaycanda internetdə senzura yoxdur, fikir və ideya azadlığı hökm sürür.

Digər tərəfdən informasiya texnologiyaları cəmiyyətin inkişafına böyük təkan verir. Çünki insanların seçim imkanları yaranır. İnsanlar informasiya aldıqları və verdikləri zaman daxili azadlıqlarını inkişaf etdirirlər. İnsan daxilində azad olmalıdır, nəinki hərəkət və vərdişlərində. Çünki hərəkət və vərdişlər daha çox cəmiyyətin ənənələri və qanunlar ilə formalaşır. İnsan daxildə azad olduğu zaman o daha çox kamil olur. İKT hər kəsə daxildə azad olmaq imkanı yaradır. İKT həm də xidmət səviyyəsinin yeni mərhələyə keçməsidir. Bütün bunlar hamısı 4-cü sənaye inqilabının elementləridir. 4-cü sənaye inqilabının əsas mahiyyəti bundan ibarətdir ki, insanlar maksimal cəhətdən fiziki əməyə cəlb olunmamalıdır. Müasir iqtisadiyyat  insanların maksimum şəkildə ağıl və zehni əməyə cəlb edilməsini tələb edir. Fiziki işlər tədricən robotlara veriləcək. Bu da bir çox peşə sahələrinin ölməsinə gətirib çıxaracaq. Belə hesab olunur ki, yaxın 20 il ərzində 4-cü sənaye inqilabından ən çox zərər çəkən peşələr hüquqşünaslıq, mühasibat uçotluğu və müəllimlik olacaq. Çünki artıq bu istiqamətlərdə gələcəkdə robotlar çalışacaqlar. Fikir verirsinizsə, artıq bütün ali təhsil ocaqlarında imtahanlar kompüterlər götürülür və kompüterlər də nəticələri qiymətləndirir.

 ”Bir nəsil sovet ideologiyası təsirində böyüyüb. Gənc nəsil isə 25 il ərzində müstəqillik hissləri ilə böyüyüb. Təbii ki, bu nəsillər arasında uyğunlaşma ən böyük çağırışdır. Azərbaycanda dövlətin ən böyük uğurlarından biri ondan ibarətdir ki, müxtəlif nəsilləri ölkənin mənafelərinə və milli maraqlara xidmət etməyə yönləndirə bilib. Bu, çox böyük uğurdur.”

-Deputat Tahir Mirkişili Azərbaycan cəmiyyətinin məsələlərə münasibət və reaksiyasından razıdırmı? 

-Azərbaycan gənc bir dövlətdir. 25 il ərzində kifayət qədər ağrılı və mürəkkəb proseslərdən keçib. 1990-cı illərin əvvəllərinə baxanda görmək olar ki,o dövr hər bir cəhətdən ağır bir dövr olub. Ulu öndər Heydər Əliyev Azərbaycanı o bəlalardan xilas edib.  Keçən 25 il ərzində Azərbaycan cəmiyyətinin qarşısında duran məsələlərin çoxu həll oluna bilib. Onu da nəzərə almalıyıq ki, ərazimizin bir hissəsi hələ də işğal altındadır. Biz hələ də müharibə təhlükəsi altında yaşayırıq. Hər zaman düşünürük ki, torpaqlar nə zaman azad olunacaq və bizə kimlər hücum edə bilər. Buna görə də, Azərbaycan cəmiyyətinin qarşısında çox böyük çağırışlar var. Eyni zamanda bizim cəmiyyətin tərkibinə baxsaq görərik ki, tamamilə fərqli nəsillərdən ibarətdir. Bir nəsil sovet ideologiyası təsirində böyüyüb. Gənc nəsil isə 25 il ərzində müstəqillik hissləri ilə böyüyüb. Təbii ki, bu nəsillər arasında uyğunlaşma ən böyük çağırışdır. Azərbaycanda dövlətin ən böyük uğurlarından biri ondan ibarətdir ki, müxtəlif nəsilləri ölkənin mənafelərinə və milli maraqlara xidmət etməyə yönləndirə bilib. Bu, çox böyük uğurdur. Həm, siyasi, həm sosial, həm də iqtisadi mənada. Təbii ki, bütün bu proseslərin içərisinə bəzi çatışmayan cəhətlər də var. Bu çatışmazlıqlar bəzən gözləntilərlə bağlıdır. Çünki insanların gözləntiləri fərqlidir. Zamandan asılı olaraq onlar dəyişir. Kimsə özünü və fəaliyyətini uğurlu sayır, kimsə əksinə.  Hesab edirəm ki, proses getdikcə və cəmiyyət dəyişdikcə, qarşıda duran problemlərin çoxu həll ediləcək. Bu gün cəmiyyət dünyada gedən proseslər nəticəsində toparlanaraq harada qənaət edəcəyini, harada inkişaf edəcəyini müəyyən etməkdədir. Biz bu mənada həm də toparlanma dövrünü yaşayırıq. Artıq Azərbaycan cəmiyyətinin yeni modeli qurulur. Bu model daha çox dayanıqlı, böhranlara davamlı olmağı özündə ehtiva edir. İnnovativlik, yaradıcılıq, azad sahibkarlıq, qanunpərəstlik ,bürokratiyanın olmaması və s. Cənab Prezidentin fərman və sərəncamları həm bu dəyərlərin cəmiyyətdə daha da güclənməsinə yönəlib.

