“Taksi sürücüləri gündə 14-16 saat işləyirlər” – Tahir Mirkişili

397

Milli Məclisin iclasında son günlər ən çox müzakirə olunan məsələlərdən biri – “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb.

Musavat.com-un xəbərinə görə, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili layihə barədə ətraflı məlumat verib.

Komitə sədri bildirib ki, qanunlara təklif edilən dəyişikliklər Avtomobil nəqliyyatı ilə sərnişin və yükdaşımaları xidmətlərinin istehlakçıların qanuni maraqlarının qorunması, bu sahədə haqsız rəqabət və inhisarçılığım qarşısının alınması, daşımaların təhlükəsizliyinin, əməyin mühafizəsinin təmin olunması məqsədi daşıyır: “Qanun layihələrində həm ölkədaxili, həm də beynəlxalq yük daşımalarına nəzarətin təkmilləşdirilməsi nəzərdə tutulur”.

Tahir Mirkişili qeyd edib ki, mövcud vəziyyətdə “Fərqlənmə nişanı” icazə kimi müəyyən edilsə də, yalnız fiskal alət rolunu oynayır:

““Fərqlənmə nişanı” almaq üçün yalnız verginin, sosial sığorta haqqının və icbari tibbi sığorta haqqının ödənilməsi kifayətdir. Qanunvericilikdə avtonəqliyyat vasitələrinə və sürücülərə dair tələblərin olmasına baxmayaraq, bu tələblər icazə kimi “Fərqlənmə nişanı”nın şərtləri olaraq müəyyən edilməyib. Dövlət orqanları tərəfindən daşıyıcıların vahid uçotu mövcud deyil. Sərnişinlərin təhlükəsizliyinin təmini, onlara qarşı qanunsuz davranışın qarşısının alınması, sürücülərin müvafiq tələblərə uyğunlunun təmin edilməsi mexanizmləri az effektivdir. Taksi Sifarişi Operatorlarının fəaliyyəti ümumiyyətlə tənzimlənmir. Sərnişinlərin fərdi məlumatları, ödəniş kartları haqda məlumatlar, hərəkət trayektorları haqqında bütün məlumat əksər hallarda ölkə xaricinə ötürülür. Taksi sifarişi operatorları əsasən virtual olduğundan onların hansı ölkədə yerləşdiyini, sahiblərinin kim olduğunu bilmək milli təhlükəsizlik baxımından vacibdir. Bakıda təqribən 28 min taksi var, onların 90 faizi bu platformalar üzərindən fəaliyyət göstərir”.

T.Mirkişili bildirib ki, taksi sürücüləri gündə orta hesabla 14-16 saat işləyirlər, qəzaların sayı çox, sürücülərin anlaqsız olması halları artmaqda, sərnişinlərin isə şikayəti çoxalmaqdadır: “Bakıda istifadə olunan taksi gedişlərinin 60 faizi 1.5-3 km məsafə üçün istifadə olunur. İctimai nəqliyyatdan istifadə edən sərnişinlərin sayı durmadan azalır, son bir ildə avtobuslardan istifadə 40% azalıb, metrodan istifadə isə hələ də 2019-cu il səviyyəsinə çatmayıb. Taksi sayının əhaliyə nisbətdə yüksək olması diqqət çəkir. Bu məsələ eyni zamanda şəhər nəqliyyat sisteminin, tıxacların idarəedilməsi üçün ciddi çağırışlar yaradır. Məsələn, İstanbulda taksi sayı üçün kvota var, bu il üçün kvota 17 325 ədəd müəyyən edilib, əhali 15 mln. Bakı 2.4 mln – 28 000, hər 85 nəfərə 1 taksi, İstanbulda hər 865 nəfərə 1 taksi düşür”.

Komitə sədri qeyd edib ki, avtobus hesab edilməyən və taksi olmayan nəqliyyat vasitələri ilə şərnişin daşımaları fəaliyyəti tənzimlənmir: “Daşımalar haqqında tənzimləyici qurumda məlumatlar olmadığından ictimai nəqliyyatın inkişafı ilə bağlı data əsaslı qərarlar qəbul etmək imkan mümkün deyil. İcazə blanklarından istifadə qaydalarının pozulması ilə bağlı normalar olmadığından sui-istifadə hallarının aradan qaldırılması çətinlik yaradır. Daşıyıcıların və sürücülərin peşəkarlıq səviyyəsi mövcud münasibətlər sisteminin tələblərinə uyğun deyil”.

 

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər