“Biz Xocalısız ərazi bütövlüyümüzün, suverenliyimizin tam bərpa olunduğunu hesab edə bilməzdik.”
İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti
Azərbaycan tarixində elə hadisələr var ki, onlar təkcə bir dövrün deyil, bütöv bir xalqın yaddaşını formalaşdırır. Xocalı faciəsi məhz belə hadisələrdəndir. 1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə baş verən bu dəhşətli soyqırımı aktı XX əsrin sonlarında insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi tarixə həkk olundu. İllər keçsə də, Xocalının fəryadı sükuta qərq olmadı – əksinə, tarixi ədalətin bərpası uğrunda mübarizənin əsas sütununa çevrildi.
Ermənistan silahlı qüvvələri keçmiş sovet ordusunun Xankəndidə yerləşən 366-cı motoatıcı alayının iştirakı ilə Xocalıya hücum edərək dinc əhaliyə qarşı misli görünməmiş qəddarlıq nümayiş etdirdi. Şəhəri tərk etməyə çalışan sakinlər Naxçıvanlı və Pircamal kəndləri yaxınlığında pusquya salındı. Qadınlar, uşaqlar, qocalar amansızlıqla qətlə yetirildi, yüzlərlə insan əsir və girov götürüldü. Rəsmi statistikaya görə, 613 nəfər qətlə yetirildi: onların 63-ü uşaq, 106-sı qadın, 70-i ahıl idi. Səkkiz ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini itirdi, 130 uşaq valideynlərindən birini itirdi. 487 nəfər yaralandı, 1275 nəfər əsir götürüldü, 150 nəfərin taleyi isə bu günədək naməlumdur. Bu faktlar təkcə rəqəm deyil — hər biri yarımçıq qalmış bir ömür, yarımçıq qalmış bir taledir.
Xocalı işğal illərində xarabalığa çevrildi. Minlərlə yaşayış evi, məktəblər, kitabxanalar, mədəniyyət ocaqları dağıdıldı, tarixi abidələr və qəbiristanlıqlar vandalcasına məhv edildi. Məqsəd yalnız ərazini işğal etmək deyildi — milli yaddaşı silmək idi.
Ulu Öndər Heydər Əliyev Xocalı soyqırımına dövlət səviyyəsində siyasi-hüquqi qiymət verilməsini təmin etdi. 1994-cü ildə Milli Məclisin qəbul etdiyi “Xocalı soyqırımı günü haqqında” qərar, 1997-ci ildə hər il fevralın 26-da sükut dəqiqəsinin elan edilməsi milli yaddaşın qorunmasına xidmət edən mühüm addımlar oldu. Xocalı faciəsi “Soyqırımı cinayətinin qarşısının alınması və ona görə cəzalar haqqında” BMT Konvensiyasının bütün hüquqi elementlərinə tam uyğun gəlir. Bu, etnik mənsubiyyətinə görə dinc əhalinin qəsdən və sistemli şəkildə məhv edilməsi idi. Məhz buna görə də Xocalı soyqırımı bir sıra ölkələrin parlamentləri tərəfindən tanındı, beynəlxalq təşkilatların sənədlərində öz əksini tapdı. Bu istiqamətdə Heydər Əliyev Fondunun vitse-prezidenti **Leyla Əliyeva**nın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət” beynəlxalq kampaniyası xüsusi rol oynadı. Kampaniya Xocalı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında mühüm tribuna oldu.
2020-ci ildə 44 günlük Vətən müharibəsi ilə Azərbaycan yeni reallıq yaratdı. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu işğal altında olan torpaqları azad etdi. Bu Qələbə təkcə hərbi-siyasi uğur deyil, həm də tarixi ədalətin bərpası idi. Xocalı şəhidlərinin qisası döyüş meydanında alındı.
2023-cü ilin sentyabrında Qarabağda həyata keçirilən lokal antiterror tədbirləri nəticəsində Xocalı separatçılardan tam təmizləndi. Oktyabrın 15-də Ali Baş Komandan, Prezident İlham Əliyev Xocalı şəhərində Azərbaycan Dövlət Bayrağını ucaltdı. Bu an Xocalı tarixində yeni mərhələnin – dirçəliş mərhələsinin başlanğıcı oldu.
Bu gün Xocalı artıq yalnız faciənin deyil, dirçəlişin də simvoludur. Şəhər və kəndlərdə genişmiqyaslı bərpa-quruculuq işləri aparılır, müasir infrastruktur yaradılır. Xocalı Soyqırımı Memorial Kompleksi bu yaddaşın əbədiləşdirilməsi ilə yanaşı, gələcək nəsillərə həqiqətlərin ötürülməsinə xidmət edəcək. Hava limanı, enerji obyektləri, istehsal müəssisələri, yaşayış binaları — bütün bunlar Xocalının iqtisadi və sosial həyatının bərpasının göstəricisidir.
Artıq yüzlərlə ailənin doğma yurduna qayıtması Xocalının taleyində yeni bir səhifə açıb. Bir vaxtlar qan, göz yaşı və fəryadla yazılan səhifələr bu gün zəhmət, quruculuq və ümidlə yenidən yazılır. Xocalıda yanan hər bir işıq, açılan hər bir qapı, səslənən hər bir uşaq gülüşü həyatın qələbəsidir.
Xocalı faciəsi Azərbaycan xalqının yaddaşından heç vaxt silinməyəcək. Bu yaddaş bizim milli şüurumuzun bir parçasıdır, tarix qarşısında məsuliyyətimizdir. Ancaq bu yaddaş təkcə kədər və matəm deyil. Bu yaddaş eyni zamanda müqavimətin, sınmayan iradənin, haqqın gec-tez qalib gələcəyinə olan inamın mənbəyidir. Xocalının taleyi göstərdi ki, zorakılıq və vəhşilik üzərində qurulan yalanlar əbədi ola bilməz.
Bu gün Xocalı azaddır. Bu gün Xocalıda həyat yenidən başlayır. Tarixi ədalət bərpa olunub, yarımçıq qalmış talelərin haqq səsi eşidilib. Şəhidlərin ruhu qarşısında borcumuz yalnız xatırlamaq deyil, həm də qurmaq, yaşatmaq və gələcək nəsillərə həqiqəti ötürməkdir. Xocalının dirçəlişi Azərbaycan dövlətinin gücünün, xalqın birliyinin və sarsılmaz iradəsinin bariz təzahürüdür. Bu torpaq bir daha sübut etdi: yaddaşımız ağrılı olsa da, yolumuz ümidlidir, gələcəyimiz isə qürurludur.
Təbrik Quliyev, Sumqayıt şəhər Ağsaqqallar şurasının sədri, Kimya elmləri üzrə fəlsəfə doktoru, Prezidentin fərdi təqaüdçüsü


Müzakirə qapadılmışdır.