Bəşəriyyət tarixində müəllimin müdrik insanlar arasında həmişə xüsusi yeri olub. Müəllimlik bütün zamanlarda cəmiyyətdə ən yüksək qiymətə layiq peşə sayılıb. Gənc nəslin müstəqil həyata hazırlanması, dünyagörüşünün formalaşması, gələcəyin mütəxəssisinin ilk hazırlığı məhz orta məktəb illərindən başlayır. Cəmiyyət ən əziz, ən qiymətli sərvətini – uşaqları, öz ümidini, gələcəyini məhz müəllimə etibar edir. Respublikamızda müəllim adını şərəflə daşıyan və bütün varlığı ilə təhsilə bağlı olan pedaqoqlar çoxdur. Belə müəllimlərdən biri də ömrünün 65-cı baharını yaşayan Saray qəsəbə 3 nömrəli tam orta məktəbin direktoru, Əməkdar müəllim Təyyibə Hüseynovadır.
Hüseynova Təyyibə Yəhya qızı
T. Hüseynova 1959-cu ildə Zəngilan rayonunda anadan olub. 1978-ci ildə Azərbaycan Dövlət Universitetinin Tarix fakultəsinə daxil olub, 1983-cü ildə isə həmin universiteti fərqlənmə ilə bitirib. İlk iş fəaliyyətinə 1983-cü ildə Sumqayıt Həmkarlar Təşkilatında başlayan Təyyibə Hüseynova 1988-1996-ci illərdə Sumqayıt Təhsil Şöbəsində aparıcı məsləhətçi vəzifəsində çalışıb. 1996-cı ildə Sumqayıt şəhər 11 nömrəli tam orta məktəbdə tarix müəllimi kimi fəaliyyət göstərib. T. Hüseynovanın yüksək peşəkarlığı, müəllimlik sənətinə olan sevgisi, gənc nəslin təlim-tərbiyəsinə göstərdiyi qayğı, bu yolda fədakarcasına çalışması rəhbərlik tərəfindən daim yüksək qiymətləndirilmiş və 2007-cü ildə Saray qəsəbə 3 nömrəli tam orta məktəbin direktoru vəzifəsinə təyin olunub. Yüksək təşkilatçılıq və idarəçilik keyfiyyətlərinə malik olan T. Hüseynova qısa müddət ərzində məktəbi uca yerlərə yüksəltmiş və nümunəvi təhsil müəssisəsinə çevirmişdir.
Azərbaycanın dövlətçilik tarixində müstəsna xidməti olan dahi şəxsiyyət Heydər Əliyev demişdir: “Həyat böyük bir prosesdir. Bu prosesdə iştirak etmək üçün insan müasir tələblərə uyğun olan təhsilə malik olmalıdır. Təhsil də daim təkmilləşməlidir”. Konseptual xarakterli bu tələblərdən irəli gələn vəzifələri əməli fəaliyyətlərində reallaşdırmağa çalışan müəllimlər yaradılan şəraitdən ruhlanaraq təhsilin keyfiyyətini yüksəltmək, istək və arzularını çiçəkləndirməkdən qürur hissi keçirirlər.
2007-ci ildən keçən müddət ərzində məktəbin ömür yolu qazanılan yeni-yeni nailiyyətlərlə yaddaqalan olmuşdur. Müasir tələblərə cavab verən məktəbin maddi-texniki bazası möhtərəm Prezident İlham Əliyevin söylədiyi “Şagirdlər gözəl məktəbdə oxuyacaq, müəllimlər isə gözəl məktəbdə işləcəyəklər” ifadəsinin bariz nümunəsidir. İlk gündən yaradılan gözəl şəraiti qorumaq, daha da zənginləşdirmək və səmərəli istifadə etmək istiqamətində bir ailə səmimiyyəti ilə formalaşan müəllimlər şagirdlərlə qarşılıqlı ünsiyyətlərini yüksək səviyyədə qurmağa müvəffəq olurlar. Məktəbdaxili tələblərin biri, bəlkə də əsası “Gözəl görən, gözəl düşünər” prinsipi üzərində həyata keçirilir.
Həmkarları onu yenilikçi, daim axtarış aparan, təcrübəli və yaradıcı bir pedaqoq kimi tanıyır.
Pedaqoji fəaliyyətlə yanaşı olaraq o, həm də ictimai işlərdə fəal iştirak edir, dövlətin təhsil sahəsindəki siyasətinin reallaşdırılması, təhsil islahatlarının həyata keçirilməsi və yeni pedaqoji təfəkkürün formalaşdırılması sahəsində bacardığı qədər səy göstərir.
Məhz bunun nəticəsidir ki, Təyyibə Hüseynova Prezident İlham Əliyev tərəfindən “Heydər Əliyevin 100 illiyi(1923-2023)” yubiley medalı ilə təltif edilib.
Bəli, hamıya ömründən pay verən bir müəllim ömrünü də beləcə vərəqlədik. Vərəqlədikcə 65 il yaşamış və həyatının 40 ilinə yaxınını Azərbaycan təhsilinə həsr etmiş şərəfli və mənalı bir ömrün şahidi olduq.
Təyyibə xanımı 65 illik yubileyi münasibətilə təbrik edir, uzun ömür, cansağlığı arzulayırıq.
Yusif Oğuz
Müzakirə qapadılmışdır.