Xəbər verdiyimiz kimi, Milli Məclisə 2024-cü il sentyabrın 1-nə təyin edilmiş növbədənkənar seçkilərlə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən deputatlığa irəli sürülmüş namizədlərin adları açıqlanıb.
sumqayitxeber.com-un məlumatına görə, Mirkişili Tahir Famil oğlunun namizədliyi 43 saylı Sumqayıt ikinci dairəsindən deputatlığa namizədliyi irəli sürülüb.
Tahir Mirkişili 07 iyun 1977-ci ildə Qubadlı rayonunda anadan olmuşdur. 1994-cü ildə Bakı şəhəri 1 saylı fizika-riyaziyyat və informatika təmayüllü litseyi bitirmişdir. Riyaziyyat fənni üzrə Azərbaycan yığma komandasının üzvü kimi beynəlxalq olimpiadalarda iştirak etmişdir. 1994-cü ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq İqtisadi Münasibətlər fakültəsinə daxil olmuş və 1998-ci ildə həmin fakültəni fərqlənmə diplomu ilə bitirmişdir.
1997-ci ildə Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən keçirilən ali təhsil müəssisə tələbləri arasındakı “Ümumrespublika İqtisadiyyat Olimpiadasında” 1-ci yeri tutmuşdur.
2000-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetində beynəlxalq iqtisadiyyat ixtisası üzrə magistr dərəcəsi almışdır. 2004–2008-ci illərdə müxtəlif ölkələrdə İKT İqtisadiyyatının idarəedilməsi üxrə ixtisaslaşmış proqramlar bitirmişdir.
2006-cı ildə “Azərbaycan Respublikasının xarici ticarət siyasəti və onun təkmilləşdirilməsi yolları” mövzusunda namizədlik dissertasiyasını uğurla müdafiə edərək, İqtisad elmləri üzrə fəlsəfə doktoru (Phd) alimlik dərəcəsi almışdır. 1 kitabın və 10-dan çox elmi məqalənin müəllifidir. Yerli və xarici mətbuatda İqtisadiyyat və İnformasiya Kommunikasiya Texnologiyaları ilə bağlı 100-ə yaxın analitik məqaləsi dərc edilmişdir.
2016-cı ildə Oksford (Böyük Britaniya) Universitetinin “Beynəlxalq İqtisadiyyat və Beynəlxalq Siyasət” ixtisası üzrə xüsusi proqramını bitirmişdir.
İngilis, rus və alman dillərini bilir. Ailəlidir, 2 övladı var.
Fəaliyyəti:
Elektron Hökumət quruculuğu üzrə bir sıra uğurlu layihələrin hazırlanmasında və həyata keçirilməsində yaxından iştirak etmişdir (Elektron İmza, Elektron Təhsil, Elektron Kitabxana, Səyyar ASAN xidmət, Eurovision portalı, Elektron İdarəetmə Sistemləri, Kibertəhlükəsizlik və sairə bu kimi layihələr).
1998-ci ildə Azərbaycan Resublikası Xarici İqtisadi Əlaqələr Nazirlyində Ümumdünya Ticarət Təşkilatı üzrə mütəxəssis, 2000–2006-cı illərdə Azərbaycan Dövlət İqtisad Universitetində “Dünya İqtisadiyyatı” fənni üzrə müəllim, 1999–2011-ci illərdə özəl sektorda İnformasiya Kommunikasiya Texnologiyaları sahəsində müxtəlif vəzifələrdə çalışmışdır. 2011-ci ildə Azərbaycan Respublikası İqtisadi İnkişaf nazirinin İnnovasiyalar üzrə müşaviri təyin edilmişdir. 1-ci dərəcəli dövlət qulluqçusudur.
2012-ci ildə İKT də xidmətlərə görə Azərbaycan Prezidenti tərəfindən “Tərəqqi” medalı ilə təltif olunmuşdur.[
2015-ci ildə 42-ci Sumqayıt 2-ci seçki dairəsindən Milli Məclisə deputat seçilmişdir. Milli Məclisin İqtisadi Siyasət, sənaye və sahibkarlıq komitəsinin və Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü olmuşdur. ATƏT Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvü və nümayəndə heyəti rəhbərinin müavini olmuşdur.
ATƏT Parlament Assambleyasının 2017-ci ildə qəbul etdiyi “Multikulturalizm – qloballaşma şəraitində demokratiyanın inkişafında mədəni dəyərlərin rolu” qətnamə layihəsinin müəllifidir.
2020-ci ildə 42-ci Sumqayıt 2-ci seçki dairəsindən yenidən Milli Məclisə deputat seçilmişdir. Milli Məclisin İqtisadi Siyasət, Sənaye və Sahibkarlıq komitəsinin sədridir. ATƏT Parlament Assamblyasında nümayəndə heyətinin üzvü, Avronest Parlament Assamableyasında nümayəndə heyətinin rəhbəri və Enerji Təhlükəsizliyi komitəsinin sədridir.
Türkiyə, Almaniya, Avstriya, Belarus, Birləşmiş Ərəb Əmirlikləri, Böyük Britaniya, Cibuti, İndoneziya, İspaniya, İsveçrə, Kanada, Litva parlamentləri və Azərbaycan Milli Məclisi arasında yaradılan dostluq qruplarının üzvüdür. Azərbaycan-Avstriya parlamentlər arası dostluq qrupunun sədridir.
Yeni Azərbaycan Partiyasının VII qurultayında (5 mart 2021-ci il) YAP İdarə Heyətinin üzvü seçilib.
Müzakirə qapadılmışdır.