“Məni koronavirusdan daha çox, insanların psixoloji gərginliyi, qorxusu, aqressiyası, laqeyidliyi və məsuliyyətsizliyi narahat edir”
Bu sözləri tanınmış vəkil Anar Qasımlı facebook səhifəsində etdiyi paylaşımda yazıb.
sumqayitxeber.com Anar Qasımlının əhaliyə müraciətini təqdim edir:
“Unutmayaq ki, koronavirus milyonlarla xəstəlikdən biridir, müalicə olunandır, tibbi maskalardan istifadə etməklə və məsafə saxlamaqla yoluxma riskindən xilas olmaq mümkündür. Koronavirusa yoluxanların hamısı ölmür, sağalanlar daha çoxdur. Bu xəstəliyi hamı eyni cür keçirmir. Çoxumuz xəstələnib iynəsiz, dərmansız (orqanizmin müqavimət gücü hesabına) sağalmışıq. Ağır xəstəliyi olanlar və bioloji amillərə görə orqanizmin müqavimət gücü zəif olan yaşlı insanlar xəstəliyi daha ağır keçirirlər.
İndi hər kəs əlində silah səngərdə dayanmış əsgər kimi olmalıdır. Kiçik məsuliyyətsizlik, səngərdə yuxulamaq “əsir düşmənizə” və ölümə səbəb ola bilər. Düşmənin sizə etibar edilmiş səngəri ələ keçirməsi arxa cəbhədəkilər üçün də ciddi təhlükədir. Ayıq-sayıq və məsuliyyətli olmaq lazımdır.
Düşünün ki, sizin arsenalınızda olan silah-sursat (tibbi maskalar, spirt) və hərbi nizamnamənin tələblərinə riayət etmək (evdə qalmaq, məsafə saxlamaq) düşmənin başını əzməyə, onun tacını yerə vurmağa kifayətdir. Düşmən sizin qədər şüurlu, ağıllı və yaxşı silahlanmış deyil.
Koronavirusdan qorxmaq lazım deyil, onunla mübarizə aparmaq lazımdır. Özünə inam, məsuliyyət hissi çox önəmlidir. Bütün dünyanı cənginə alan koronavirusu oyun saya bilərsiniz, koronavirus yoxdur deyə bilərsiniz, lakin ehtiyatı əldən vermək olmaz. Yoxdur lap yaxşı, siz səngərdə keşik çəkin, yoxdursa gəlməyəcək. Oyundur, ondan da yaxşı, ayıq-sayıq olun ki, hansısa oyunun qurbanı olmayasınız, anında oyun qaydalarını poza biləsiniz. Koronavirusla oyun oynamaq lazım deyil, yox əgər, oyun oynamaq istəyirsinizsə, oyun qaydalarını özünüz müəyyən edin. Adi paltarda deyil, oyun paltarında oynayın, dəbilqə (tibbi maska) geyinin, zərbə məsafəsindən uzaq dayanın.
İndi hər kəsin qarşısında iki mühüm vəzifə dayanır: yoluxmamaq, yoluxdurmamaq. Yoluxdurmamaq üçün qaydalara riayət etmək lazımdır. Yoluxmamaq hüququnuz ola bilər, amma yoluxdurmamaq vəzifənizdir.
Hər kəs cəmiyyət və dövlət qarşısında vəzifələrini dönmədən, mərdliklə, vicdanla, hətta, şərəf və ləyaqətlə yerinə yetirməlidir.”
Vəkil Anar Qasımlı digər statusunda ÜST-ün nümayəndəsinin Quba rayonuna səfəri zamanı etdiyi paylaşıma da münasibət bildirib: “ÜST-ün nümayəndəsinin alt-üst (ehtiyyatsız) addımı heç kimdə arxayınçılıq yaratmamalıdır. Bu yaxşı nümunə deyil. Nümunəni ən üstdən – Prezident İlham Əliyevdən götürmək lazımdır. O, ən yüksək səviyyədə qorunmasına rəğmən, məsafə saxlayır, tibbi maskadan istifadə edir, hər çıxışında bizi məsuliyyətli olmağa səsləyir”.