 -Analiz etdiniz, çox gözəl. Buna bir söz demirəm. Narazı qalmadım. Amma sizdə bir diplomatik soyuqqanlılıq və diplomatik cavablar verdiyinizi müşahidə etdim. 

 -Bir çox məsələlər bu gün çox həssasdır. Elə məsələlər var ki, burada həssas olmaq lazımdır. Nəzərə almaq lazımdır ki, deyilən fikirlər bəzən başqa formada anlaşıla bilir və başqa istiqamətə yönəldilə bilir. Azərbaycan cəmiyyətin toparlanması və dayanıqlı inkişaf etməməsi üçün Azərbaycana xaricdən kifayət qədər təzyiqlər var. Azərbaycanın bundan da güclü olmamasını istəyən kifayət qədər qüvvələr və dairələr var. Ona görə də ümummilli məsələlərdə soyuqanlı, ama məqsədlərə çatmaq üçün çalışqan və inadkar olmar lazım.

 -ATƏT Parlament Assambleyasının iclaslarında da kifayət qədər tutarlı aqrumentlərlə çıxış edirsiniz. Ümumiyyətlə, ATƏT-in tədbirləri zamanı kuluarlarda nələr danışılır? Mətbuata bəlli olmayan hissələri nəzərdə tuturam. 

-ATƏT dünyanın ən böyük regional təşkilatıdır. Çox böyük bir ərazini əhatə edir. Bəzən deyirlər ki, Vladivostokdan Vankuverə qədər olan əraziləri əhatə edir.

Hesab edirik ki, ATƏT-in regionda sülh, əminamanlıq, etimadın yaratması üçün Azərbaycanın verə biləcəyi töhfələr çoxdur. Dünyəvilik, multikultural dəyərlər və Azərbaycanın enerji və nəqliyyat layihələri ATƏT regionunda sülhə və inkişafa verilən ən böyük töhfələrdir. Azərbaycan eyni zamanda sülhə və təhlükəsizliyə xidmət edən bir məkandır.

Bizim də ATƏT-dən gözlədiyimiz töhfələr var. Bilirsiniz ki, Dağlıq Qarabağ münaqişəsinin həlli ATƏT-ə həvalə olunub. ATƏT-in Minsk qrupu, həmsədrlik institutu bizim etibar etdiyimiz format və qurumdur. Minsk qrupuna 11 ölkə daxildir. Buna görə də ATƏT-də fəaliyyət bizim üçün çox önəmlidir. Amma eyni zamanda ATƏT-in 57 üzvü var. Bu təşkilatdakı nümayəndə heyətləri arasında Azərbaycana etimadın artırılması qarşıda duran ən böyük məqsədimizdir. Azərbaycan son illər ərzində ATƏT Parlament Assambleyasında çox böyük nufuz qazanıb. Azərbaycan Prezidetinin və Azərbaycanın bir ölkə kimi nüfuzu sayəsində keçən seçkilərdə millət vəkili Azay Quliyev ATƏT Parlament Assambleyasının vitse-prezidenti seçildi. Bu, çox böyük göstəricidir. Azay Quliyev səsvermə zamanı ən çox səs toplayan namizəd oldu. Bu, o deməkdir ki, ATƏT dövlətləri içərisində Azərbaycanın çox böyük nüfuzu var. Bu, eyni zamanda Azərbaycan nümayəndə heyətinin keçən illər ərzində gördüyü işlərin və səylərin nəticəsidir. Azərbaycanın mövqeyi daha konstruktivdir, etimad yaratmağa xidmət edir. Təbii ki, hər zaman bizə mane olmağa çalışan qüvvə Ermənistanın nümayəndə heyətidir.

Plenar iclaslarda Ermənistanın nümayəndə heyəti daim provakativ çıxışlar edir, faktlarlı təhrif edirlər. Azərbaycanda baş verən hadisələri iclaslarda tamamilə başqa cür təqdim etmək istəyirlər. Bizim mətbuatda yazılanları iclaslarda tamamilə təhrif olunmuş formada göstərirlər. Bununla da Azərbaycanın imic və nüfuzuna zərər gətirmək istəyirlər. Təbii ki, ermənilərin heç biri çıxışı cavabsız qalmır. Biz də daha kəskin və inandırıcı faktlarla onlara cavablar veririk. Sizə deyim ki, nümayəndə heyətlərinin böyük bir hissəsi də bizim tərəfimizdə olur. Bütün bu çıxışlardan başqa məsələnin görünməyən tərəfləri də var. Siz dediyiniz kimi, kuluarlar, koridorlar, kənarda görüşmələr baş verir təbii ki. Bizim Ermənistan nümayəndə heyəti ilə belə görüşümüz zamanı onların başqa mövqeyinin şahidi oluruq. Ermənistan nümayəndə heyəti şəxsi müzakirələr zamanı bizim arqumentlərin çoxu ilə razılaşırlar. Onların iclaslardakı çıxışı isə Ermənistanın daxili ictimaiyyətinə yönəlir.Məsələn, iclasların birində Ermənistan nümayəndə heyətinin rəhbəri çıxışı zamanı Serj Sarkisyanı ad günü münasibəti ilə təbrik etdi. Və təbii olaraq hər kəsin gülüş hədəfinə çevrildi. Onlar sanki reallıq hisslərini itiriblər. Belə misallar çoxdur.

  -Tahir müəllim, “ASAN Xidmət”, “Elektron İmza”, “Elektron Hökumət”in Azərbaycana gətirilməsində sizin də rolunuz olub. 

tahir-mirkisili09 -“ASAN Xidmət” ölkə Prezidentin İlham Əliyevin ideyası ilə yaradılıb. Ölkə başçısının fərmanından sonra bu qurumun necə fəaliyyət göstərəcəyi, hansı innovasiyalardan istifadə edəcəyi, fəaliyyətində şəffaflığı necə təmin edəcəyi ilə bağlı bir işçi qrup yarandı. Bu qrupun tərkibində mən də var idim. Çox qısa müddət ərzində ilkin fikirlər əsasında “ASAN Xidmət” mərkəzinin fəaliyyət sxemini yaratmağa nail olduq. Bu qurum sıfırdan yarandı. Qısa müddət ərzində əlimizdən gələni etdik ki, xidmət innovative idarəetmə modeli üzərində qurulsun. Bu model həm quruluşu, həm fəaliyyət sxemi, həm də innovativliyinə görə çox uğurlu oldu. İlk mərkəz  cənab Prezidentin verdiyi tövsiyyələr ilə fəaliyyətə başladı. Daha sonra  Səyyar “ASAN Xidmət” avtobuslarının yaradılması ideyası üzərində çalışdıq. Burda da məqsəd qısa müddət ərzində ölkə əhalisini “ASAN Xidmət”in innovativ xidmətləri ilə təmin etmək idi.

Biz düşünürdük ki, “ASAN Xidmət” mərkəzləri yaranada qədər daha çox sayda insanların bu innovate və xidmətlərdən istifadəsi üçün səyyar xidmət avtobusları yaratmaq lazımdır. Ölkə başçısının dəstəyi və tövsiyələri ilə biz bu ideyanın reallaşmasına başladıq. Mən Almaniyada avtobus fabrikində oldum, xüsusi model avtobuslar sifariş olundu. Texnologiyaların bir avtobusda yığılması kifayət qədər mürəkkəb bir proses idi. Avtobuslar hərəkətdə olduğu üçün bu qurğular davamlı və dayanıqlı olmalıdır. Biz çox böyük araşdırmalar apardıq. Nəticədə tamamilə avtonom işləyə bilən bir “ASAN Xidmət” avtobusu yarandı. Həmin avtobuslar Günəş enerjisindən istifadə edir. Orada bütün xidmətlər var. Xidmətdən istifadə edən insanlar çox məmnun idilər. Sonradan bu avtobusların sayı cənab Prezidentinin sərəncamı ilə artırıldı.

Təbii ki, insanlara xidmətlərin ən təkmil mərhələsi bu xidmətlərin Elektron Hökumət üzərindən göstərilməsidir. Elektron Hökumət, Elektron İmza layihələri vətəndaşa xidmət baxımından strateji əhəmiyyət kəsb edir. Bu istiqamətdə də kifayət qədər işlər görülüb və görülməkdədir.

Burda əsas hədəflərdən biri də Elektron Hökumət layihələrinin cəmiyyətdə və iqtisadiyyatda əlavə dəyər yaratması istiqamətinə yönəldilməsidir.

“Əslində cənab Prezdent hələ 2004-cü ildə İKT sahəsi üzrə “Made in Azərbaycan” brendini dəstəkləməyə başlamışdı.”

-Siz özəl sektorda çalışarkən olarkən ölkə başçısı ilə olan bir fotonuz var. Prezidentin əlində noutbuk, siz də ona nəsə məlumat verirsiniz. Nədən danışırdınız?

tahi-rmirkisili-2003-cü ildə məni bir məsələ həddindən artıq çox narahat edirdi. Mənim Rusiyada, keçmiş SSRİ ərazisində kifayət qədər dostlarım var idi. Onlarda belə bir təsəvvür yaranmışdı ki, azərbaycanlılar yalnız ticarətlə məşğul ola bilərlər.  Texnologiyalarla və zehni işlərlər məşğul ola bilməzlər. Bu təəssüratın yaranmasının da səbəbi var idi. Çünki azərbaycanlıların bir hissəsi Rusiyada ticarətlə məşğul idi. Böyük bir kəsim bazarlarda işləyirdi. Mən də bu imicin heç olmasa İKT sahəsində dəyişilməsi haqda çox düşünürdüm. 2003-cü ilə belə  bir ideya yarandı: “Made in Azerbaijan” brendi ilə noutbuk istehsal etmək. Çünki o zamanlar noutbuk texnologiyaların içərisində ən mürəkkəbi və ən müasiri idi. Adını da “Nexus” qoymuşduq. “Next with Us  – Gələcək bizimlə” mənasını daşıyırdı.

Biz çox araşdırma aparmışdıq. Zaman-zaman Hollandiyada, Tailandda, Yaponiyada, ABŞ-da olduq. Təcrübə yığmaqla belə bir texnologiyanı yarada biləcəyimiz qərarına gəlmişdik. İlk Azəraycan modelinin təqdimatını keçirdiyimiz zaman keçmiş SSRİ ölkələrindən 50-ə yaxın jurnalist dəvət etmişdik. Bizim əsas məqsədimiz o idi ki, bu informasiya bütün bu ölkələrə yayılsın. Mənim bir tələbə yoldaşım Rusiyada yaşayırdı. Onu uzun bir zamandır işə götürmürdülər. Özü də İKT mütəxəssisi idi. O hər zaman deyirdi ki, iş üçün İKT şirkətlərinə CV versə də, azərbaycanlı olduğuna görə işə qəbul etmirdilər. Ancaq bizim təqdimatdan sonra tələbə yoldaşımı işə götürmüşdülər. O, böyük sevinclə mənə məktub da yazmışdı. Azərbaycanda noutbuk istehsalını təşkil etdiyimizə, bu informasiyanı hər yerə yaydığımıza görə bizə minnətdarlıq edirdi.

Bu fotonun maraqlı tarixi var. Azərbaycanda 2004-cü ildə milli məhsulların sərgisi keçirilirdi. O zamankı İqtisadi İnkişaf  Nazirliyi bizi də sərgiyə dəvət etmişdi. Təsəvvür edin ki, sərginin bütün məhsulları əksərən kənd təsərrüfatı məhsulları idi. Mən də noutbukların qoyulduğu stendin arxasında kənd təsərrüfatı məhsulları stendlərinin əhatəsində durmuşdum. Cənab Prezident mənim sərgiyə gətirdiyim məhsulları gördüyü zaman çox maraqlandı. Gələcək illərdə də öz qayğısını əsirgəmədi.  Çünki, bu həm yeni, həm də kənd təsərrüfatına aid olmayan bir məhsul idi. İlk Azərbaycan noutbuku idi.Və mən Azərbaycanın  ilk noutbuk modelini cənab prezidentə təqdim etmişdim. Bu foto da bu zaman çəkilmişdi. Əslində cənab Prezdent hələ 2004-cü ildə İKT sahəsi üzrə “Made in Azərbaycan” brendini dəstəkləməyə başlamışdı.

 Çox böyük ehtimal ki, nazirlər və məmurlarla şəxsi münasibətləriniz var. 

-Mən çalışıram ki, hər kəs ilə yaxşı münasibətlərim olsun.  Həm seçicilərin problemləri, həm qanunvericilik sahəsindəki fəaliyyətim zamanı çoxları ilə təmaslarda oluruq. İqtisadi məsələlərin müzakirəsi zamanı hökumətin iqtisadi bloku – İqtisadiyyat Nazirliyi, Maliyyə Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Mərkəzi Bank, Maliyyə Bazarlarına Nəzarət Palatası ilə görüşlərimiz olur. İnnovasiyalar ilə bağlı “ASAN Xidmət” lə görüşlərimiz olur. ATƏT  PA məsələləri üzrə diplomatik korpus və Xarici İşlər Nazirliyi ilə təmaslarımız olur. Sumqayıt İcra Hakimimiyyəti ilə seçicilərin müxtəlif problemlərin həlli, xarici investorların cəlb olunması istiqamətində yaxşı əməkdaşlığımız var. Ümumilikdə münasibətlər qaneedicidir.

 -Maliyyə Bazarlarına Nəzarət Palatası deyərkən növbəti sualım üçün zəmin yaratdınız. Palata yoxsa Mərkəzi Bank? Hansı üstün səlahiyyətlərə malikdir? Bir də, belə bir yanaşma var ki, kimsə kiminsə adamı olduğu üçün qarşı tərəfi proseslərdən kənarlaşdırmaq istəyir. 

-Onlar fərqli və eyni zamanda bir-birilərini tamamlayan səlahiyyətlərə sahibdirlər.

 -Mən kağız üzərində yazılanları yox, de-fakto vəziyyəti  nəzərdə tutdum. 

-Bu gün banklara nəzarət funksiyası Maliyyə Bazarlarına Nəzarət Palatasındadır. Mərkəzi Bankın funksiyası isə tamamilə fərqlidir. Ancaq maliyyə sisteminin sabitliyinə təsir baxımından hər iki qurum bir-birini tamamlayır. Hər iki qurum publik hüquqi şəxsdir.

Azərbaycanda bu gün maliyyə sektorunda olan problemin böyük əksəriyyəti bank sektorunda yaranmış problemlərlə bağlıdır. Bankların sağlamlaşdırılması ilə bağlı Maliyyə Bazarlarına Nəzarət Palatasının üzərinə çox böyük yük düşür. Hesab edirəm ki, onlar da bu istiqamətdə təxirəsalınmaz işlər görmək əzmindədirlər və böyük səy göstərirlər. Burada “kim kimdən üstündür” demək düzgün deyil.

 -Yaxşı, bu funksiyanı Mərkəzi Bank görürdüsə, Palataya nə ehtiyac var idi? 

 Dünyanın bir çox ölkələrində mərkəzi banklar banklara nəzarət funksiyasını həyata keçirmir. Əslində Maliyyə Bazarlarına Nəzarət Palatası dünya təcrübəsindən bəhrələnərək yeni yaradılan bir qurumdur. Belə deyək, Mərkəzi Bankın funksiyaları sadəcə bölündü. Banklara nəzarət funksiyasını bir orqan, digərlərini isə başqa orqan yerinə yetirir. Mərkəzi Bankın əsas məqsədi qiymətlərin sabitliyidir. Bank nəzarətinin əsas məqsədi isə bank sisteminin sabitliyidir.Banklara nəzarət Maliyyə Bazarlarına Nəzarət Palatası  tərəfindən həyata keçirilir. Bu əksər dövlətlərdə belədir .Mərkəzi Bank isə əslində pul siyasətini həyata keçirir.

Hesab edirəm ki, bankların sağlamlaşdırılması istiqamətində çox böyük işlər görülməlidir. Belə bir çağırış hamımızın qarşısında var.

 ”İlk öncə bankları xilas etmək lazımdır ki, iqtisadiyyat inkişaf etsin. Banklardan, bankirlərdən düşmən obrazı yaratmağı doğru saymıram.”

-Bayaq dediniz ki, banklarda problemlər var. Bununla razıyam, amma yenə sual yaranır. Bunun səbəbi nədir? Bilirik ki, Palata yeni qurumdur və banklardakı problemlər də yeni deyil. Siz ittihamı Mərkəzi Bankın üzərinə yönəltmək istəyirsiniz? 

-Məsələlər siz dediyiniz kimi deyil. Burada kimin təqsirkar olması məsələsi müzakirə predmeti deyil. Bir zamanlar Azərbaycanda neft bumu var idi. Ölkəyə böyük miqdarda valyuta axını var idi. Banklar da bu şəraitə uyğun fəaliyyət göstərirdilər. Bu gün isə başqa bir şəraitdə fəaliyyət göstəririk. İqtisadiyyat hər zaman yoxuşlardan və enişlərdən ibrətdir. Hər bir mərhələ iqtisadi subyektlərə müxtəlif cür təsir göstərir. Dünyada baş verən iqtisadi çətinliklər üzündən manatın kursunda devalvasiya baş verdi. İnsanların valyuta ilə qoyduğu depozitlər var. Eyni zamanda bankların valyuta verdiyi kreditlər var. Bu gün insanlar valyuta ilə götürdükləri kreditləri ödəməkdə müəyyən çətinliklər çəkirlər. Bu çətinliklər müvəqqətidir və əminəm ki, bunlar həll olunacaq.

Ancaq Azərbaycanda bankların tamamilə başqa problemləri var. Bütün dünyada banklar şəraitə uyğun olaraq dəyişə bilmədikdə, ya digərləri ilə konsolidasiya olunurlar ya da bağlanırlar. Dəyişdikdə isə fəaliyyətini davam etdirə bilirlər. Yəni, çeviklik əsas şərtlərdən biridir. Ölkədəki bəzi banklarda bu çeviklik təəssüf ki, müşahidə olunmur.

Müasir banklar kredit verdiyi təşkilatın inkişafında maraqlı olmalıdır. Banklar özləri də dəyər yaratmalıdırlar. Sadəcə “pul alıb satmaq” funksiyasının dövrü çoxdan keçib. Azərbaycanın bəzi bankları bu funksiyalara yiyələnməyiblər. Onlar kredit verdikləri zaman sadəcə girov götürməklə işlərini bitmiş hesab ediblər. Amma dünyada bank sektoru belə fəaliyyət göstərmir. Dünyada sağlam banklar maraqlı olurlar ki, kredit almaq üçün təqdim olunan layihələr işlək olsun, bir çox hallarda banklar bu layihələrdə müştərək iştirak edirlər. Azərbaycan bankları içərisində də bu təcrübəyə malik banklar var. Ancaq bunu bütün banklara aid etmək olmaz.

Hesab edirəm ki, bankların dəyər yaradıcı funksiyaları olmalıdır. Ancaq bütün bunlarla yanaşı bankları bu qədər günahlandırmaq düzgün deyil. Çünki banklar iqtisadiyyatın çox önəmli hissəsidir. Bu gün bankları təzyiq altında saxlamaq, bankların bağlanması iqtisadiyyatda çox böyük problemlər yarada bilər. İlk öncə bankları xilas etmək lazımdır ki, iqtisadiyyat inkişaf etsin. Banklardan, bankirlərdən düşmən obrazı yaratmağı doğru saymıram.

Aqşin KƏRİMOV, modern.az

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər